Məhkəmə qərarları › İş №e-2-2(115)-577/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-577/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-577/2021 24.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC-nin 15 oktyabr 2019-cu il tarixli, 006495 nömrəli aktı ləğv etməklə iddiaçı barədə hesablanmış borcun silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə Gəncə Kommersiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 3309 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddət əvvəl onlara "xxxx" ASC tərəfindən xəbərdarlıq təqdim edilərək 3309 manat borclarının olduqlarını bildirib. Həmin akta nəzər yetirdikdə onlara məlum olub ki, guya sayğac sxemendən kənar xətt var, sayğacın çıxışına çevrici quraşdırılıb, çevricinin digər tərəfinə isə kənar xətt qoşulmuşdur. Çevrici qoşulan zaman sayğac dövriyyədən kənarlaşdırılır və obyektə elektrik enerjisindən sayğacsız istifadə edilir. Həmin akt "xxxx" ASC tərəfindən birtərəfli qaydada akt tərtib edilmiş, özləri imzalamış, bununla bağlı maraqlı şəxs olaraq onlara heç bir məlumat verilməməyərək qanunsuz akt tərtib etmişlər. Bundan əlavə bununla bağlı hər hansısa bir maddi sübutda (foto şəkil, video görüntüsü və s.) mövcud deyildir. Abonentin nümayəndəsi qismində Məmmədov A. qeyd edilib. Lakin onların müəssisənin belə bir nümayəndəsi yoxdur. Əgər belə hal ola bilsəydi belə cavabdeh tərəf onların iştirakı ilə bunu araşdırmalı və onların iştirakı ilə akt tərtib etməli idilər. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, akt qanunsuz olaraq tərtib edilmişdir. Akta əsasən obyektə yazılan 3309 manat borc tamamilə əsassızdır. Akt yazılarkən təmsil etdiyi tərəfin nümayəndəsi dəvət olunmayıb. Aktada nümayəndə kimi göstərilən Məmmədov A adlı şəxsi tanımırlar. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini, yoxlama zamanı aşkar edilən qüsur ilə əlaqədar borc hesablandığını bildirmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 27 aprel 2019-cu il tarixli, 023768 nömrəli aktın surətindən görünür ki, "xxxx" MMCyə məxsus olan obyektdə olan sayğaca baxış keçirən zaman qüsur kimi sayğacın “A” – fazasının giriş sıxacının əridiyi qeyd olunmuş və sayğacın dəyişdirilməsi tələb kimi qeyd edilmişdir. 25 sentyabr 2019-cu il tarixli, 006495 nömrəli aktın surətindən görünür ki, "xxxx" MMC-yə məxsus obyektdə olan sayğaca baxış keçirən zaman qüsur kimi kənar xəttdən istifadə edildiyi , sayğacın çıxışına çevrici quraşdırıldığı, çevricinin digər tərəfinə isə kənar xətt qoşulduğu qeyd olunmuşdur. Çevrici qoşulan zaman sayğac dövrədən kənarlaşdırılır və obyektə elektrik enerjisindən sayğacsız istifadə edilir. Həmin akt əsasında verilmiş 05 oktyabr 2020-ci il tarixli texniki sahə üzrə tələblərə dair icra vərəqəsinin qərar hissəsindən görünür ki, sərfiyyat olaraq (7.7 kvt x 12 saat x 365 gün)-3547 kvts= 30179 kvts qeyd edilmiş və tarif 0.09 manat olmaqla 2716,11 manat borc hesablanmışdır. **********31026 abunə nömrəli abunə haqqında saldodan göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən aylar üzrə sərfiyyata uyğun olaraq ödənişlər edilmişdir. Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdiriliməsi üzrə tərtib olunmuş 03 oktyabr 2019-cu il tarixli, 195458 nömrəli aktın surətindən görünür ki, 25 sentyabr 2019-cu il tarixli, 006495 nömrəli əsasən sayğacın sxemi yoxlanılmış və möhürlənmişdir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki pozuntu baş verdiyi halda və bunun əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, enerjinin əvəzini ödəmək öhdəliyini daşımalıdır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sayğacdan kənar xəttin olması istehlakçının təqsirli hərəkətidir. Lakin, sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sayğacdan kənar xəttin olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İşin hallarından göründüyü kimi 25 sentyabr 2019-cu il tarixli yoxlama nəticəsində sayğacdan kənar xəttin olması aşkar edildiyi göstərilmişdir. Aktda istehlaççının nümayəndəsi kimi “Məmmədov A” yazılmışdır. Adı və ata adı göstərilməyib. "xxxx" MMCnin rəhbəri və ya işçisi, yaxud digər səlahiyyətli şəxsi olması göstərilməyib. Halbuki aparılan yoxlama zamanı sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı mütləqdir. "xxxx" ASC-nin əməkdaşları 25 sentyabr 2019-cu tarixli, 006495 nömrəli aktı tərtib edərkən istehlakçının nümayəndəsinin iştirakını təmin etməli olduqları halda etməmişlər. Aktda o da göstərilir ki, yoxlama nəticəsində aşkar edilmiş qüsur aradan qaldırılmışdır. Buradan qənaətə gəlmək mümkündür ki, kənar xətt olduğu halda və ondan istifadə ləğv edildikdən sonra, yəni elektrik xətti sayğaca qoşulduqdan sonrakı aylarda istehlakçı tərəfindən istifadə edilən enerjinin həcmində kəskin artım müşahidə edilməli idi. Lakin, sayğac üzrə akt tərtib edildikdən əvvəlki dörd ay, yəni 2019-cu ilin may, iyun, iyul,avqust və sonrakı dörd ay, yəni oktyabr,noyabr dekabr, 2020-ci ilin yanvar ayı üzrə istifadə edilən enerji sərfiyyatını müqayisə edərkən müəyyən olunur ki, 2019-cu ilin may, iyun, iyul,avqust ayları ərzində 219,6 manat dəyərində, oktyabr,noyabr dekabr və 2020-ci ilin yanvar ayı ərzində isə 216 manat məbləğində enerjidən istifadə edilmişdir. Göründüyü kimi, sonrakı aylarda 3,6 manat az enerji sərf olunmuş, artım deyil, azalma baş vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələb üzrə iddiaçı cavabdehin 25 sentyabr 2019-cu il tarixli yoxlama nəticəsində hesablanmış borcu mübahisələndirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. Mübahisənin qanuni həlli üçün ən mühüm məsələlərdən biri də odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 02.02.2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının» 8.34-cü maddəsinə əsasən, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Araşdırmalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanının 25.09.2019-cu il tarixdə həyata keçirdiyi hərəkətlər mövcud qaydalara, norma və prinsiplərə zidd olaraq aparıldığından onun nəticələri qanuni sayılmır. Qanuni sayılmayan nəticə ləğv edilməlidir. Belə ki, “X1 qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. “Elektroenergetika haqqında” 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən iddia edilən 3309 manat məbləğində borcun "xxxx" ASC tərəfindən 25 sentyabr 2019-cu tarixli, 006495 nömrəli akta əsasən hesablanmış 2716,11 manat hissəsi abonentin hesabından silinməlidir. İddia tələbinin qalan hissəsinin əsaslı olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 25 sentyabr 2019-cu il tarixli, 006495 nömrəli akt əsasında hesablanmış 2716,11 (iki min yeddi yüz on altı manat on bir qəpik) manat borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar