Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-602/2021 06.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borc tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc 32869 manat 14 qəpik pul məbləğini, dəbbə pulu 6573 manat 83 qəpik, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 39472 manat 97 qəpik həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair 28.05.2020-ci il tarixində 2115/20M saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin 3.2 və 4.1-ci bəndlərinin tələbi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra Alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Elektron qaimələrdən aydın olur ki, 168564 manat 98 qəpik (ƏDV daxil) məbləğində mal Satıcı tərəfindən Alıcıya satılmışdır. Alıcının Satıcıya etdiyi ödənişləri təsdiq edən hesabdan çıxarışlardan da görünür ki, 135695 manat 84 qəpik məbləğ, həqiqətən də, ödənilmişdir. Lakin, Alıcı müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malın dəyərini təşkil edən 168564 manat 98 qəpik (ƏDV daxil) məbləğindən Cavabdeh MMC tərəfindən 135695 manat 84 qəpik məbləğində ödəniş edilmişdir, cavabdeh ƏDV borcunu təmamilə bağlasa da, əsas borc 32869 manat 14 qəpik (ƏDV xaric) məbləğində qalıq məbləğ isə bu günkü günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında imzalanmış 2115/20M saylı müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, əsas borc 32869 manat 14 qəpik (ƏDV xaric) təşkil edir, həmin məbləğin 20 faizi 6573 manat 83 qəpik təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 32869 manat 14 qəpik+6573 manat 83 qəpik=39442 manat 97 qəpik tələb məbləği yaranmışdır. 05 may 2021-ci il tarixində, 215 saylı məktubla müqavilə üzrə 32869 manat 14 qəpik məbləğində borcun cavabdeh tərəfindən ödənilməsinə dair CavabdehMMC-ə pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, borcun 10 iş günü müddətində ödənilməyəcəyi təqdirdə onların tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. 28.05.2020-ci il tarixli, 2115/20M saylı müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. Tərəflərindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik isə icra edilməmişdir. Cavabdeh tərəfindən 28.05.2020-ci il tarixli, 2115/20M saylı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi onun mülki məsuliyyətinin yaranması üçün əsasdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.05.2020-ci il tarixli 2115/20M saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı qaimə fakturada göstərilən malları alıcıya satmağı, alıcı isə müəyyən edilmiş şərtlər daxilində onun dəyərini ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Qaimə sənədlərinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 168564 manat 98 qəpik dəyərində mallar satmışdır. 2020-2021-ci illər üzrə hesabatdan görünür ki, Cavabdeh qalıq borcu 32869 manat 14 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh MƏN” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı MMC-dən 32869 manat 14 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 32869 manat 14 qəpik əsas borc, 1700 manat cərimə borcu, cəmi 34569 manat 14 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1700 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 32869 manat 14 qəpik əsas borc, 1700 manat cərimə borcu, cəmi 34569 manat 14 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-602/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-602/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver