Məhkəmə qərarları › İş №e-2-2(115)-620/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-620/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-620/2024 26.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 44935,53 manat pul vəsaitinin, ödənilmiş 224,81 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 065/2022 saylı nisyə alqı-satqısı müqaviləyə əsasən İddiaçı MMC cavabdehə ümumi dəyəri 44935,53 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və qeyd edilən müddət ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 44935,53 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdeh iddiaya etiraz verərək ərizəsində qeyd etmişdir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur, özünə məxsus topdan və pərakəndə gündəlik tələbat malları mağazası var. İddiaçının təqdim etdiyi müqavilənin mövcudluğundan iddia ərizəsi ilə tanış olarkən məlumatı olmuşdur. Sahibkar olaraq onlar qəbul etdikləri malları müqavilə əsasında deyil, elektron qaimə vasitəsilə qəbul edirlər. Uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir şəxs kimi satışla məşğul olan firmalarla bu günədək nisyə alqı-satqı müqaviləsi bağlayaraq heç bir mal almamışdır. İddiaçı şirkətlə aralarında heç bir müqavilə sövdələşməsi olmamışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilə saxtadır və kim tərəfindən imzalandığı məlum deyil. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, şirkətin məhkəməyə saxta müqavilə, təhvil-təslim aktı təqdim etdiyi səbəbindən həmin sənədlərin istintaq orqanına göndərilərək barələrində cinayət işinin açılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli 065/2022 saylı məhsulların nisiyə alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı alıcıya nisiyə (borc) olaraq ümumi dəyəri 44935,53 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satmağı, alıcı isə həmin nisiyə olaraq qəbul etməyi və borcunu 6 ay ərzində pul şəkilində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 44935,53 manat dəyərində olan məhsullar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı isə həmin məhsulları təhvil almışdır. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, borclu Cavabdeh kreditor İddiaçı MMC-nə 44935,53 manat borcunun olduğunu tam etiraf etmiş və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı müqaviləyə əsasən müəssisəyə 44935,53 manat borcunun olduğunu etiraf etmiş və həmin borc məbləğini 21 avqust 2022-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 31 iyul 2024-cü il tarixli 4/926 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 65-ci vərəqində olan məhsulların nisyə alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli 065/2022 nömrəli müqavilədə “Alıcı” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 66-cı vərəqində olan xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasından aşağıda yerləşən “F/Ş” qrafasındakı imza, 67-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “Təhvil aldı:” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza, 68-ci vərəqində olan Cavabdeh adından İddiaçı MMC” Prezidentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. aparılmış təhqiqatın dəyəri 138 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə məhsulların nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı alıcıya 44935,53 manat dəyərində müxtəlif çeşidli məhsullar vermişdir. Alıcı isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini satıcıya ödəməmişdir. Onun iddiaçıya 44935,53 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən 44935,53 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 224,81 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 224,81 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli 065/2022 saylı məhsulların nisyə alqı-satqısı müqaviləsinə əsasən 44935 (qırx dörd min doqquz yüz otuz beş) manat 53 (əlli üç) qəpik məbləğində borc, 224 (iki yüz iyirmi dörd) manat 81 (səksən bir) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar