Məhkəmə qərarları › İş №e-2-2(115)-595/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-595/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-595/2025 05.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli operativ lizinq müqaviləsinə əsasən 840,00 manat borcun, 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3600,00 manat borcun, 1 ədəd AG-T5 N markalı qarğıdalı xeyderinin tam bərpası üçün hesablanmış 2974,80 manat dəymiş maddi ziyanın və 95,00 manat dövlət rüsumunun - cəmi 7509,80 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 2 sentyabr tarixli 02/03523 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn və 2024-cü il 1 avqust tarixli 03/02467 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AG-T5 N markalı qarğıdalı xeyderi ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 6480,00 manat öhdəlikdən 2040,00 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4440,00 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bundan başqa, lizinq alanın 2024-cü il 1 avqust tarixli 03/02467 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş AG-T5 N markalı qarğıdalı xeyderinə baxış keçirilmiş və nəticədə texnikaya 2974,80 məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin qarğıdalı xeyderinin işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, AG-T5 N markalı qarğıdalı xeyderinintam bərpası üçün - cəmi 2974,80 manat dəymiş maddi ziyan hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.5-ci və 2.2.6-cı maddələrinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanılmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini və icazəsiz konstruktiv dəyişiklik edilməməsini, texnikaya qəza və təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyd-şərtsiz öz üzərinə götürür.

3. Tərəflərin mövqeyi

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. İddiaçının nümayəndəsi X2 iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 2 sentyabr tarixli 02/03523 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn və 2024-cü il 1 avqust tarixli 03/02467 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AG-T5 N markalı qarğıdalı xeyderi ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən 6480,00 manat öhdəlikdən 2040,00 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 4440,00 manat borcu vardır. Bundan başqa, lizinq alanın 2024-cü il 1 avqust tarixli 03/02467 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2020-ci il, AG-T5 N markalı bir ədəd xeyder qarğıdalı xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 4800 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir.

8. Həmin müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq (100% olaraq) ödəməyi öhdəsinə götürmüşdür.

9. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürür.

10. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 1680 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə Cavabdeh istifadəyə verilmişdir.

11. Həmin müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq (100% olaraq) ödəməyi öhdəsinə götürmüşdür.

12. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyrişərtsiz üzərinə götürür.

13. 06 yanvar 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 01 avqust 2024-cü il tarixli 03/02467 lizinq müqaviləsi üzrə 3600 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 4800 manat, ödənilib 1200 manat. Qalıq borc: 3600 manat.

14. 08 yanvar 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02 sentyabr 2024-cü il tarixli 02/03523 lizinq müqaviləsi üzrə 840 manat qalıq borcu vardır. Müqavilə barədə məlumat: müqavilə məbləği 1680 manat, ödənilib 840 manat. Qalıq borc: 840 manat.

15. AG-T5N markalı qarğıdalı xeyderinin saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilə əsasında müvəqqəti olaraq onun istifadəinə verilmiş AG-T5N markalı qarğıdalı xeyderinin saz vəziyyətə gətirilməsinə ümumilikdə 2974,80 manat sərf edilmişdir.

16. 02 sentyabr 2024-cü il tarixli iltizamlardan görünür ki, Cavabdeh 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli müqavilə əsasında istifadəyə götürdüyü 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüş, istifadə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüşdür.

17. 01 avqust 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilə əsasında istifadəyə götürdüyü texnikanın (buraxılış ili 2020-ci il, AG-T5 N markalı bir ədəd xeyder qarğıdalı) iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüş, istifadə müddəti bitdikdən sonra texnikanı saz və dəst halda təhvil verməyi öhdəsinə götürmüşdür.

18. 03 sentyabr 2024-cü il tarixli 02/03523 saylı aktdan görünür ki, buraxılış ili 2014cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn Cavabdeh ümumi saz vəziyyətdə təhvil verilmişdir.

19. 05 avqust 2024-cü il tarixli 03/02467 saylı aktdan görünür ki, buraxılış ili 2020-ci il, AG-T5N markalı qarğıdalı xeyder Cavabdeh ümumi saz vəziyyətdə təhvil verilmişdir.

20. 16 dekabr 2024-cü il tarixli aktdan görünür ki, buraxılış ili 2020-ci il, AG-T5N markalı qarğıdalı xeyderdə nasazlıq (sağ balta nasaz və bıçaqları yoxdu, sağ dayaq xə xizək yoxdur, sol baltanın özü və bıçaqları nasazdır) olmasını aktı imza edən tərəflər, təhvil verən X4 və təhvil alan X3 təsdiq etmişdir.

21. 29 dekabr 2024-cü il tarixli pretenziyadan görünür ki, 3600 manat gecikdirilmiş borc məbləğinin və 5638,20 manat hesablanmış zərər, olmaqla cəmi 9238,20 manat pulun tez bir zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

22. 08.01.2025-ci il tarixli pretenziyadan görünür ki, 840 manat gecikdirilmiş borc məbləğinin və 1845 manat hesablanmış zərər olmaqla, cəmi 2685 manat pulun tez bir zaman ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı

“... lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”.

IV. Məhkəmənin mövqeyi

a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

25. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

26. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 markalı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 1680 manat məbləğində və 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasə isə buraxılış ili 2020-ci il, AG-T5 N markalı bir ədəd xeyder qarğıdalı xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 4800 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinqə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir.

28. Hazırda iddiaçı 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli lizinq müqaviləsi üzrə 840 manat, 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli lizinq müqaviləsi üzrə isə 3600 məbləğində qalıq borcun ödənilməsini tələb edir.

29. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

30. Mülki Məcəllənin lizinq haqqında ümumi müddəalarının tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

31. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi təşkil edir.

32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. 06 yanvar 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 01 avqust 2024-cü il tarixli 03/02467 lizinq müqaviləsi üzrə 3600 manat qalıq borcu vardır.

35. 08 yanvar 2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 02 sentyabr 2024-cü il tarixli 02/03523 lizinq müqaviləsi üzrə 840 manat qalıq borcu vardır.

36. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) zərərin əvəzinin ödənilməsi ilə bağlı

37. İddia ərizəsində iddiaçı 2974,80 manat dəymiş maddi ziyanın da cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Tərəflər arasında bağlanmış 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilənin 2.2.8-ci bəndinə əsasən istifadəçi bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda istifadəyə verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürür.

39. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

40. İş materiallarında olan 16 dekabr 2024-cü il tarixli aktdan görünür ki, buraxılış ili 2020-ci il, AG-T5N markalı qarğıdalı xeyderdə nasazlıq (sağ balta nasaz və bıçaqları yoxdu, sağ dayaq xə xizək yoxdur, sol baltanın özü və bıçaqları nasazdır) olmasını aktı imza edən tərəflər, təhvil verən X4 və təhvil alan X3 təsdiq etmişdir. AG-T5N markalı qarğıdalı xeyderinin saz vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilə əsasında müvəqqəti olaraq onun istifadəinə verilmiş AG-T5N markalı qarğıdalı xeyderinin saz vəziyyətə gətirilməsinə ümumilikdə 2974,80 manat sərf edilmişdir.

41. Tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğundan asılı olmayaraq özgənin əmlakının zədələnməsinə və ya məhv edilməsinə görə zərərin əvəzinin ödənilməsi qanundan irəli gələn tələbdir. Yəni cavabdehin texnikanı saz vəziyyətdə saxlamaq öhdəliyinin müqavilədə göstərilməsindən asılı olmayaraq o, iddiaçının əmlakına zərər vurmuşdursa onun əvəzini ödəməyə borcludur.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Həmin Məcəllənin 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür.

43. Göründüyü kimi texnika nasaz vəziyyətdə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş və iddiaçı xx.xx.2025-ci il tarixdə, yəni qanunda nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmədən dəymiş zərərin əvəzinin ödənilməsilə bağlı məhkəməyə müraciət etmişdir.

44. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə dəymiş zərərin əvəzini iddiaçıya ödəməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı, elecədə 95 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və iş materiallarına əlavə edilmiş qəbzə əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 112,39 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,15 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

49. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli nömrəli müqavilə üzrə 840 manat borc, 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilə üzrə 3600 manat borc və 1 ədəd AG-T5 N markalı qarğıdalı xeyderinin tam bərpası üçün hesablanmış 2974,80 manat dəymiş maddi ziyan olmaqla, cəmi 7414,80 manat pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

50. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. 02 sentyabr 2024-cü il tarixli 02/03523 nömrəli müqavilə üzrə 840 manat borc, 01 avqust 2024-cü il tarixli 03/02467 nömrəli müqavilə üzrə 3600 manat borc və 1 ədəd AG- T5 N markalı qarğıdalı xeyderinin tam bərpası üçün hesablanmış 2974,80 manat dəymiş maddi ziyan olmaqla, cəmi 7414,80 (yeddi min dörd yüz on dörd manat səksən qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,15 (doxsan dörd manat on beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar