Məhkəmə qərarları › İş №e-2-2(115)-580/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-580/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-580/2020 29.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məxsus 1964 manat 24 qəpik məbləğində pul vəsaitin, iddia ərizəsini məhkəmə icraata qəbul edən tarixədək hesablanmış dəbbə pulu, habelə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutaraq “xxxx” MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2009-cu il tarixdə 4 saylı X3 rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Şirkətin əsas fəaliyyəti alkoqollu və alkoqolsuz içkilərin istehsalatı və satışı üzərində qurulmuşdur. Bu günə kimi atdıqları hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışlar. “xxxx” MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin 1.1-ci bəndinə əsasən alıcı Cavabdeh satıcı “xxxx” MMC-dən aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.1ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi alınmaqla ödəyir. Lakin alıcı Cavabdeh aldığı məhsullara dair ödənişi vaxtıvaxtında etmədiyinə görə ümumillikdə satıcı- “xxxx” MMC-yə 1964 manat 24 qəpik manat borcu yaranmışdır. Alıcının sonuncu ödənişi xx.xx.2019-cu ildə 200 manat məbləğindəetmiş, ondan sonra satıcı tərəfindən dəfələrlə yaranmış borcun ödənilməsi tələb olunsa da alıcı ödənişi etməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 6.5-ci bəndinə əsasən alıcı tərəfindən məhsulun faktura dəyərini bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş müddətdə ödənilməsi gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0.1% miqdarında, gecikdirilən günlərin sayı 30 gündən artıq olduqda isə 31-ci gündən başlayaraq hər gecikdirilən gün 0.2% miqdarında dəbbə pulu ödəməlidir. Yaranmış 1964.24 manat məbləğində borc dəbbə pulu nəzərə alınmadan, yalnız məhsulun alışından yaranan borcdur.İş məhkəmə müstəvisində həll olunarsa satıcı alıcıdan dəbbə puluna tələb edəcəkdir. Daha sonra iddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehin “xxxx” MMC-yə yaranmış əsas borca görə 1964 manat 24 qəpik, məbləğin ödənilməsinin gecikdirilməsinə görə 1944 manat dəbbə pulu habelə 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/558 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı qaimə fakturada göstərilən malları alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində onun dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Qaimə sənədlərinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 1964 manat 24 qəpik dəyərindən artıq mallar göndərilmişdir. xx.xx.2020-ci il tarixli hesabatın surətindən görünür ki, Cavabdeh qalıq borcu 1964 manat 24 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçı “xxxx” MMC-dən 1964 manat 24 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini icra etməmişdir. Pretenziya məktubundan görünür ki, “xxxx” MMC cavabdehəalqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1964 manat 24 qəpik əsas borc, 30 manat cərimə borcu, cəmi 1994 manat 24 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Beləki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələbirəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğin də dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1964 manat 24 qəpik əsas borc, 30 manat cərimə borcu, cəmi 1994 manat 24 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar