Məhkəmə qərarları › İş №e-2-2(115)-568/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-568/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-568/2021 23.09.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddiaçının xeyrinə 11303 manat 57 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və cavabdeh (cavabdehin etibarnamə üzrə nümayəndəsi) arasında bağlanmış 28.03.2018-ci il tarixli 40 saylı müqaviləyə əsasən cavabdeh (Muradxanlı kəndi ərazisində yerləşən) 100 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” (cavabdehin etibarnamə üzrə nümayəndəsi) “İddiaçı”dan, 32526 manat 3 qəpik məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin (cavabdehin etibarnamə üzrə nümayəndəsinin) sifarişi əsasında 100 ha sahədə 3000 manat dəyərində şum, 140 ha sahədə 2520 manat dəyərində rot/mala, 67 ha sahədə 804 manat dəyərində siyid səpini, 42 ha sahədə 588 manat məbləğində çöp doğrama, 100 ha sahədə 1200 manat dəyərində kultivasiya, 94 ha sahədə 940 manat dəyərində dərman səpini, 17500 manat əvvəlcədən avans becərmə su, icarə pulu, 5974 manat 3 qəpik əl yığımı cəmi 32526 manat 3 qəpik məbləğində vəsait xərclənmişdir. Lakin, “Cavabdeh” (cavabdehin etibarnamə üzrə nümayəndəsi) müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da 21222 manat 73 qəpik məbləğində 35233 kq xam-pambıq təhvil verilmiş, bununla da “İddiaçı”ya 11303 manat 57 qəpik məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və kassa məxariс orderləri və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “cavabdeh” (cavabdehin etibarnamə üzrə nümayəndəsi) “iddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində mexaniki səhv olaraq, “cavabdeh X2 iddiaçının xeyrinə 11303 manat 57 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir” qeyd edilmişdir. Ancaq elektron portala daxil edərkən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göstərilmişdir. Odur ki, cavadbehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 11303 manat 57 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdeh tərəfindən pambıq mövsümündə 15607 kq- 10144 manat 55 qəpik məbləğində 1-ci növ xam pambıq; 1092 kq -11785 manat 28 qəpik məbləğində 3-cü növ; 3215 kq-1768 manat 25 qəpik məbləğində 4-cü növ cəmi 20814 kq 13088 manat 08 qəpik məbləğində xam pambıq təhvil vermişdir (xam pambığın təhvili barədə qəbzlər əlavə olunur). Cavabdehlər tərəfindən 32526 manat 3 qəpik xərcə qarşı təhvil verilmiş 13088 manat 08 qəpik məbləğində xam pambığı nəzərə alsaq cavabdehlərin borcu 19438 manat 22 qəpik təşkil edəcəkdir. Qeyd olunanlarla əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiçının xeyrinə 19438 manat 22 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh2 gördüyü bütün işlərə nümayəndəsi kimi Cavabdeh1 imza atmışdır. İddia tələbində 9052 manat məbləğində göstərilmiş xidmətlərə görə pul tələb etsələr də, yalnız 700 manat məbləğində göstərilən xidmətlərlə bağlı sübut əldə edə biliblər. Həmçinin, pambıq istehsalçısının 13088,08 manat məbləğində pambıq təhvil verildiyini iddia etsələr də, həmin məbləğdən əlavə fermerin 8134,65 qəpik məbləğində pambıq təhvildiyi təsdiq edildiyindən, həmin məbləğin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, heç bir müqaviləyə imza atmamış, ona heç bir xidmət göstərilməmiş və pambıqçılıqla məşğul olmamışdır. 23.09.2021-ci il tarixli məhkəmə iclasında isə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirdi, "xxxx" MMC tərəfindən göstərilmiş xidmətlərə görə 9052 manat deyil, 700 manatın nəzərə alınmasını, həmçinin pambıq zavoduna 13088,08 manatdan əlavə 8134,65 manat məbləğində pambıq təhvil verildiyinin nəzərə alınmasını və verilmiş 23474,30 manat məbləğində avansın qəbul etdiyini, bununla da, iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, məhkəmə araşdırması zamanı 700 manat məbləğində xidmət göstərildiyi, 23474,30 manat məbləğində avans verildiyi, həmçinin pambıq istehsalçısı tərəfindən 13088,08 manat deyil, 21222,73 manat məbləğində pambıq təhvil verildiyi sübuta yetirilmişdir. Həmin məbləğlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavadeh Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, digər Cavabdeh2 adından ona verilmiş etibarnamə əsasında "xxxx" MMC ilə müqavilə bağlamışdır. Pambıq zavodu tərəfindən 700 manat məbləğində xidmət göstərilmiş, həmçinin Cavabdeh2 hesabına avans ödənilmişdir. Bunun müqabilində 13088,08 manatdan artıq pambıq zavoda təhvil verilmişdir. Bu işləri rayon icra hakimiyyətinin keçmiş başçısının tapşırığı ilə görmüşdür. Yaranmış borca görə onun heç bir günahı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 28.03.2018-ci il tarixli 40 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 istehsalçı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan İmişli rayonu, Muradxanlı kəndində yerləşən 100 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X4” MMC-yə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı digər məhdud məsuliyyətli cəmiyyətlərinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. İş materiallarında olan maliyyə arayışında “X4” MMC tərəfindən Cavabdeh2 9052 manat məbləğində xidmətlər göstərildiyi, 23474 manat 30 qəpik məbləğində avans verildiyi və fermerin təhvil verdiyi 13088 manat 8 qəpik məbləğində xam pambığın dəyəri nəzərə alınmaqla, cavabdehin qalıq borcunun 19438 manat 22 qəpik təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan 26.08.2018-ci il tarixli aktlardan görünür ki, “X4” MMC tərəfindən Cavabdeh2 məxsus torpaq sahəsində 70 hektarlıq dərmanlama işi görülərək 170 litr yanacaq istifadə olunmuşdur ki, göstərilən xidmətin dəyəri 700 manat təşkil edir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, “X4” MMC tərəfindən Cavabdeh2 hesabına ümumilikdə 23474 manat 30 qəpik məbləğində avans köçürülmüşdür. İş materiallarında olan pambıq qəbulu qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən iddiaçıya ümumilikdə 21222 manat 73 qəpik məbləğində xam pambıq təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans olaraq 23474 manat 30 qəpik məbləğində pul almış, həmçinin iddiaçı tərəfindən cavabdehə 700 manatlıq xidmət göstərilmiş, Cavabdeh2 tərəfindən iddiaçıya ümumilikdə 21222 manat 73 qəpik məbləğində xam pambıq təhvil verilsə də, sonuncu öhdəliklərini tam icra etməyərək, iddiaçıya 2951 manat 57 qəpik məbləğində borcu qalmışdır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2951 manat 57 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı göstərilmiş xidmətlərə görə 9052 manat məbləğində pulun tutulmasını tələb etsə də, yalnız 700 manatlıq göstərilmiş xidmətə dair sübut təqdim etmiş, qalan məbləğə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, yuxarıda sadalanan pambıq qəbulu qəbzlərindən göründüyü kimi, pambıq istehsalçısı olan Cavabdeh2 tərəfindən iddiaçıya 13088 manat 08 qəpik dəyərində deyil, cəmi 21222 manat 73 qəpik dəyərində pambıq təhvil verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, digər Cavabdeh1 iddiaçı qarşısında müqavilə öhdəliyi olmadığından, borcun ondan tutulması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2951 manat 57 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar