Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-58/2025 11.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış 307 saylı müqavilənin ləğv edilməsini, Cavabdeh 5571,59 manat əsas borc, 4748,47 manat faiz borcu və 925,79 manat cərimə borcun, İddiaçı MMC məxsus lizinq obyektinin bərpasına üçün tələb olunan 1560 manat maddi ziyan və 128,42 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 12934,27 manat məbləğində pulun İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) (lizinq alan) arasında xx.xx.2023-ci il tarixdə 307 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 307 saylı “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri qəbul etmişdir. xx.xx.2021-cü il tarixli 307 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan” -nın sifarişi ilə «Chevrolet Cruze» markalı avtomobil 18000 (on səkkiz min) manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 25% hesablanmaqla 33 aylıq müddətə hər hər ay sabit məbləğ olmaqla 716,26 manat, ümumilikdə isə 23636,49 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Öhdəlik ötürülməsi” müqaviləsinin və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş Lizinq ödənişlərini ödəməlidir. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.10% hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Lizinq alan ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini etməmişdir. xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən «Chevrolet Cruze» markalı, **-PX-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin yeri müəyyən edilərək cəmiyyətlərinə təhvil verilmişdir. Avtomobili təhvil alan zaman müəyyən olunmuşdur ki, avtomobilə ciddi ziyan dəymişdir. Daxili lizinq müqaviləsinin 4.2.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektini daim saz və istismara yararlı vəziyyətdə saxlamalıdır. Avtomobil təhvil alınan zaman yararsız vəziyyətdə və evakuatorun köməyi ilə duracağa gətirilmişdir. Müstəqil ekspert X2 tərəfindən xx.xx.2023cü il tarixdə tərtib olunmuş qiymətləndirmə aktına əsasən «Chevrolet Cruze» markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 1560 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: daxili lizinq müqaviləsi, daxili lizinq müqaviləsinə Əlavə Razılaşma, ödəniş cədvəli, nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə akt, nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanla bağlı rəy, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin olaraq İddiaçı MMC ilə X4 arasında 307 nömrəli 16 dekabr 2021-ci il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı MMC ilə Cavabdeh (VÖEN: ********** ) (lizinq alan) arasında xx.xx.2023-ci il tarixdə 307 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 307 saylı “Daxili Lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri qəbul etmişdir. İlkin olaraq bağlanmış xx.xx.2021-cü il tarixli 307 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan”-nın sifarişi ilə “Chevrolet Cruze” markalı avtomobil 18000 (on səkkiz min) manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 25% hesablanmaqla 33 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 716,26 manat, ümumilikdə isə 23636,49 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 25 iyun 2023-cü il tarixli müstəqil sığorta eksperti-X2 tərəfindən tərtib olunmuş müstəqil ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilə 1560 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini, həmçinin lizinq obyektini saz və işlək vəziyyətdə saxlamasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ödəniş qrafikinə əsasən aylıq ödənilməli pul məbləğini ödəməmiş, eyni zamanda lizinq obyektindən istifadə nəticəsində lizinq verənə zərər vurmuşdur. İddiaçı iddia ərizəsində cavabdehdən 5571,59 manat əsas borc, 4748,47 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alanın maliyyə arayışının tərtib olunduğu 05 iyun 2024-cü il tarixə əsas borc üzrə 5971,59 manat, faiz borcu üzrə 4748,47 manat borcu qalmışdır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, **- PX-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil İddiaçı MMC tərəfindən təhvil alınmışdır. Göründüyü kimi lizinq obyekti olan “Chevrolet Cruze” markalı avtomobil 20 iyun 2023-cü il tarixdən lizinq alanın istifadəsində və sahibliyində olmamışdır. Bu səbəbdən də məhkəmə tərəfindən lizinq obyekti olan “Chevrolet Cruze” markalı avtomobilin cavabdehin sahibliyi və istifadəsindən alındığı 20 iyun 2023-cü il tarixə olan borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli 9/129 nömrəli rəyi ilə Cavabdeh xx.xx.2023-cü il tarixə 763,83 manat əsas borcu, 661,20 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, lizinq obyekti olan “Chevrolet Cruze” markalı avtomobil 20 iyun 2023-cü il tarixdən faktiki olaraq lizinq alanın sahibliyində və isitifadəsində olmadığından iddiaçı maliyyə arayışının tərtib edildiyi 05 iyun 2024-cü il tarixə olan əsas və faiz borcunu tələb etməkdə haqlı deyildir. Mötəbərliyi şübhə doğurmayan 03 mart 2025ci il tarixli 9/129 nömrəli ekspert rəyinə əsasən cavabdehin 763,83 manat əsas borcu, 661,20 manat faiz borcu müəyyən olunduğundan, iddia tələbinin əsas və faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 05 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan tərəfindən 20 fevral 2024-cü il tarixdə 100 manat əsas borcdan ödəniş edilmişdir. Ekspert rəyində isə cavabdehin əsas və faiz borcu 20 iyun 2023-cü il tarixə hesablanmışdır. Ona görə də ekspert rəyində həmin tarixdən sonra ödənilmiş 100 manat nəzərə alınmamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən tutulmalı olan əsas borc məbləği 663,83 manat təşkil edir. Ona görə də 663,83 manat əsas borc və 661,20 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış 307 saylı müqavilə ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək ödəniş cədvəli ilə müəyyən edilən lizinq ödənişlərini vaxtı-vaxtında ödəməmişdir. Müqavilə tələbləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddiaçı 04 fevral 2023cü il tarixli öhdəliklərin ötürülməsi haqqında əlavə razılaşmanın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilərək İddiaçı MMC ilə Cavabdeh arasında 04 fevral 2023-cü il tarixdə bağlanmış 307 saylı müqavilə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin kredit razılaşması üzrə 925,79 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 40 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin lizinq obyektinin bərpası üçün tələb olunan 1560 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.1-ci bəndinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya bu müqavilə üzrə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və lazımi qaydada yerinə yetirmədikdə təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldə çıxmış faydanı tam həcmdə ödəməlidir. İş materiallarında olan avtomobilə vurulmuş ziyanla bağlı tərtib olunmuş müstəqil ekspert rəyindən görünür ki, avtomobilin tam bərpası üçün çəkilən xərclərin dəyəri 3540 manatdır. Lakin iddiaçı öz iddia ərizəsində 1560 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya 1560 manat maddi ziyan vurulmuşdur. Bu səbəbdən həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 50,26 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 78,16 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli 9/129 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyinin tədqiqat dəyəri 100 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında 04 fevral 2023-cü il tarixli 307 saylı müqavilə ləğv edilməli, Cavabdeh 663,83 manat əsas borc, 661,20 manat faiz borcu və 40 manat cərimə borcu, İddiaçı MMC-yə məxsus lizinq obyekti olan “Chevrolet Cruze” markalı avtomobilin bərpası üçün tələb olunan 1560 manat maddi ziyan olmaqla, cəmi 2925,03 manat məbləğində pul və 49,25 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında 04 fevral 2023-cü il tarixli307 saylı müqavilə ləğv edilsin. Cavabdeh 663,83 manat əsas borc, 661,20 manat faiz borcu və 40 manat cərimə borcu, İddiaçı MMC məxsus lizinq obyektinin “Chevrolet Cruze” markalı avtomobilin bərpası üçün tələb olunan 1560 manat maddi ziyan olmaqla, cəmi 2925,03 manat məbləğində pul və 49,25 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 79,17 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-58/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-58/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver