Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-62/2024 18.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndəsi Vəkil2, Cavabdeh nümayənədəsi Vəkil1 iştirakı ilə İddiaçı Firmasının Cavabdehnə qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Firması Cavabdehnə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı müqavilə üzrə 130.000 manat pul məbləğinin və ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh MMC arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinə əsasən alkoqollu içkilərin alğı-satqısı ilə bağlı razılaşma əldə olunmuşdur. xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC-yə ümumilikdə 130.000 manat məbləğində vəsait ödənilmişdir, lakin cavabdeh tərəfindən hər hansı məhsul təqdim edilməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin Cavabdeh MMC tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçının tələb etdiyi 130.000 manat məbləğində puldan 61883.99 manat dəyərində spirtli içkilərin İddiaçı Firmasına verilməsi elektron qaimələrlə təsdiq olunur. 130.000 manat puldan ümumilikdə 96633.99 manatın iddiaçıya qaytarılması barədə kifayət qədər sübutlar mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. İddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi tam əsaslıdır. Belə ki, tərəflər arasındakı müqaviləyə əsasən 130000 manat pul cavabdehin hesabına köçürülmüşdür. Bunun əvəzində isə mal verilməmişdir. Yalnız, 4750 manat məbləğində pul geri qaytarılmışdır. Ona görə də ödənilməmiş pul geri qaytarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Tərəflərin iradə ifadələrini ifadə etmir və başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Həmçinin borcun ödənilmiş olması barədə iddiaçının rəhbəri Sumqayıt Şəhər Polis İdarəsində izahat vermişdir. Həmçinin iddia əsl cavabdehə qarşı irəli sürülməmişdir. Belə ki, iddia X3 qarşı ilrəli sürülməlidir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı qismində Cavabdeh MMC, alıcı qismində İddiaçı Firması iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin alğı-satqı müqaviləsinə aid olan xx.xx.2021-ci il tarixli 001 nömrəli Əlavə Razılaşmadan görünür ki, tərəflər avans olaraq alkoqollu içkilərin alışı üçün 100 000 manat ödənilməsi və həmin məbləğdə mallar təqdim edildikcə satıcı tərəfindən elektron qaimə fakturalar təqdim edilməsi ilə bağlı əlavə razılığa gəlmişdirlər. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 100 000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 19830.51 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 10169.50 manat olmaqla, cəmi 130 000 manat İddiaçı Firması tərəfindən "xxxx" LTD MMC-yə avans olaraq ödənilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında göstərilir ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, X5 ilə X4 alkoqollu içkilərin alğı-satqısına dair müqavilə bağlamış, Zahid Aslanlı ümumilikdə 130 000 manat pulu göndərmiş, Nazim Duşdurov həmin puldan 30 000 manatını Zahid Aslanlıya qaytarmış, bundan sonra isə sonuncuya spirtli içkilər vermişdir. xx.xx.2023-cü il tarixli köçürmə aparılması barədə bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına 4750 manat məbləğində pul avans kimi köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EBBP 542199 nömrəli elektron qaimədə 30432.82 manat, xx.xx.2022-ci il tarixli EBBP 131259 nömrəli elektron qaimədə isə 22011.24 manat dəyərində spirtli içkilərin müqavilə əsasında İddiaçı Firmasına göndərilməsi göstərilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli EBBP 131259 nömrəli elektron qaimə faktura sistem tərəfindən, xx.xx.2022-ci il tarixli EBBP 542199 nömrəli elektron qaimə faktura vergi ödəyicisi (İddiaçı Firması: VÖEN:**********) tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə digər sübutlar ondan ibarətdir ki, 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alkoqollu içkilərin alğı-satqısı müqavilənin predmetini təşkil etmişdir, eyni zamanda həmin müqavilənin 2.2-ci bəndində isə ödənişlərin təqdim edilmiş elektron qaimə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında spirtli içkilərin verilməsi halı müəyyən müəyyən olunur. Qeyd olunanlardan əlavə, vergi orqanının məhkəməyə təqdim etdiyi yazılı məlumatından aydın olur ki, 30432.82 manat dəyərində malın göndəriməsi barədə xx.xx.2022-ci il tarixli elektron qaimə İddiaçı Firması tərəfindən təsdiqlənmiş, 22011.24 manat dəyərində malın göndərilməsi barədə xx.xx.2022-ci il tarixli elektron qaimə isə qəbul edən şəxsin imtina etməməsi səbəbindən sistem tərəfindən təsdiqlənmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli köçürmə aparılması barədə bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına 4750 manat məbləğində pul avans kimi köçürülmüşdür ki, bu fakt iddiaçı tərəfindən təkzib edilmir. Məhkəmə Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilənlərə münasibətdə ayrıca olaraq onu bildirir ki, həmin qərarda X5 ilə X4 arasında alkoqollu içkilərin alğı-satqısına dair müqavilənin bağlanmış olması aparılmış istintaqla müəyyən olunmuş fakt kimi göstərilmişdir. Halbuki, işin hallarından görünür ki, həmin şəxslər arasında belə bir müqavilə mövcud deyildir. 30 noyabr 2021-ci il tarixli 001/2021 saylı alğı-satqı müqaviləsi Cavabdeh MMC adından X6, İddiaçı Firması adından isə X5 imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi təqdim edilən qərar məhkəmə qərarı deyil, həmçinin X4 hazırkı iş üzrə tərəf deyildir. Ona görə də həmin qərar hazırkı iş üzrə preyudisial xarakter daşımır. Məhkəmə qeyd edir ki, iş üzrə elekton qaimələrdə spirtli içkilərin müqavilə əsasında Cavabdeh tərəfindən göndərildiyi qeyd edilir ki, spirtli içkilərin göndərilməsində X1 iştirakı mümkün ola bilər. Lakin, bir halda ki, 130.000 manat pul bank köçürməsi vasitəsilə Cavabdeh MMC-nin hesabına mədaxil edilmişdir, həmin pulun 30.000 manat hissəsinin hansı əsasla nəğd şəkildə X2 olması məlum deyildir və bu barədə sübutlar təqdim edilməmişdir. Beləliklə, iş üzrə sübutlarla müəyyən olunur ki, İddiaçı Firması tərəfindən Cavabdeh MMC-yə 130 000 manat məbləğində vəsait ödənilmiş, cavabdeh tərəfindən iddiaçıya 61884 manat dəyərində mal verilmiş, avans olaraq isə 4750 manat pul köçürülmüşdür. Nəticədə cavabdehin 63366 manat borcu qalmışdır. 63366 manat dəyərində malın və yaxud həmin məbləğdə pulun Cavabdeh MMC tərəfindən İddiaçı Firmasına verilməsi sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 63366(altmış üç min üç yüz altmış altı) manat məbləğində borc və 400(dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı Firmasına ödnilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 63366 (altmış üç min üç yüz altmış altı) manat məbləğində borc və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçı Firmasına ödənilsin. Cavabdeh MMC-dən 280 (iki yüz səksən) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-62/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-62/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver