Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-570/2025 20.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə “X3” MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdeh “X3” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8940,73 (ƏDV daxil) manat məbləğində əsas borcun və 109,80 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olaraq 9050,53 manat pulun tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Apeks-Agro” MMC ilə “X3” MMC arasında xam pambığın çiyidinin alqı-satqısına dair “25” sentyabr 2023-cü il tarixdə, 110 nömrəli müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı 64670 kq çəkidə pambıq çiyidini cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə qeyd olunan çəkidə pambıq çiyidini qəbul edib və əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşlər. Bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdehə elektron qaimə - faktura əsasında 64670 kq çəkidə xam pambıq çiyidini təhvil vermişdir. Lakin, təhvil verilmiş pambıq çiyidinin dəyərindən hal-hazıradək 8940,73 (ƏDV daxil) manat cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır. Bu kateqoriya işlər üçün pretenziya qaydası nəzərdə tutulduğu üçün, mübahisəni məhkəməyə qədər həll edilməsi və yaranmış borcun ödənilməsi məqsədilə cavabehin ünvanına rəsmi qaydada məktub ünvanlanmış, lakin buna baxmayaraq hal-hazıradək həmin məbləğ cavabdeh tərəfindən ödənilməmiş olaraq qalmışdır.
3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Sübutların tədqiqi
5. İddiaçı MMC ilə cavabdeh “X3” MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli alğı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC alıcının yazılı sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 göstərilən malların alıcıya qaimə-faktura əsasında təhvil verməyi öhdəsinə götürmüş, alıcı isə satıcıya malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür (1). Müqaviləyə əsasən satıcı alıcıya müqavilədə göstərilən malları 05 gün ərzində təqdim etməlidir (2.5). Müqaviləyə əsasən alıcı malların dəyərini X2 uyğun olaraq, təqdim olunmuş hesabfakturaya əsasən ödəməlidir (5.1).
6. 12.09.2023-cü il tarixli 001401 saylı malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC-tərəfindən qiyməti 4569,60 manat olan 16320 kq “Çiyid” cavabdehin nümayəndəsinə təhvil verilmişdir.
7. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən “X3” MMC-yə xx.xx.2023-cü il tarixli 839193 nömrəli qaimə üzrə 4580,83 manat, xx.xx.2023-cü il tarixli 927748 nömrəli qaimə üzrə 4214,48 manat, xx.xx.2023-cü il tarixli 687084 nömrəli qaimə üzrə isə 4726,25 manat məbləğində mallararın, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.
8. 26 dekabr 2024-cü il tarixli 2024/MA nömrəli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə cavabdeh “X3” MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğı-satqına dair müqaviləyə əsasən “X3” MMC-nin Apeks-Agro” MMC-yə 20 noyabr 2024-cü il tarixə 8940,73 manat borcu yaranmışdır.
9. Apeks-Agro” MMC-nin və “X3” MMC-nin direktorları tərəfindən təsdiq edilmiş 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğı-satqı üzrə 29 oktyabr 2024-cü il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC ilə cavabdeh “X3” MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğısatqına dair müqaviləyə əsasən “X3” MMC-nin Apeks-Agro” MMC-yə 29 oktyabr 2024-cü il tarixə 8940,73 manat (ƏDV daxil) borcu yaranmışdır.
10. 28.10.2024-cü il tarixli, 1028/PM nömrəli pretenziyadan görünür ki, cavabdehdən 8940,73 manat borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
III. Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
IV. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə “X3” MMC arasında 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğısatqına dair müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən X1 göstərilən malların “X3” MMC-yə qaimə-faktura əsasında təhvil verməyi öhdəsinə götürmüş, “X3” MMC isə Apeks-Agro” MMC-yə malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin “X3” MMC öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 8940,73 manat (ƏDV daxil) borcu yaranmışdır.
16. Hazırda iddiaçı 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğı-satqına dair müqaviləsi üzrə 8940,73 manat (ƏDV daxil) məbləğində qalıq borcun ödənilməsini tələb edir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
21. İddiaçı eləcə də 109,80 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
22. NB********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, 109,80 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109,80 manat pul cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə cavabdeh “X3” MMC arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğı-satqına dair müqaviləyə əsasən 8940,73 manat (ƏDV daxil) pul cavabdeh “X3” MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
27. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli 2509/23 nömrəli pambıq çiyidinin alğı-satqına dair müqaviləyə əsasən 8940,73 (səkkiz min doqquz yüz qırx manat yetmiş üç qpik) manat (ƏDV daxil) pul cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109,80 (bir yüz doqquz manat səksən qəpik) manat pul cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli