Məhkəmə qərarları › İş №e-2-2(115)-628/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-628/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-628/2023 19.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı nümayəndələri X2 və Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2020-ci il tarixli 04/07 saylı müqavilə üzrə yaranmış 228283 manat məbləğində pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 118 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 20 iyul 2020-ci il tarixdə 04/07 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin tələblərinə əsasən ümumi dəyəri 92608,58 manat (ƏDV daxil) dəyərində mal və xidmətlər təqdim edilmiş və elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən mallar və xidmətlər cavabdehə təhvil verilmişdir, cavabdeh isə müqavilə əsasında malların və xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqaviləyə əsasən malların və xidmətlərin ümumi dəyəri 92608,58 manat müəyyən edilmişdir. Cavabdeh isə ümumi məbləğdən 19382,58 manat ödəmişdir. Nəticədə cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və onun iddiaçıya 73226 manat əsas borcu, 155057 manat isə cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yazılı və şifahi müraciətlərin olmasına baxmayaraq bu günə qədər də üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və qalıq borcunu ödəməmişdir. İş üzrə İddiaçı MMC iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 20 iyul 2020-ci il tarixdə 04/07 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış həmin müqavilənin 3.5ci bəndinə əsasən Alıcı Satıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin ödənilməmiş hissəsinin 0,5%-i miqdarında cərimə ödənilməsi müəyyən olunmuşdur. Mallar, işlər və xidmətlər təqdim edildikdən sonra sonuncu elektron qaimə 28 oktyabr 2021-ci il tarixdə göndərilmişdir. Ən geci 30 təqvim günü ödəniş edilməli olduğu halda 73226 manat borc bu günə kimi ödənilməmişdir. Hər gecikmiş günə 366 manat hesablanaraq 424 gün x 366=155184 manat cərimə borcu hesablanmışdır. Ona görə də müqavilə üzrə 73226 manat əsas borc, 155184 manat cərimə borcu olmaqla, cəmi 228410 manat məbləğində pulun, ödənilmiş 400 manat mediasiya xərcinin və 118 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, kredit götürərək mal alıblar və həmin malları cavabdehə satıblar. Müqavilə üzrə mallar cavabdehə təhvil verilmiş, hazırkı vaxtadək mallarla bağlı öhdəliklərini yerinə yetirmişlər. Buna baxmayaraq cavabdeh həmin malların dəyərini indiyə kimi tam olaraq ödəməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək bildirdi ki, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət olunmuş, ancaq cavabdeh yaranmış borcunu ödəməkdən həmişə yayınmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 saylı alqı-satqı/xidmət müqaviləsindən görünür ki, Satıcı İddiaçı MMC bu müqavilənin tərkib hissəsi olan və bu müqavilənin qüvvədə olduğu dövrdə hər bir alqısatqı/xidmət göstərilməsi zamanı imzalanacaq müvafiq əlavələrdə qeyd olunan malları/xidmətləri hazırki müqavilənin şərtlərinə uyğun olaraq alıcı "xxxx" MMC-yə təqdim etməyi, Alıcı isə həmin malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bütün ödənişlər əlavələrdə müəyyən olunmuş ödəniş cədvəlinə uyğun olaraq aparılması müəyyən olunmuşdur. Həmiçinin müqavilənin 3.5-ci maddəsinə əsasən malllar Aalıcıya tam təhvil veriləndən sonra Alıcının ödənişi gecikdirməsi halında Satıcıya hər gecikdirilən gün üçün müqaviləni ümumi məbləğinin ödənilməmiş hissəsinin 0,5%-i miqdarında cərimə ödəməsi və bu cərimənin ümumi məbləğinin müqavilənin ümumi məbləğinin 10%-dən artıq olmaması müəyyən olunmuşdur. İş materillarında olan xx.xx.2021-ci il tarixli Malların/Xidmətlərin Təsviri və X1 05 nömrəli əlavədən görünür ki, əlavədə adları qeyd edilmiş malların qiyməti əlavə dəyər vergisi ilə birlikdə 18880 manat, xx.xx.2021-ci il tarixli 06 nömrəli əlavəyə əsasən 16520 manat, xx.xx.2021-ci il tarixli 09 nömrəli əlavəyə əsasən isə 39000 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 069 nömrəli, xx.xx.2021-ci il tarixli 071 nömrəli və xx.xx.2021-ci il tarixli 095 nömrəli “Təhvil-təslim” aktlarından görünür ki, müxtəlif çeşidli mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı isə həmin malları təslim almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 957822 nömrəli elektron qaiməyə əsasən 18880 manat, xx.xx.2021-ci il tarixli 164338 nömrəli elektron qaiməyə əsasən 2006 manat, xx.xx.2021-ci il tarixli 476234 nömrəli elektron qaiməyə əsasən 39000 manat, xx.xx.2021-ci il tarixli 081771 nömrəli elektron qaiməyə əsasən isə 16520 manat dəyərində malların satıcı İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə verilməsinə dair qaimələr ötürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 069 nömrəli hesab fakturasına əsasən 18880 manat, xx.xx.2021-ci il tarixli 071 nömrəli hesab fakturasına əsasən 16520 manat, xx.xx.2021-ci il tarixli 093 nömrəli hesab fakturasına əsasən 2006 manat, xx.xx.2021-ci il tarixli 095 nömrəli hesab fakturasına əsasən isə 39000 manat dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə verilməsi qeyd edilmişdir. İş materiallarında olan 095 saylı Razılaşma aktından görünür ki, aktda göstərilən malın qiymətinin ƏDV ilə birlikdə 39000 manat olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli müqavilə üzrə 28 oktyabr 2021-ci il tarixli üzləşmə aktından görünür ki, 28 oktyabr 2021-ci il tarixli 04/07 nömrəli müqaviləyə görə Sifarişçinin İcraçıya xx.xx.2021-ci il tarixinə 63750 manat əsas borcu və ƏDV üzrə isə 11475,15 manat borcu olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03/04 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 20 iyul 2020-ci il tarixdə alqı-satqı/xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən Satıcı İddiaçı MMC müvafiq əlavələrdə qeyd olunan malları/xidmətləri müqavilənin şərtlərinə uyğun olaraq alıcı "xxxx" MMC-yə təqdim etməyi, Alıcı isə həmin malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və onun iddiaçıya 73226 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor malları verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 155184 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 73226 manat əsas borc, 1000 manat cərimə borcu olmaqla, cəmi 74226 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 118,70 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci və 118 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunun bir hissəsini ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 194 manat 68 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli 04/07 nömrəli alqısatqı/xidmət müqaviləsi üzrə yaranmış 73226 manat əsas borcu, 1000 manat cərimə olmaqla, cəmi 74226 (yetmiş dörd min iki yüz iyirmi altı) manat məbləğində borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci və 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı C.M-Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdehndən 194 (bir yüz doxsan dörd) manat 68 (altmış səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar