Məhkəmə qərarları › İş №e-2-2(115)-55/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-55/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-55/2024 09.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 fevral 2023-cü il tarixli Cavabdeh MMC SHA–HCT/232012 saylı alqı-satqı müqaviləsi öhdəliklərini icra etmədiyinə görə Cavabdeh MMC-dən mal dəyəri olaraq xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı e-qaimə üzrə ödənilməmiş 160402,93 manat və ya müqavilə ekvivalenti üzrə 94354,66 ABŞ dolları dəyərində ödənilməmiş müqavilə dəyərinin, xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 saylı e-qaimə əsasında 160565 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğin (ümumilikdə 320967,96 manat), ödənilmiş 400 manat mediasiya xərcinin və 221 manat dövlət rüsumunun cavadehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, quru tütün məhsullarının satışı istiqamətində 21 fevral 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında SHA–HCT/232012 saylı alqı satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC 2022-ci istehsal mövsümü üzrə topladığı bütün quru tütün məhsullarını xüsusi ixrac qeydi əsasında xarici ölkələrə ixrac edilməsi məqsədi ilə Cavabdeh MMC-yə satmışdır. Cavabdeh MMC müqavilə əsasında mal dəyəri olaraq 271100 ABŞ dolları dəyərində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında göstərilən 1, 2, 3-cü növlərə aid 143 ton qurudulmuş, fermentlənmiş, çeşidlənmiş, qablaşdırılmış tütün məhsulları tam şəkildə Cavabdeh MMC-nin tam öhdəliyinə verilmiş və həmin məhsullar tam şəkildə İddiaçı MMC-nin anbarlarından Cavabdeh MMC-nin səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Mal dəyəri olaraq, cavabdehin elektron vergi kabinetinə malın qəbul periodlarına uyğun şəkildə üç ədəd elektron qaimə göndərilmiş və e-qaimələr cavabdeh tərəfindən qəbul edilmişdir. Bunlar xx.xx.2023-cü il tarixli EBDA seriyalı 759824 saylı 170000 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 257556 saylı 133877,04 manat dəyərində və xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı 160402,93 manat dəyərində mal dəyərini əks etdirən eqaimələrdir. Məhkəməyə təqdim edilən təhvil–təslim aktlarından da göründüyü kimi qeyd edilən iki qaimə üzrə cavabdeh müqavilə şərtlərindən kənar, uzun fasilələrlə ödənişlər etsə də malları qəbul etməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 542778 saylı 160402,93 manat dəyərində qaimə üzrə mal dəyərini ödəməkdən imtina edir. Cavabdeh malları sataraq gəlir əldə etsə də müxtəlif bəhanələrlə müqavilə dəyərini ödəməkdən yayınır. İddiaçı MMC müqavilənin bütün bəndləri üzrə şərtlərə əməl etməklə öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin Cavabdeh MMC qeyd edilən müqavilənin 3.2-ci müddəasını pozmaqla, müqavilə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Müqavilə dəyərinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə bildirişlər verilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə icranı gecikdirmiş ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin icranı gecikdirməsi nəticəsində İddiaçı MMC müqavilə münasibətində olan fermerlərə tütün əkini üçün avans verə bilməmiş, bunun nəticəsində də faktiki müqavilə öhdəlikləri üzrə avans məbləğlərini ödəyə bilmədiyindən, fermerlərə 89822 manat borclu qalaraq, ziyan etmiş, iki ay fərqi ilə cəmiyyətdə çalışan işçilərin 60000 manat dəyərində əmək haqlarını və İddiaçı MMC- yə məxsus istehsalat məntəqəsinin istehsalatla bağlı 10743 manat kommual xərclərini ödəyə bilməmişdir. Bu məqsədlə də yaranmış vəziyyətə görə cavabdehlə danışıqlar aparılmış və cavabdeh mövcud vəziyyətlə bağlı zərəri ödəyəcəyinə vəd vermiş, bu razılıq əsasında dəymiş zərərin ödənilməsinə görə e-qaimə göndərilməsini tələb etmişdir. Bu səbəblə cavabdehin elektron vergi kabinetinə vurulmuş zərərin ödənilməsinə görə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 saylı 160565 manat dəyərində zərər həcmində e-qaimə göndərilmişdir. Cavabdeh tərəf zərər məbləğini qəbul edərək qaiməni təsdiq etmişdir. Göstərilənlərə əsasən cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərinə vicdanlı yanaşmamış, bunun nəticəsində də iddiaçının fəaliyyətinə külli miqdarda faktiki zərər vurmuşdur. İddiaçı və cavabdehin arasında olan alqı–satqı müqaviləsinin 8-ci maddəsinə əsasən - öz öhdəliklərini tam və lazımınca icra etməyən tərəf, digər tərəfə vurduğu zərərə görə qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddia tarixinə cavabdehin öhdəliklərini icra etmədiyinə görə vurduğu faktiki zərər dəyəri 89822 manat (fermerlərə olan borca görə) + 60000 manat (iki ayın əmək haqlarının ödənilməməsinə görə) + 10743 manat (kommual xərclər) olmaqla, cəmi 160565 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehin vergi kabinetinə son olaraq, xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş, pretenziya əsasında da öhdəlik icra edilməmişdir. İş üzrə cavabdeh "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı təşkilat ilə bərabər həmçinin “X17” şirkəti ilə müqavilələri vardı. Həmin şirkətlərin adları fərqli olsa da rəhbərliyi eynidi. İşlərinin spesifikası belədir ki, hər iki şikətlə müqavilə ayrılıqda bağlasalar da razılaşmanı eyni şəxslə edirlər. İddiaçıdan alınan tütün müqabilində tərəflərindən ödənişlər edilmişdir. Digər MMC də müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq tütün anlara təhvil verilməmişdir və onlara verilməli olan mal satılmışdır. Belə ki, “X17” şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli D/S-04/23 nömrəli müqavilə və xx.xx.2023cü il tarixli əlavə 1 (qiymətlərin razılaşdırılması protokolu) üzrə, tərəflərindən xx.xx.2023-cü il tarixində 70000 manat, xx.xx.2023-cü il tarixində 70000 manat və xx.xx.2023-cü il tarixində 35500 manat ümumilkdə 175500 manat ödəniş edilmişdir. MMC tərəfindən 95248,04 manat dəyərində 32957,80 kq-lıq mal təqdim edilmişdir. Cəmiyyətləri tərəfindən ödəniş edilməsinə baxmayaraq, qarşı tərəfdən 80251,96 manat dəyərində mallar təqdim edilməmişdir. Bu səbəbdən də ixracatçısı olduqları müəssisələrə tərəflərindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə (bağlaşmada) göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə Azərbaycanj Respublikası Sahibkarlıq Haqqında Qanunu, “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunları üzrə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. Həmiçinin iddiaçı tərəfin nümayəndəsi mediasiya prosesində eyni zamanda “X17” şirkəti də təmsil etmiş və həmin prosesdə onların nümayəndəsinə tərərflərindən təklif olunmuşdur ki, ödənilən pul müqabilində malı təhvil versinlər, bundan sonra da onlar ödənişlərini tamamlayacaq. Lakin qarşı tərəf onlarla razılaşmamışdır. Qeyd olunan şirkətlərlə bağlı ayrıayrı müqavilələr olsa da faktiki rəhbərlik eynidir. Ona görə də aralarında mediasiya prosesində razılıq əldə olunmadı. “X17” şirkəti onların qarşısında olan öhdəliklərini yerinə yetirmədiyinə və onlar alacağı malı xaricə ixrac edə bilmədikləri üçün Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən müəyyən öhdəlikləri icra edə bilməmişlər. Hazırki etirazlarına əlavə olunan sənədlərdən də göründüyü kimi “X17” şirkəti ödənilən pul müqabilində mal təhvil-təslim işini həyata keçirməmişdir. Bunları nəzəzrə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə vardır, müqavilə üzrə malların hamısı cavabdehə təhvil verilmişdir. Cavabdeh isə malların dəyərinin bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməmişdir. Onlar fermerlər qarşısında öhdəlik götürmüşdülər ki, onlara avans verəcəklər, lakin cavbadeh onlara olan borcunu ödəmədiyi üçün avans verə bilməmişlər. Başqa şəxslərdən borc almaq məcburiyyətində qalmışlar. Belə ki, cavabdeh onların illik istehsallarının hamısını almışdır, lakin ödənişlərini tam etmədikləri üçün onları çətin vəziyyətə salmışdır. Onlar investisorların pullarını ödəyə bilməmişlər, o cümlədən fermerlər onlara qarşı digər məhkəmələrdə iddia qaldırmışlar. Çünki onlar fermerlərə verməli olduqları pulu verə bilməmişlər. Tələb etdikləri zərərin məbləği ilə cavabdeh razı olmuş, onlara zərər vurduğunu şifahi olaraq qəbul etmişdir. Onların verdiyi malın tamamını cavabdeh satmışdır. Onların şirkətin də tütünçülükdən başqa fəaliyyəti yoxdur. Yığılmış tütünü də sata bilmirlər. Vəziyyətdən çıxmaq üçün adi bir fiziki şəxsdən borc götürmüşlər, heç bir bank onlara kredit vermək istəmir. Əmək haqqlarını ödəyə bilmirlər, vergi onların hesbalarını bağlamışdır. İşığa və qaza olan borcu ödəməkdə çətinlik çəkirlər. Dəfələrlə qarşı tərəflə görüş keçirilmiş, danışıqlar aparılmışdır, mediasiya prosesində isə onlardan vaxt istəyiblər, pulu hissə-hissə ödəyəcəklərini bildirsələr də heç bir ödəniş etmirlər.Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X16 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, onlar etiraz ərizəsində də ətraflı öz fikrlərini bildirmişlər. O cümlədən məhkəmənin icraatında olan digər işlə bu işi ayırmaq mümkün deyildir. Həmin iş üzrə qarşı tərəf onların malını təhvil vermir. Həmçinin, qarşı tərəfin dəymiş ziyanla bağlı tələb etdiyi məbləğ borcdan dəfələrlə çox göstərilmişdir. Belə ki, qarşı tərəf qeyd edir ki, fermerlərə pul verə bilməyibər, lakin bu pulun verilməməsi onları hər hansı ziyana salmasını bilmirlər. Maddi ziyan konkret olmalıdır. Hazırkı iş üzrə qarşı tərəf malı onlara təhvil vermişdir. Faktiki səbəblərə görə mal əllərində qalmış, onlar gözlədiyi qazancı əldə edə bilməmişlər. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2023-cü il tarixli SHA-HCT/232012 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protollarında, alış sifarişlərində və/ və ya əlavələrində (bundan sonra əlavələr) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini bu müqaviləyə və/ və ya əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHA-HCT/232012 saylı alğı-satqı müqaviləsinə 1 nömrəli əlavə qiymətlərin razılaşdırılması protokolundan görünür ki, bağlanmış müqaviləyə əsasən mal-materialların dəyərinin 271100 ABŞ dolları məbləğində olması, istidə qurudulmuş 1-ci sort tütün yarpağı 58 ton 1 kq-nın qiyməti 2,10 ABŞ dolları olmaqla məbləği 121800 ABŞ dolları, istidə qurudulmuş 2-ci sort tütün yarpağı 24 ton 1 kqnın qiyməti 1,90 ABŞ dolları olmaqla 45600 ABŞ dolları, istidə qurudulmuş 3-cü sort tütün yarpağı 61 ton 1 kq-nın qiyməti 1,70 ABŞ dolları olmaqla 103700 ABŞ dolları olaraq razılaşdırılmışdır. İş materiallarında olan təhvil-təslim aktlarından görünür ki, İddiaçı MMC-nə məxsus olan “X13” MMC-nin anbarında saxlanılan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 8677,4 kq olan 3-cü növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 13396,8 kq olan 3-cü növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 11486,35 kq olan 1-ci növ, çəkisi 1513,5 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 14340 kq olan 1-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 7884,4 kq olan 1-ci növ, çəkisi 6172,2 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 8794 kq olan 1-ci növ, çəkisi 5106 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 14438,8 kq olan 1-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən çəkisi 13141,6 kq olan 2-ci növ quru tütün, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarına əsasən çəkisi 12870 kq və 13620 kq olan 3-cü növ quru tütün və xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən isə çəkisi 12760 kq olan 3-cü növ quru tütün Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDA seriyalı 759824 nömrəli elektron qaiməyə əsasən 170000 manat, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 257556 nömrəli elektron qaiməyə əsasən 133877,04 manat və xx.xx.2023-cü il tarixli EBDG seriyalı, 542778 nömrəli elektron qaiməyə əsasən isə 160402,93 manat dəyərində malların qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə ötürülümüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə 160565 manat məbləğində alqı-satqı müqaviləsi əsasında dəymiş ziyanın ödənilməsi barədə qaimə ötürülmüşdür. İş materialllarında olan 05 dekabr 2023-cü il tarixli SHT-030/23 saylı maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 21 fevral 2023cü il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı MMC 2022-ci ilin istehsal etdiyi tütün məhsullarının hamısını 271100 ABŞ dolları dəyərində cavabdehə satmış və cavabdeh malları bütünlüklə qəbul etmişdir. Qeyd edilən müqavilə münasibətlərindən cavabdeh müqavilə öhdəliklərini icra etməyərək Cəmiyyətə olan 94354,66 ABŞ dolları (160402,93 manat dəyərində borclu qalaraq, İddiaçı MMC-ni illik gəlirdən məhrum etməklə, Cəmiyyətin istehsal proseduruna zərər vurmuşdur. Qarşılıqlı anlaşma zəminində zərərin könüllü ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli EBDL seriyalı 205240 nömrəli 160565 manat dəyərində zərər həcmində elekrton qaimə göndərilmişdir. Cavabdeh nə borc öhdəliyini, nə də ki, dəymiş zərərin məbləğini ödəməmişdir. Cəmiyyət 2022-ci ilin istehsal mövsümü üzrə fermerlərdən tütün istehsalına yardım məqsədilə müqavilələr bağlamaqla avans vermə öhdəliyi götürmüşdür. Müqavilə münasibətlərində olan fermerlərə 89822 manat üzrə öhdəlik götürdükləri avans məbləğindən gəlir əldə edə bilmədikləri üçün ödənişləri icra edə bilməmişlər və fermerlərə borclu qalmışlar. Bundan əlavə müqavilə üzrə Cəmiyyətə çatacaq vəsaiti ala bilmədiklərindən 60000 manat (iki ayın əmək haqlarının ödənilməməsinə görə) və 10743 manat (kommunal xərclər) üzrə də cari borcları yaranmışdır ki, bütün bu vəsaitləri başqa mənbələrdən borc alaraq, müəyyən qisimdə enerji təchizatı qurumlarından möhlət alaraq saxlamışlar. Bütünlüklə Cəmiyyətin 21 fevral 2023-cü il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyinə görə hazırki vəziyyətə 160565 manat dəyərində zərər etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə X3 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 01 saylı və 02 saylı müqaviləyə əsasən 15 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avansın məbləği 1700 manat, İddiaçı MMC ilə X6 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 03 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avansın məbləği 1700 manat, İddiaçı MMC ilə X10 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 04 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat, İddiaçı MMC ilə X4 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 05 saylı müqaviləyə əsasən 10 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat, İddiaçı MMC ilə X1 arasında bağlanmış 06 fevral 2023-cü il tarixli “Yaşıl tütün məhsulunun yetişdirilməsi və satışı haqqında” 06 saylı müqaviləyə əsasən 15 ha torpaq/əkin sahəsinin 1 ha görə ayrılan avans məbləği 1700 manat təşkil etməklə “Virciniya” tipli tütün toxumunun və ştilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi, yetişdirilməsi və yığımını həyata keçirib tam həcmdə (müxtəlif toxum növlərindən alınan yarpaqları qarışdırmamaq şərtilə) (bundan sonra “Yaş tütün”) sifarişçi İddiaçı MMC-nə satmağı, sifarişçi isə icraçının istehsal etdiyi yaş tütünün müqavilə üzrə müəyyən edilmiş texniki şərtlərə və növlərə uyğunluğunu müəyyənləşdirməyi, tələblərə uyğun olan yaş tütünü qəbul etməyi və qəbul edilmiş yaş tütünün bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “X2” MMC ilə X7 arasında bağlanmış 05 avqust 2023-cü il tarixli 08 saylı borc müqaviləsindən görünür ki, müqaviləyə əsasən borc verən X7 130000 ABŞ dolları məbləğində pul vəsaitini borc alan “X2” MMC-nə müxtəlif vaxtlarda və hissə-hissə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə borc məbləğini hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli SHT-025/23 saylı bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1 və 441.4-cü maddələrinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/ və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, Cavabdeh MMC isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən malların dəyəri ümumilikdə 271100 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya 160402 manat 93 qəpik məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 160402 manat 93 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən vurduğu zərərə görə 160565 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəməyə fermerlərlə bağladığı müqavilələri və hüquqi şəxsin təsisçisinin başqa şəxslə bağladığı borc müqaviləsini təqdim etsə də fermerlərə hansı məbləğdə pul ödəməsi, hansı məbləğdə ödəyə bilməməsi, məhz cavabdehin icranı gecikdirməsi nəticəsinə ödənişləri həyata keçirə bilməməsi ilə bağlı, eləcə də təsisçinin borc alması ilə bağlı iddiaçının ziyana düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 410 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 221,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 221 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun müəyyən hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 229 manat 40 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdehnə arasında bağlanmış 21 fevral 2023-cü il tarixli SHA- HCT/232012 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış 160402 (bir yüz altmış min dörd yüz iki) manat 93 (doxsan üç) qəpik məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 229 (iki yüz iyirmi doqquz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar