Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-571/2021 09.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X14 oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2950 manat borcun və 20 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20.07.2020-ci il tarixli, 02/00257 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd SR- 2045 markalı taxılyığan kombaynı 2020-ci il taxıl biçini mövsümü ərzində istifadəyə verilmişdir. Borclu üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə 3750 manat öhdəlikdən 800 manat ödəniş edərək 2950 manat borcu qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunverciliyin normalarını pozmuşdur. Borcluya öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X14 oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh müqavilə üzrə 3750 manat öhdəlikdən 800 manat ödəniş etmişdir və nəticədə 2950 manat borcu qalmışdır. Həmin borc ondan tələb edilmiş, lakin ödəniş olmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 izahat verərək bildirmişdir ki, Aqroservisə məxsus kompayından istifadə etmişdir. İstifadəyə görə borcu qalmamışdır. Onun qohumu olan Habil adlı şəxs vasitəsilə borcu nəğd şəkildə tam ödəmişdir. Bunu məhkəməyə dəvət etdiyi şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində bildirmişdir ki, İddiaçı MMC-nin Goranboy nümayəndəliyində mühəndis-mexanik vəzifəsində işləyir, Cavabdeh1 tərəfindən hər dəfə 400 manat olmaqla ümumilikdə 800 manat pul ödənilmişdir, həmin pul da müvafiq sistemdə onun hesabına daxil edilmişdir. Şahid X4 ifadə verərək bildirmişdir ki, cavabdehlə bir yerdə işləmişlər. Özünün minik avtomaşını olduğu üçün Habil adlı şəxs Aqroservisə çatası pulu 2-3 dəfə onunla aparmışdır. O, avtomobildə gözləmiş, Habil binaya daxil olub çıxmışdır. Pul şəxsən öz yanında verilməmişdir. Sadəcə olaraq Habil bildirmişdir ki, pulları müdiriyyətə vermişdir. X2 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 Aqroservisə etdiyi ödənişlər və borclarının məbləği barədə məlumatı yoxdur. X3 ifadə verərək bildirmişdir ki,o, taksi sürücüsü kimi fəaliyyət göstərər, Habil adlı şəxs ondan iki dəfə-bir dəfə 400 manat, bir dəfə isə 600 dollar pulu İddiaçı ASC-nin nümayəndəsi Murad müəllimə verilməsi üçün göndərmişdir. Lakin həmin pulların kimə məxsus olması barədə məlumatı yoxdur. İş materiallarına əlavə olunmuş; 20.07.2020-ci il tarixli, 02/00257 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, 1 ədəd SR-2045 markalı, 561461 şassi nömrəli, A48049 mühərrik nömrəli taxılyığan kombayn 6000 manat dəyəri ödəmək şərti ilə Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. 08 may 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, borclu tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilmədiyindən 20.07.2020-ci il tarixli, 02/00257 nömrəli lizinq müqaviləsi üzrə 2950 manat borcu yaranmışdır. 12.04.2021-ci il tarixli,23/p-474 pretenziya məktubunun surətindən görünür ki, borcluya borcla bağlı xəbərdarlıq edilmişdir. İş üzrə sənədlərdən göründüyü kimi Cavabdeh1 texnikanın təhvil verilən anda saz olması barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən texnikanın saz vəziyyətdə saxlanmasını,vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, həmçinin imza etmiş olduğu iltizama əsasən istismar zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə müddəti bitməmişdən əvvəl təhvil verməməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətrilməsinə çəkilən xərcdən asılı olmayaraq, razılaşmada nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, iş üzrə sübutlarla təsdiq olunur ki, cavabdeh müqavilə üzrə ödəməli olan 3750 manat öhdəlikdən 800 manat ödəniş etmiş, 2950 manat hissə isə ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin borcun tam ödənilmiş olması şahid ifadələri ilə də öz təsdiqini tapmamışdır. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-ci bəndinə (müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir) uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi texnikanın təyinatı üzrə səmərəli istifadəsini,saz vəziyyətdə saxlanmasını,vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstruktiv dəyişiklik edilməsini təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 iddiaçıya 2950 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli, 2950 manat borc borcludan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət e t d i: İddia təmin edilsin. Cavabdeh1 20 iyul 2020-ci il traixli, 02/000257 nömrəli operativ lizinq müqaviləyə əsasən 2950 manat borc və 20 manat dövlət rüsumunun tutularaq İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-571/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-571/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver