Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-60/2023 24.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə yaranmış 9582 manat gecikdirilmiş əsas borc və 3717.94 manat cərimə borcunun, eləcə də xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3472 manat gecikdirilmiş əsas borc və 1201.31 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi: 18,473.25 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 9582.00 (doqquz min beş yüz səksən iki) manat gecikdirilmiş əsas borcu və 3717.94 (üç min yeddi yüz on yeddi manat, 94 qəpik ) manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472.00 (üç min dörd yüz yetmiş iki) manat gecikdirilmiş əsas borcu və 1201.31 (bir min iki yüz bir manat, 31 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçıya məhkəmə iclasının keçirilməsininin yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, lizinqə götürdüyü kombayn işlənmiş kombayn olmuşdur. Həmin kombayn hazırkı müasir kombaynlara nisbətdə köhnə olduğuna görə tələbat olmadığından işlədilməsi mümkün olmamışdır. Həmin texnikanın qaytarılması ilə bağlı ərizə ilə müraciət etmişdir, lakin müraciət nəticəsiz qalmışdır. Ona görə də iddianı həmin hissədə qəbul etmir və götürdüyü digər texnikanın qalan borcunu ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, ümumi məbləği 29 938 manat olan kənd təsərrüfatı texnikası (SK-5ME-1 markalı taxılyığan kombayn) Cavabdeh 1550 manat ilkin dəyəri ödənilmək şərti ilə lizinqə verilmişdir. xx.xx.2016-cı il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə razılığa gəlmiş, yeni ödəniş qrafiki tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli lizinq müqaviləsinin surətindən görünür ki, ümumi dəyəri 10525 manat olan kənd təsərrüfatı texnikası ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə Cavabdeh lizinqə verilmişdir. Müqavilələrin 4.2-ci bəndinə lizinq alanın ödəniş qrafikinə əsasən ödənişi bir dəfədən artıq yerinə yeritmədiyi halda gecikdirilən hər günə görə 0,1% həcmində cərimə hesablanması qeyd edilmişdir. xx.xx.2014-cü il tarixli texnikaların təhvil qəbulu barədə aktlardan görünür ki, texnikalar(Belarus-892 markalı traktor və AG-14-4, 4 gövdəli kotan) saz vəziyyətdə nizamlanmış və kompelekt halda qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli texnikaların təhvil qəbulu barədə aktlardan görünür ki, texnikalar (SK-5ME-1 markalı kombayn) nizamlanmış və kompekt halda qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh borcu xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 9582 manat əsas borc və 3717.94 manat cərimə olmaqla, cəmi borc 13299.94 manat, xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə isə 3472 manat əsas borc və 1201.31 manat cərimə olmaqla, cəmi 4673.31 manat təşkil edir. xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış tələblə bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli, MSG/1-04582 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya zamanı 200 manat xərc çəkilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi yardım göstərilməsi ilə bağlı 300 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı "xxxx" ASC xx.xx.2020-ci il tarixdə Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Kommersiya Məhkəməsinini xx.xx.2020-ci il tarixli, e-2-2(115)-296/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 17648 manat əsas borc, 200 manat cərimə olmaqla, cəmi 17848 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən "xxxx" ASC xx.xx.2020-ci il tarixdə ona qarşı iddia qaldırmaqla istifadə haqqını tələb etmişdir. Deməli, həmin vaxta qədər də ödənişlər tam olmamışdır. xx.xx.2020-ci il tarixdə iş üzrə qətnamə çıxarılmışdır. Bundan sonra Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək borcu ödəmək qabiliyyətində olmadığını bildirmiş və aralarında bağlanmış 21 may 2015-ci il tarixli 928-L/15 nömrəli lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini təklif etmişdir. Həmin müraciət xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə həmin təşkilata çatdırılmışdır. Ancaq bu müraciət də heç bir nəticə verməmişdir. Halbuki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli D-928-L/15 nömrəli lizinq müqaviləsinin 5.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, texnikadan istifadə üçün 1 saylı və 2 saylı əlavələrdə nəzərdə tutulan məbləği ödəniş müddətləri üçün bir dəfədən artıq ödəmədikdə lizinq alan tərəfindən müqavilənin şərtlərinin pozulması halları hesab edilir. Həmin müqavilənin xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bədinə əsasən müqavilənin şərtlərinin pozulması hesab olunan və lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallardan biri mövcud olduqda lizinq verən liznq alanı yazılı surətdə xəbərdarlıq etməklə,texnikanı saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, müqavilənin lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişdir. Belə ki, "xxxx" ASC lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə səbəb olan hallar mövcud olduğu halda, hətta lizinq alan da müqaviləyə xitam verilməsini təklif etdiyi halda lizinq verən müqavilənin ləğvi ilə bağlı hərəkətsizlik göstərmiş, səbəbsiz yerə müqavilə münasibətlərini davam etdirmişdir. Bununla da, borcun artmasına bilərəkdən şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Beləliklə, məhkəmə xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli SK-5ME-1 markalı taxılyığan kombayn üzrə 9582 manat borcun, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsindən və lizinq alanın xx.xx.2020-ci il tarixdə müqavilənin ləğvi barədə müraciət etməsindən sonra hesablanmış 6867 hissəsinin azaldılmalı olması qənaətinə gəlir, 2715 manat hissəsini tutulmalı hesab edir. İşin faktiki hallarından görünür ki, tərəflərin xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli lizinq müqavilələri bağlanmış və müqavilə şərtlərinə əsasən "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikası lizinq verən tərəfindən lizinq alan Cavabdeh lizinqə verilmiş, lizinq verən müqavilə şərtlərini yerinə yetirsə də lizinq alan razılaşdırılmış ödənişləri etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli 1137 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin penya – yəni dəbbə pulu məbləğinə dair hissəsini müzakirə edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, xx.xx.2016-ci il tarixli D-928- L/15 nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə isə 150 manat məbləğində tutulmalıdır Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 2715 (iki min yeddi yüz on beş) manat əsas borc, 100 (bir yüz) manat cərimə, xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 (üç min dörd yüz yetmiş iki) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 6437(altı min dörd yüz otuz yeddi) manat məbləğində borc və hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə 300 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsi üzrə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli D-928-L/15 nömrəli müqavilə üzrə 2715 (iki min yeddi yüz on beş) manat əsas borc, 100 (bir yüz) manat cərimə, xx.xx.2017-ci il tarixli 1482-GL/17 nömrəli müqavilə üzrə 3472 (üç min dörd yüz yetmiş iki) manat əsas borc, 150 (bir yüz əlli) manat cərimə olmaqla, ümumilikdə 6437(altı min dörd yüz otuz yeddi) manat məbləğində borc və hüquqi yardımla bağlı ödənilmiş 100 (bir yüz) manat və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-60/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-60/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver