Məhkəmə qərarları › İş №e-2-2(115)-592/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-592/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-592/2024 14.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 17736,31 manat məbləğində pulun, habelə 144 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC (Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir) ilə (bundan sonra "İddiaçı") sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında (bundan sonra "Cavabdeh")bağlanmış 083/2020 nömrəli 01 dekabr 2020- ci il tarixli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən (müqavilə əlavə edilir), İddiaçı Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli elektron qaimə və əmtəə nəqliyyat qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 20.959,93 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə 3.223,63 manat pul ödəmiş, qalıq 17.736,31 manat isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 17.736,31 manat borcu mövcud olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu göndərilmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq hesab edirik ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdehdən İddiaçının xeyrinə 17736,31 manat məbləğində pulun, habelə 144 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı sonuncu dəfə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş və hal hazırda cavabdehin borcu 14934,80 manat təşkil edir. Odur ki, cavabdehdən 14934,80 manat və 144 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatında vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir və bununla bağlı iddia tələbləri azalmışdır, hal hazırda cavabdehin borcu 14934,80 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, ödənişlərini vaxtı-vaxtında etmişdir. O bu neçə ay ərzində ödənişlərini edərək böyük miqdarda borcunu azaltmış və ödəməyə davam edir. Bu səbəbdən onların onu məhkəməyə vermələri gözlənilməz oldu. Bu yaxınlarda istəyirdi yenə də sement alsın, ancaq ona demişlər ki, borcu 8000 manata qədər azaltmaldır. Ancaq ondan sonra sement təhvil verəcəklər. Onu məhkəməyə verən vaxt aylıq 300-400 manat ödəyirdi və bundan sonra da ödənişlərini edəcəkdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr, əmtəə-nəqliyyat qaimələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2020-ci il tarixli, 083/2020 nömrəli müqaviləyə əsasən satıcı Norm sement məhsullarını alıcıya sataraq onun satış ünvanına çatdırmağı, alıcı isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən alıcı əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 iş günü ərzində satıcıya tam ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin imzaları təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli malların əmtəə-nəqliyyat qaimələri ilə mallar cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 14934,80 manat borcu yaranmışdır. Eyni zamanda Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında iddia ərizəsində qeyd olunan məbləğdə borcunun olmasını qəbul etmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, əmtəə-nəqliyyat qaimələri, elektron qaimələr və cavabdehin izahatı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 14934,80 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan əmtəənəqliyyat qaimələri və cavabdehin izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılmaq üçün 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 144 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14934,80 manat məbləğində borc, 144 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14934,80 manat məbləğində borc, 144 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar