Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-573/2025 26.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü il 5 avqust tarixli 08/02828 və 08/02829 operativ lizinq müqaviləsinə əsasən 3230 manat borc, TC-5050 markalı taxılyığan kombayn və 1 ədəd EMT 5 markalı 5 cərgəli qarğıdalı xeyderin tam bərpası üçün hesablanmış 4599,80 manat dəymiş maddi ziyan və 98,30 manat dövlət rüsumu olmaqla, cəmi 7928,10 manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 5 avqust tarixli 08/02828 və 08/02829 nömrəli operativ lizinq müqavilələrinə əsasən, 1 ədəd TC-5050 markalı taxılyığan kombayn və 1 ədəd EMT 5 markalı 5 cərgəli qarğıdalı xeyderi ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən 6480 manat öhdəlikdən 3250 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3230 manat borcu vardır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Həmçinin cavabdehin istifadəsinə verilmiş texnikalar bölməyə təhvil verilərkən baxış keçirilmiş və texnikalara 4590,80 manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə verərək 3230 manat əsas borc və 98,30 manat dövlət rüsumu, cəmi 3328,30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlayıb işlətmək üçün kombayn və qarğıdalı xeyderi icarəyə götürmüş, hər iki texnika üçün 6480 manat pul ödəməli olmuşdur. O, həmin məbləği iddiaçıya ödəmişdir. Ödənişləri həmçinin əlbəəl vermişdir. O, texnikanı təhvil verəndə heç bir nasazlıq olmamışdır, texnikanı sürə-sürə aparıb təhvil vermişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, cavabdeh lizinq ödənişlərini iddiaçının bölməsinin bir işçisinə vermişdir. Həmin işçi polisdə etiraf etmişdir ki, cavabdehdən pulu götürmüşdür. Cavabdeh pulu işçiyə ödəməli deyildi, terminal vasitəsi ilə iddiaçının hesabına ödəməli idi. Cavabdeh 3250 manatı terminal vasitəsi ilə ödəmişdir. Cavabdeh müqavilə üzrə ödənişlərin digər hissəsini onların işçisinə ödəmişdir, ancaq həmin pulu da terminalla ödəyə bilərdi. Faktiki olaraq həmin pulu iddiaçının hesabına ödəməmişdir. Onların işçisinin hüquqi şəxsin adından pul götürmək səlahiyyəti olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, 1 ədəd TC-5050 markalı taxılyığan kombayn və 1 ədəd EMT 5 markalı tam bərpası üçün hesablanmış 4599,80 qəpik dəymiş maddi ziyanı aradan qaldırmış, texnikaları bərpa etdirmişdir. Cavabdeh müqavilə üzrə ödənişi tam ödədiyini bildirsə də 3230 manat borc iddiaçıya ödənilməmişdir. Odur ki, 3230 manat əsas borcun və 98,30 manat dövlət rüsumunun, cəmi 3328,30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024cü il tarixli 08/02828 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-ci il, 36 T 770 dövlət qeydiyyat nömrəli, TC-5050 adlı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 1680 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024cü il tarixli 08/02829 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2019-cu il, EMT-5 adlı bir ədəd qarğıdalı xeyderi xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 4800 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli 08/02828 saylı aktdan görünür ki, buraxılış ili 2014-ci il, 36 T 770 dövlət qeydiyyat nömrəli, TC-5050 adlı 1 ədəd taxılyığan kombayn Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli 08/02829 saylı aktdan görünür ki, buraxılış ili 2019-cu il, EMT-5 adlı 1 ədəd qarğıdalı xeyderi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, mexanizator Cavabdeh 1 ədəd taxılyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, mexanizator Cavabdeh 1 ədad qarğıdalı xeyderi iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il 08/02828 nömrəli müqavilə üzrə olan 1680 manat borcundan 850 manat ödəniş etmişdir. Qalıq borcu isə 830 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il 08/02829 nömrəli müqavilə üzrə olan 4800 manat borcundan 2400 manat ödəniş etmişdir. Qalıq borcu isə 2400 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 05 avqust 2024-cü il tarixli 08/02828 və 08/02829 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilələr bağlanmış, müqavilələrə əsasən 1 ədəd taxılyığan kombayn 1680 manat məbləğində, 1 ədəd qarğıdalı xeyderi 4800 manat məbləğində xx.xx.2024xx.xx.2024-cü il tarix ərzində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, texnikaları lizinq alanın sahiblik və istifadəsinə vermiş, lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Odur ki, iddiaçı müqavilələr üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə yaranmış 3230 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh qalıq borc məbləğini iddiaçının əməkdaşına verdiyini, müqavilə üzrə iddiaçıya borcu qalmadığını bildirmişdir. İş materiallarından görünür ki, cavabdehin istifadəyə götürdüyü texnikalar üzrə müqavilədə nəzərdə tutulmuş məbləğlərini tam olaraq iddiaçıya ödəməsi, onun iddiaçıya borcunun qalmaması sübut olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 98,30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də 98,30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 08/02828 və 08/02829 nömrəli lizinq müqavilələri üzrə 3230 (üç min iki yüz otuz) manat borc və 98 (doxsan səkkiz) manat 30 (otuz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-573/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-573/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver