Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-580/2022 18.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdeh «Real Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 04 yanvar 2018-ci il tarixli, 02/18 saylı alqı-satqı müqaviləsinə əsasən 56621.12 manat, ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş 400 manat, ümumilikdə 57021.12 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkar fiziki şəxs X6 ilə Cavabdeh MMC ilə 04 yanvar 2018-ci il tarixli, 02/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən satıcı alıcıya ərzaq və təsərrüfat mallarını satmalı, alıcı isə malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməli idi. Müqavilənin şərtlərinə onun tərəfindən əməl olunsa da qarşı tərəf icrasından yayınmışdır. Belə ki, elektron qaimə əsasında müəyyən edilmiş ödənişlər ona tam olaraq ödənilməmişdir. Şirkətin hal-hazırda ona 56621.12 manat ödənilməmiş əsas borcu vardır. Tərtib edilmiş cədvəldən də göründüyü kimi, elektron qaimələrdə göstərilən məbləğlərin hər üçünün ƏDV-ləri ödənilmiş, EAAX 781382 saylı qaimənin əsas məbləğindən 23287.81 manat, digərlərinin isə əsasları bu günə kimi ödənilməmişdir. Şirkətin qanuni təmsilçisi X2 dəfələrlə pulun ödənilməsi üçün müraciətləri nəticəsiz qalmışdır. Bununla bağlı 31 yanvar 2022-ci il tarixdə cavabdehə pretenziya qaydasında müraciət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X4 məhkəməyə etiraz göndərərək, tərəflər arasında imzalanmış müqaviləyə əsasən göstərilmiş xidmətlər 2018-ci ilin yanvar-dekabr aylarını əhatə etməklə əldə edilmiş bütün malların ödənişi həyata keçirilmişdir. 2018-ci ilin dekabr ayında eyni məbləğdə həm 28 dekabr, həm də 29 dekabr tarixlərində elektronqaimələr vurulsa da, həmin dövr bayram günlərinə təsadüf etdiyinə görə müəssisədə iş günü olmamış və elektron-qaimələr avtomatik olaraq təsdiq edilmişdir. Eyni zamanda həmin qaimələr üzrə Mülki Prosessual Məcəllənin müddətlə bağlı iddia müddəti də keçib. İddia ərizəsində göstərilən yalnız EAAX 781382 saylı qaimə üzrə müəssisənin 23287.81 manat hissədə borcu qəbul edirlər. Digər hissədə borc tələbi əsassız və müddət axını bitdiyindən rədd edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh «Real Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: 04 yanvar 2018-ci il tarixli, 02/18 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində X5, alıcı qismində «Real Service” Məhdud Məsuliyyətli Cəmiyyəti iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə əvvəlcədən razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə imzalandığı gündən 31 dekabr 2018-ci ilə kimi qüvvədədir. İş materiallarında olan qəbzin surətindən görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. 29 yanvar 2022 -ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, EAAX 781382 saylı qaimədən görünür ki, cavabdehin 23287.81 manat borcu vardır. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 04 yanvar 2018-ci il tarixli, 02/18 nömrəli müqaviləyə əsasən satıcı X5 malları alıcıya verməyi, alıcı «Real Service” Məhdud Məsuliyyətli Cəmiyyəti isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Nəticədə həmin alqı-satqı müqaviləsi üzrə 56621.12 manat borc yaranmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2018-ci il tarixli, EAAO 774291 №-li və xx.xx.2018-ci il tarixli, EAAO 797300 saylı elektron qaimələrdə satılan mallar üzrə iddia müddəti keçmişdir. Həmin məbləğ 33.333.31 manat təşkil edir. Bu barədə cavabdeh yazılı etirazında qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 04 yanvar 2018-ci il tarixli 02/18 saylı alqı-satqı müqaviləsinə əsasən 23287,81 (iyirmi üç min iki yüz səksən yeddi manat səksən bir qəpik) manat və 400 manat mediasiya xərci olmaqla, 23687,81 (iyirmi üç min altı yüz səksən yeddi manat səksən bir qəpik) manat pul tutularaq X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 04 yanvar 2018-ci il tarixli 02/18 saylı alqı-satqı müqaviləsinə əsasən 23287,81 (iyirmi üç min iki yüz səksən yeddi manat səksən bir qəpik) manat və 400 manat mediasiya xərci olmaqla, 23687,81 (iyirmi üç min altı yüz səksən yeddi manat səksən bir qəpik) manat pul tutularaq X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-580/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-580/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver