Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-601/2025 26.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S21/22 saylı Təchizat Müqaviləsi əsasında 858,37 manat əsas, 1772,31 manat dəbbə pulu və 46 manat ödəniləcək dövlət rüsumu olmaqla cəmi, 2675,74 manatın Cavabdeh tərəfindən “X12 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X12 Company” MMC ilə fiziki şəxs Cavabdeh arasında S21 /22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X12 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil 858,37 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni“X12 Company” MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı xx.xx.2022-cü il tarixli, S16/22 saylı “Təchizat” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həmdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi“Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 2629,74 manat Alıcı tərəfindən "xxxx" MMC-yə ödənilməlidir.
3. İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş ərizədən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 625,48 manat dəyərində geri qaytarılmış malların (akta əsasən) şirkətin anbarına qəbul edilməsini təsdiqləyirlər və ümumi borcundan 625,48 manat azaldılaraq qalıq borcunun 231,95 olmasını bildirirlər. Cavabdeh tərəfindən təqdim edilmiş arayışla bağlı qeyd edirlər ki, digər borclularla aparılan məhkəmə işlərində də belə bir arayışların "photoshop" proqramı vasitəsi ilə skan olunmuş surətlərini məhkəməyə təqdim etməklə borcdan yayınma cəhdləri olmuşdur. Qeyd olunanı nəzərə alaraq, cavabdehdən arayışın əslinin təqdim edilməsinin tələb edilməsini xahiş edirlər. Belə ki, arayışın fərqli şriftlərlə tərtib olunması və əslinin yalnız bir nüsxə olaraq cavabdehə göndərilməsi arayışın saxtalaşdırılmağına əsaslı şübhələr yaradır.
II. Tərəflərin mövqeyi
4. İddiaçının nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddialarını müdafiə etdiklərini və hazırki məhkəmə prosesinə iştirakları olmadan baxılmasını xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. 21.04.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, o, şirkətdə satış təmsilçisi işləyirdi. Cavabdehin ərazisinə başqa adam baxsa da, onun yaşayış yerinə yaxın olduğu üçün şirkətin təmsilçisi kimi gedib malları təhvil alıb şirkətə vermişdir. O əraziyə Ceyhun baxsa da həmin vaxt işə çıxmamışdı. Ona zəng elədilər ki, malları gətirməlidir. Malları götürüb aparıb şirkətə təhvil vermişdir. Oradan da təmizlik kağızını alıb cavabdehə vermişdir. Sonra cavabdeh zəng elədi ki, onu məhkəməyə veriblər. Şirkətə getdikdə isə arayışın qeydiyyata salınmadığını öyrənmişdir. Şirkətin rəhbəri ilə görüşməyinə isə imkan vermədilər. O bu barədə mühasibə bildirdikdə, mühasib sənədləri hazırlayıb göndərəcəyini dedi. İkinci qaytarma arayışını isə ümumiyyətlə sistemə əlavə etməyiblər. Sonra da özləri sənəd hazırlayaraq, şirkətdə işləməyən Fərid adlı şəxsin adından imzalayıblar. Dairəyə aldıqlar mal guya qaimədən kənardır. Borcun olmaması barədə arayışı Maksim tərtib edib, o da aparıb müştəriyə vermişdir.
III. Sübutların tədqiqi
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S 21/22 nömrəli “Təchizat müqaviləsi”nə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli, 064 nömrəli qarşılıqlı üzləşdirmə aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə olan borcu 857,43 manat təşkil edir. Cavabdeh qarşılıqlı üzləşdirmə aktına imza etməmişdir.
8. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli ******* nömrəli qaimə üzrə 151,52 manat, xx.xx.2022-ci il tarixli 303901 nömrəli qaimə üzrə 179,68 manat, xx.xx.2022-ci il tarixli 300024 nömrəli qaimə üzrə 194,64 manat, xx.xx.2023-cü il tarixli 885234 nömrəli qaimə üzrə 597,96 manat, xx.xx.2023-cü il tarixli 143968 nömrəli qaimə üzrə 125,76 manat, xx.xx.2023-cü il tarixli 957112 nömrəli qaimə üzrə 882,69 manat, xx.xx.2023-cü il tarixli 905138 nömrəli qaimə üzrə 95,12 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar ötürülmüşdür.
9. Qaimə-Fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən sifarişçi Cavabdeh xx.xx.2023-cü il tarixdə 14,51 manat ƏDV xaric 95,12 manat, xx.xx.2023-cü il tarixdə 134,65 manat ƏDV xaric 882,69 manat, xx.xx.2023-cü il tarixdə 19,18 manat ƏDV xaric 125,76 manat, xx.xx.2023-cü il tarixdə 91,20 manat ƏDV xaric 597,96 manat, xx.xx.2022ci il tarixdə 194,64 manat, xx.xx.2022-ci il tarixdə 23,11 manat ƏDV xaric 151,52 manat, xx.xx.2022-ci il tarixdə 27,41 manat ƏDV xaric 179,68 manat məbləğində malların çatdırılması qeyd eilmişdir.
10. xx.xx.2022-ci il tarixli 000006 nömrəli, 06 iyun 2023-cü il tarixli 393603 nömrəli, 12 iyun 2023-cü il tarixli 393763 nömrəli, 02 may 2023-cü il tarixli 359802 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümümilikdə 200 manat ödəniş edilmişdir.
11. Malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2023-cü il tarixli 0000-001099 nömrəli aktla 16,64 manat, xx.xx.2023-cü il tarixli 0000-001098 nömrəli aktla 22,44 manat, xx.xx.2023-cü il tarixli 0000-001097 nömrəli aktla ümumilikdə 394,86 manat, xx.xx.2023cü il tarixli 0000-001096 nömrəli aktla 52,40 manat, xx.xx.2023-cü il tarixli 0000-001095 nömrəli aktla ümumilikdə 296,12 manat, xx.xx.2023-cü il tarixli 0000-001118 nömrəli aktla ümumilikdə 49,72 manat, xx.xx.2023-cü il tarixli 0000-001116 nömrəli aktla ümumilikdə 196,68 manat, xx.xx.2023-cü il tarixli 0000-001115 nömrəli aktla ümumilikdə 141,08 manat məbləğində mallar Cavabdeh təhvil verilməsi qeyd edilmişdir.
12. 16.12.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh yazılan 2227,37 manat qaimələr üzrə İddiaçı MMC-yə ödədiyi məbləğ (qaytarılan malların dəyəri) 1369,94 manat, dəbbə pulu 1772,31 manat, qalıq borc 2629,74 manat borcunun olması göstərilmişdir.
13. 27.02.2025-ci il tarixli dəqiqləşdirilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh yazılan 2227,37 manat qaimələr üzrə İddiaçı MMC-yə ödədiyi məbləğ 200 manat, qaytarılan malların dəyəri 1795,42 manat, qalıq borc 231,95 manat, dəbbə pulu 530,24 manat, cəmi qalıq borc 1292,39 manat borcunun olması göstərilmişdir.
14. Arayışdan görünür ki, həmin arayışı imza edənlər Cavabdeh ilə aralarında bağlanmış 14 dekabr 2022-ci il tarixli S21/22 müqavilənin 9.1-ci maddəsinə əsasən qarşılıqlı razılıq əsasında ləğv edilmiş, müqavilə üzrə satıcının alıcıdan heç bir tələb və etirazı yoxdur və gələcəkdə də olmayacaq. Həmçinin alıcının da satıcıya heç bir ödənişi və borcu qalmamışdır.
15. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir.
16. Cavabdeh ilə İddiaçı MMC-nin satış təmsilçisi Mətləb və anbar müdiri H.Fəridin iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli satış üçün təqdim edilən malların geri qaytarılması aktından görünür ki, 5 ədəd Vodka "Morosha" №1 0.7L, 7 ədəd X14 0.5L, 3 ədəd X14 0.7L, 6 ədəd X8 0.5L, 6 ədəd X8 0.7L, 4 ədəd X16 0.5L, 5 ədəd X16 0.7L, 14 ədəd X5 0.7L, 5 ədəd X17 0.5L, 11 ədəd X17 0.7L, 2 ədəd X11 0.5L, 9 ədəd X9 0.7L adda olan malların geri qaytrarılması tərəflərin imzaları ilə təsdiq edilmişdir.
17. Cavabdeh ilə İddiaçı MMC-nin satış təmsilçisi Mətləb və anbar müdiri H.Fəridin iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli satış üçün təqdim edilən malların geri qaytarılması aktından görünür ki, 2 ədəd Vodka "Morosha" Karpatskie Ozera 0,5L, 10 ədəd Vodka "Morosha" Karpatskie Ozera 0,7L, 26 ədəd Vodka "Morosha" №1 0.25L, 5 ədəd Vodka "Morosha" №1 0.5L, 2 ədəd Vodka "Morosha" № 1L, 3 ədəd Vodka "Morosha" №2 0.25L, 13 ədəd Vodka "Morosha" №2 0.7L, 3 ədəd Vodka "Morosha" №2 1L, 4 ədəd Vodka "Morosha" Sinevir 0.5L, 5 ədəd X14 0.5L, 4 ədəd X14 0.7L, 8 ədəd X8 0.5L, 6 ədəd X8 0.7L, 1 ədəd X8 1L, 5 ədəd X16 0.5L, 2 ədəd X16 0.7L adda olan malların geri qaytrarılması tərəflərin imzaları ilə təsdiq edilmişdir.
18. 17.12.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 858,37 manat əsas, 1772,31 manat dəbbə pulunun 3 gün ərzində ödənilməsi tələb edilmişdir.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
V. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli, S 21/22 nömrəli “Təchizat müqaviləsi”nə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları Cavabdeh yəni, alıcıya satmağı, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
23. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, S 21/22 nömrəli “Təchizat müqaviləsi” üzrə 231,95 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
24. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin alğı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
27. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında ümumilikdə 2227,37 manat dəyərində mallar verilmiş, cavabdeh tərəfindən 200 manat məbləğində alınmış malların müqabilində ödəniş edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən isə 1169,94 manat dəyərində mal geri qaytarıldıqdan sonra cavabdehin 857,43 manat məbləğində borcu qalmışdır. Qeyd olunan hallar işin mübahisələndirilməyən halıdır.
30. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, cavabdeh tərəfindən poçt vasitəsilə məhkəməyə 14 dekabr 2022-ci il tarixli S21/22 müqavilə üzrə borcun olmamasına dair arayış göndərilmişdir. Arayışda qeyd edilmişdir ki, arayışın əsli cavabdehdə, surəti isə iddiaçıdadır. Həmin arayış kserokopiya olduğu və əsl olmadığı üçün cavabdehə dəfələrlə arayışın əslinin təqdim edilməsi təklif edilmiş və məhkəmə bildirişlərində bu barədə qeyd edilsə də, cavabdeh tərəfindən həmin arayışın əsli təqdim edilməmişdir. Cavabdeh tərəfindən sonradan məhkəməyə göndərilmiş arayış isə yenə də kserokopiya olmuş və rəngli printer vasitəsilə çıxarıldığı aşkar görülmüşdür. Bu səbəbdən də həmin arayış əsl olmadığı və həqiqiliyi şübhə doğurduğu üçün sübut kimi qəbul olunmur.
31. İşin mübahisələndirilən halı digər halı ondan ibarət olmuşdur ki, X1 və iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlara əsasən geri qaytarma olmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 625,48 manat dəyərində geri qaytarılmış malların (akta əsasən) şirkətin anbarına qəbul edilməsini təsdiqləmiş və ümumi borcundan 625,48 manat azaldılaraq qalıq borcunun 231,95 olmasını bildirmişdir. X1 isə iddiaçı şirkətin həmin zaman satış təmsilçisi olduğunu və malları cavabdehdən özünün təhvil aldığını və şirkətə heç bir borcunun qalmadığını bildirmişdir.
32. Məhkəmə həmin aktlara münasibət bildirərək qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC-nin satış təmsilçisi Mətləb və anbar müdiri H.Fəridin iştirakı ilə tərtib edilən xx.xx.2023-cü il tarixli satış üçün təqdim edilən malların geri qaytarılması aktına əsasən 5 ədəd Vodka "Morosha" №1 0.7L, 7 ədəd X14 0.5L, 3 ədəd X14 0.7L, 6 ədəd X8 0.5L, 6 ədəd X8 0.7L, 4 ədəd X16 0.5L, 5 ədəd X16 0.7L, 14 ədəd X5 0.7L, 5 ədəd X17 0.5L, 11 ədəd X17 0.7L, 2 ədəd X11 0.5L, 9 ədəd X9 0.7L adda olan malların, xx.xx.2023-cü il tarixli akta əsasən isə 2 ədəd Vodka "Morosha" Karpatskie Ozera 0,5L, 10 ədəd Vodka "Morosha" Karpatskie Ozera 0,7L, 26 ədəd Vodka "Morosha" №1 0.25L, 5 ədəd Vodka "Morosha" №1 0.5L, 2 ədəd Vodka "Morosha" № 1L, 3 ədəd Vodka "Morosha" №2 0.25L, 13 ədəd Vodka "Morosha" №2 0.7L, 3 ədəd Vodka "Morosha" №2 1L, 4 ədəd Vodka "Morosha" Sinevir 0.5L, 5 ədəd X14 0.5L, 4 ədəd X14 0.7L, 8 ədəd X8 0.5L, 6 ədəd X8 0.7L, 1 ədəd X8 1L, 5 ədəd X16 0.5L, 2 ədəd X16 0.7L adda olan malların geri qaytrarılması tərəflərin imzaları ilə təsdiq edilmişdir.
33. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd olunan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akt üzrə 625,48 manat dəyərində geri qaytarılmış malların (akta əsasən) şirkətin anbarına qəbul edilməsini təsdiqləməsi barədə izahatı etiraf kimi qəbul edərək, cavabdehin 231,95 manat borcunun qalması ilə razılaşıb, həmin hissədə hesablama aparmasa da, xx.xx.2023-cü il tarixli akt üzrə geri qaytarılmış malların iddiaçı tərəfindən nəzərə alınmadığından həmin hissədə hesablama edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan malların-təhvil qəbul aktlarından görünür ki, 5 ədəd Vodka "Morosha" №1 0.7L adlı malın dəyəri 52,4 manat, 7 ədəd X14 0.5L adlı malın dəyəri 58,52 manat, 3 ədəd X14 0.7L adlı malın dəyəri 33 manat, 6 ədəd X8 0.5L adlı malın dəyəri 50,16 manat, 6 ədəd X8 0.7L adlı malın dəyəri 66 manat, 4 ədəd X16 0.5L adlı malın dəyəri 33,44 manat, 5 ədəd X16 0.7L adlı malın dəyəri 55 manat, 14 ədəd X5 0.7L adlı malın dəyəri 139,44 manat, 5 ədəd X17 0.5L adlı malın dəyəri 45,45 manat, 11 ədəd X17 0.7L adlı malın dəyəri 157,08 manat, 2 ədəd X11 0.5L adlı malın dəyəri 16,64 manat, 9 ədəd X9 0.7L adlı malın dəyəri 98,55 manat olmaqla, ümumilikdə 805,68 manat dəyərində malların geri qaytarılması təsdiq olunur.
34. Bununla yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da ifadə verərək cavabdehdən malları təhvil aldığını və cavabdehin borcunun qalmadığını bildirmişdir. X4 müvafiq dövrdə əsas iş yeri İddiaçı MMC olan satış təmsilçisi olduğunu, həmin malların qaytarılması ilə bağlı sənədlər təqdim edərək, bu halı təsdiq etdiyini nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, şahid ifadəsi həqiqi qəbul edilməli, hazırda mübahisələndirilən 231,95 manat məbləğində pul ödənilmiş hesab edilməlidir.
35. Odur ki, cavabdehin xx.xx.2023-cü il tarixli akt üzrə 805,68 manat dəyərində malları geri qaytarması sübut olunduğundan cavabdehdən tələb edilən 231,95 manat məbləğində pulun tutulması əsassızdır və həmin məbləğ qaytarılan mallarla əvəzləşdirildiyindən cavabdehdən yenidən pul tələb edilə bilməz.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
36. İddia ərizəsində iddiaçı 14 dekabr 2022-ci il tarixli S21/22 nömrəli müqavilə üzrə cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,3%-i məbləğində cərimə ödəməlidir.
38. Məhkəmə qeyd edir ki, hazırki işin halları ilə iddiaçının qeyd etdiyi kimi 231,95 manat məbləğində borcun olduğu öz təsdiqini tapmadığından həmin borcun ödənilməsinin gecikdirilməsi üçün dəbbə pulunun hesablanması da mümkün deyildir.
c) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı eləcə də 46 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********36 nömrəli mədaxil qəbzi ilə 46 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
41. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
43. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 46 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir.
VI. Məhkəmənin gəldiyi nəticə
44. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
45. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 (qırx altı) manat məbləğində pul İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli