Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-60/2021 11.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli,10 nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən təhvil alınmış malların ümumi dəyəri olan 78 890 manat məbləğində əsas borcun, 49 549,20 manaaat məbləğində dəbbə pulunun və 394,45 manat məbləğində cərimə pulunun, ümumilikdə 128 833,65 manat məbləğində pulun və 30 manat ödənilmiş rüsumun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixdə “nəqliyyat vasitələrinin təkər, akumulyator və sürtkü yağlarının alğı-satqısı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı qaiməfaktura əsasında təkər, akumulyator və sürtkü yağlarını alıcıya verməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.Tərəflər arasında xx.xx.2017ci il tarixli müqavilə imzalanan gün satıcı tərəfindən alıcıya ümumi dəyəri 78 890 manat məbləğində müxtəlif cür mallar təhvil verilmişdir. Həmin mallar alıcı tərəfindən qəbul edilmiş və elektron qaimə ilə təsdiq olunmuşdur. Müqavilənin 2.3 və 5.6-cı maddələrinə əsasən alıcı təhvil aldığı malın dəyərini 45 iş günü müddətində satıcıya ödəməli, əks halda gecikdirilmiş hər gün üçün təhvil verilmiş malların ümumi dəyərinin 0,1% məbləğində dəbbə pulu və malın ümumi məbləğinin 0,5% məbləğində birdəfəlik cərimə ödəməlidir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iclasda nümayəndəsi iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: EAAH seriyalı, 163653 nömrəli, xx.xx.2018-ci il tarixli elektron qaimənin surətindən görünür ki, ümumi dəyəri 78 890 manat olan mal “xxxx” MMC-yə təhvil verilmişdir. “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 010 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qaimə-faktura əsasında təkər, akumulyator və sürtkü yağlarını alıcıya verməyi, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdü Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 010 nömrəli alğı-satqı müqaviləsinə əsasən hazırki iş üzrə iddiaçı olan müqavilə üzrə “satıcı” «xxxx» MMC malların satılmasını, cavabdeh “xxxx” MMC isə alınmış malların əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddia ərizəsində 49.549,20 manat dəbbə pulunun və 394,45 manat cərimənin, ümumilikdə 49 943,65 manat cərimə pulunun tutulması irəli sürülmüşdür. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən hesab edir ki, irəli sürülmüş tələb üzrə qətnamə qəbul edilərkən iddia tələbi həcmində qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 78 890 (yetmiş səkkiz min səkkiz yüz doxsan) manat borc, 9549,20 (doqquz min beş yüz qırx doqquz manat iyirmi qəpik) cərimə borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 78 890 (yetmiş səkkiz min səkkiz yüz doxsan) manat əsas borc, 9549,20 (doqquz min beş yüz qırx doqquz manat iyirmi qəpik) cərimə borcu, ümumilikdə 88439.20 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-60/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-60/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver