Məhkəmə qərarları › İş №e-2-2(115)-64/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-64/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-64/2023 31.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh direktoru X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 156000 manat əsas borcun, cavabdehin öhdəliyini vaxtında icra etməməsi nəticəsində ona vurduğu 50000 manat pulun, cəmi 216000 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanında qeydiyyatdan keçərək fərdi sahibkar statusu əldə etməklə (VÖEN**********) Biləsuvar şəhərində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. O, 2017-ci ilin dekabr ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin dəvəti ilə onun xidməti otağında görüşmüş və Mahir Quliyev ona Biləsuvar RİH-nin sifarişi əsasında "xxxx" MMC-nin Biləsuvar şəhər ərazisində "Gənclər Evi" və "Bayraq Muzeyi" binalarının inşa edəcəyini, yaxın vaxtlarda həmin obyektlərin açılışının planlaşdırıldığını, tikinti işlərinin qısa müddətdə yekunlaşmasının zəruriliyini bildirmişdir. Bunun üçün onun da köməklik göstərməsini və "xxxx" MMC-ni tikinti materialları ilə tam və vaxtında təchiz etməsini xahiş etmişdir. Həmin tikinti materiallarının dəyərinin tez bir zamanda və gecikdirilmədən "xxxx" MMC-nin direktoru Məhərrəm Ömrümov tərəfindən ödəniləcəyini bildirmişdir. 2017-ci ilin son ayları və 2018-ci ilin ilk aylarında həmin obyektlərin tikintisi başlamış və o, ilkin olaraq 10000 manat dəyərində müxtəlif təyinatlı tikinti materiallarını göndərmişdir. Bir neçə gün sonra "xxxx" MMC-nin rəhbəri Məhərrəm Ömrümovla görüşərək Biləsuvar RİH başçısı Mahir Quliyevlə görüşdüyünü və onun tikintinin vaxtında yekunlaşması üçün "xxxx" MMC-ni tikinti materialları ilə maneəsiz təchiz etməyi xahiş etdiyini bildirmişdir. Məhərrəm Ömrümovdan da tikinti materiallarının dəyərini "xxxx" MMC-nin, yoxsa Mahir Quliyevin ödəyəcəyini soruşduqda о, da bunun Mahir Quliyevə aidiyyəti olmadığını, tikinti başa çatan kimi Biləsuvar RİH "xxxx" MMC-yə pul ayıracağını və "xxxx" MMC də həmin vəsaitdən onun pulunu tam məbləğdə ödəyəcəyini bildirmişdir. Bu zaman Məhərrəm Ömrümov bir daha tələb olunacaq tikinti materiallarını dərhal göndərməsini, pula görə narahat olmamağı ondan xahiş etmişdir. O, 2018-ci ilin yanvar ayından may ayınadək olan müddətdə həmin tikinti işlərinə görə 191000 manat dəyərində müxtəlif xarakterli və təyinatlı tikinti materiallarını vermişdir. Sonradan həmin tikinti materiallarının az bir hissəsi lazım olmadığından geri qaytarılmışdır. Tikinti materiallarının pulunun ödənilməsini Məhərrəm Ömrümovdan istədikdə o, tikintinin başa çatmadığını, bu səbəbdən Biləsuvar RİH-in "xxxx" MMC-yə pulu tam ödəmədiyini, ödəniş edilən kimi pulu verəcəyini bildirmişdir. Bir müddət sonra tikinti yekunlaşmış, lakin ölkə başçısının Biləsuvar rayonuna səfəri təxirə salındığından obyektlərin açılışı baş tutmamışdır. Məhərrəm Ömrümov bunları əsas göstərərək pulun ödənilməsi üçün ondan bir az da gözləməsini xahiş etmişdir. Bir müddətdən sonra pulun ödənilməyəcəyindən narahat olaraq bir neçə dəfə Biləsuvar RİH başçısı Mahir Quliyevlə görüşmüş, sonuncu da hissə-hissə məbləğlərdə Məhərrəm Ömrümova ödəniş edildiyini, pulu ondan tələb etməsini məsləhət bilmişdir. 19 sentyabr 2018-ci il tarixdə ölkə başçısı hər iki obyektin açılışını etmiş və obyektlər istifadəyə verilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC-nin rəhbəri Məhərrəm Ömrümov müxtəlif bəhanələrlə tikinti materiallarının pulunu verməmişdir. O, 2020-ci ilin əvvəllərində yenidən sabiq icra başçısı Mahir Quliyevlə görüşdükdə o, ödəniləcək pulun "xxxx" MMC-nin hesabına köçürüldüyünü, Məhərrəm Ömrümovun onun pulunu verəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Məhərrəm Ömrümovla telefon danışığı apardıqdan sonra o, gəlib onunla görüşəcəyini və qarşılıqlı hesablaşma aparacaqlarını demişdir. Bir müddət sonra Məhərrəm Ömrümov, ondan tikinti materiallarını qəbul edən iş icraçısı X14 və Biləsuvar RİH-nin Mənzil İstismar Sahəsinin rəisi işləyən X8 ilə birlikdə onun iş yerinə gələrək qarşılıqlı hesablaşma aparmış və sonda 191000 manat dəyərində tikinti materialı verilməsi, bundan 35000 manat dəyərindəki tikinti materiallarının geri qaytarılması, "xxxx" MMC-nin ona 156000 manat borcu qalması barədə razılığa gəlmişlər. X16 tikinti işlərinə görə Biləsuvar RİHdən 800000 manat aldığını, icra hakimiyyətinin ona 200000 manat borclu qaldığını, qalan pulu alan kimi onun pulunu ödəyəcəyini bildirmişdir. O, aralarında belə razılaşmanın olmadığını, pulun çoxdan ona ödənilməli olduğunu deyərək pulu tələb etmişdir. O, daha sonra Mahir Quliyevlə görüşərək Məhərrəm Ömrümovun dediklərini ona çatdıraraq pulunun ödənilməsinə köməklik göstərməsini xahiş etdikdə Mahir Quliyev də tikintiyə görə pulun hamısının "xxxx" MMC-yə ödənildiyini və pulun verilməsi üçün Məhərrəm Ömrümovla danışacağına söz vermişdir. Lakin, bu günə qədər "xxxx" MMC borclu olduğu 156000 manatı ödəməmişdir. 2020-ci ildən başlayaraq "xxxx" MMC-nin rəhbəri Məhərrəm Ömrümovun ona ödəməli olduğu vəsaiti mənimsəməsi və başqa cinayət faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, bu müraciətlər əsasında Biləsuvar RPŞ-nin İstintaq bölməsində araşdırma başladılmışdır. Araşdırma zamanı Məhərrəm Ömrümov iddia ərizəsində qeyd edilən faktların bir hissəsini, yəni həqiqətən tikinti işlərini apardığını, tikintinin İddiaçı tərəfindən verilmiş tikinti materialları əsasında aparıldığını, zəruri olmayan tikinti materiallarının 35000 manat dəyərindəkinin geri qaytarıldığını, təchiz edilmiş tikinti materiallarından 156000 manatın borclu qaldığını və başqa faktları etiraf edib. Lakin ona borclu olmadığını bildirərək pulu ödəməkdən imtina etmişdir. Ancaq şikayəti üzrə obyektiv və ədalətli araşdırma aparılmayaraq, Biləsuvar RPŞ-nin İB-si şikayətdə qeyd edilmiş faktlarda cinayət əlamətlərinin olmaması yəni mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət edilməli olmağı tövsiyə edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin cavabdeh "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz hərəkətsizliyi ilə ona çatmalı olan vəsaiti özündə saxlamaqla onun kommersiya fəaliyyətinə xeyli ziyan vurmuş, ödəniləcək pulu vaxtında ödəmədiyindən o əldə edə edəcəyi gəlirdən məhrum olmuşdur və bunu da 50000 manat məbləğində maddi zərər kimi qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Biləsuvar rayonunda tikilən “Bayraq muzeyi” və “Gənclər evi” binalarına görə 156000 manatlıq tikinti materilları vermiş, həmin materilları mağazanın qabağında dayanan sürücülər vasitəsi ilə və bəzən də öz işçiləri vasitəsi ilə göndərmişdir. Məhərrəm Ömrümovun tikdiyi binalara görə ona verdiyi tikinti materiallarının pulunu ondan tələb edir. Belə ki, Məhərrəm Ömrümövla onu Biləsuvar rayonun köhnə icra başçısı Mahir müəllim tanış etmiş, Mahir müəllim ona tikinti şirkəti ilə müqavilə bağladığını, Məhərrəm Ömrümovun onun yaxını olduğunu, tikintini aparan şirkətin ondan tikinti malları götürəcəyini və pulu nə etsə ödəyəcəklərini bildirmişdir. Təxmini olaraq 10000 manatlıq material göndərdikdən sonra dayanmış, sonra Məhərrəm Ömrümov onunla danışmış, narahat olmamağını materialların pulunu ondan tələb edə biləcəyini və materialların pulunu ona verəcəyini bildirmişdir. O, Məhərrəm Ömrümovla razılaşmış, tikinti materiallarını Məhərrəm Ömrümovun sözü ilə onun işçisi olan Elşana vermiş, tikinti başa çatan kimi pulun ödənilməsi barədə Məhərrəm Ömrümovla aralarında razılığa gəlmişlər. Elşan Cəfərov ondan nə material tələb etmişdirsə, o da həmin materialları göndərmişdir. Həmin tikililərə bütün elektrik materiallarını, santexnik materillarını, şiferləri, uqonlikləri, fermaları, bütün kafel, metlak, emusiya, mata materillarını o göndərmişdir, ancaq şpaklofka və sement məhsullarını Məhərrəm Ömrümovun özü gətirmişdir. O, Elşanla hər gün hesabat aparmış, Məhərrəm Ömrümovla da 1-2 dəfə hesabat aparmışdır. Həmçinin İddiaçı izahatında göstərdi ki, verdiyi mallarla bağlı üzləşdirmə aktı, protokol tərtib edilməmiş, belə bir sənəd tərtib edilərək imzalanmamışdır. O cavabdehin mühasibi ilə dəftərlə hesabat aparmış, hesabat apardıqları 2 ədəd dəftər olmuşdur, dəftərin biri onda, biri isə Elşanda olmuş, həmin dəftərlərdə nə qədər material verildiyi qeyd olunmuşdur, lakin həmin dəftərlərə imza atılmamışdır. Lakin Elşanın hesab dəftərində onun əl yazmaları vardır. Cavabdehin ona 156000 borcu olması ilə əlaqədar aralarında anlaşılmazlıq olmuş, Məhərrəm Ömrümov, onun işini aparan Elşan onun otağına gəlmiş, üzləşmə və hesabat aparılmış və 156000 manat məbləğində ona borclarının olması öz təsdiqini tapmışdır. Çünki cavabdeh ona olan borcun 156000 manat deyil, 153000 manat olduğunu bildirmiş, o isə verdiyi malların 156000 manat olduğunu bildirmişdir. Əvvəlcə cavabdehin ona olan borcu daha çox olmuş, lakin istifadə olunmayan 30000 manatlıq tikinti materilları həmin məbləğin borcdan silinməsi üçün ona göndərilmişdir, hansı ki həmin materillar ondan alınmamışdı. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, iddia ərizəsi əsaslıdır. Belə ki, 2018-ci ilin yanvar ayından may ayına olan müddətdə 191000 manatlıq tikinti materilları cavabdehə verilmişdir. Məhərrəm Ömrümov istintaq oqranında verdiyi izahatında bunu qismən etiraf etmişdir. Məhərrəm Ömrümovun işçisi Elşan və Biləsuvar Mənzil İstismar İdarəsinin rəisi X8 da bunu etiraf etmişdir. Hesabatın aparılması zamanı Məhərrəm Ömrümovun səs yazıları qeyd olunmuşdur, 156000 manat borcun olmasını etiraf edir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh direktoru X6 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, 18 dekabr 2017-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti ilə 2 ədəd binanın tikintisi üçün işlərin görülməsi üçün qiyməti ******* manat olmaqla müqavilə bağlamışlar. O, tikintini başlayana qədər Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir müəllim binaların bünövrəsini hazırlatmış, müqavilə əsasında o işlərini davam etdirmişdir. Həmçinin Mahir müəllim ona cənab Prezident gəlib binalarının açılışını etdikdən sonra çəkdiyi xərcin 30% həcmində pul verəcəyini bildirmişdir. Əvvəlcə o, şərikləri ilə iş görmüş, daha sonra şərikləri işdən ayrıldığından və onu tək qoyduqlarından, Mahir müəllimdən kömək istəmişdir. Mahir müəllim ona köməklik edəcəyini, ona müvafiq tikinti materillarını verməsini İddiaçı tapşıracağını bildirmişdir. Bu işə kimi o, İddiaçı tanımamışdır. Ona lazım olan tikinti materillarını, təqribi olaraq tikinti materillarının 60-70%-ini özü almış, tikintidə həm onun, həm də Mahir müəllimin işçiləri işləmişdir. Ona aid olan işləri onun işçiləri həyata keçirmiş, əmək haqlarını da özü vermişdir. Tikintidən əvvəl və ya tikinti davam edən zaman İddiaçılə aralarında pul ilə bağlı heç bir danışıq, hər hansı məsələ ilə bağlı razılaşma olmamışdır. İddiaçılə nə yazılı, nə dəki şifahi qaydada müqavilə bağlamamışdır. Onun İddiaçı heç bir borcu yoxdur. İddiaçı onu şərə salmış və ona böhtan atmışdır. Gördüyü işlərin pulunu almadığından Mahir müəllimə qarşı iddia qaldırmışdır. X1 izahatında göstərdi ki, onda hər hansı hesab dəftəri olmamışdır. Hesabat ancaq Elşan, Adıgözəl və Azər arasında aparılmışdır. Hesabat isə o məqsədlə aparılmışdır ki, kimin nə qədər xərc çəkdiyi bəlli olsun. Hesabatı o aparmadığından İddiaçı dəqiq olaraq nə qədər pul verilməli olduğunu və kim tərəfindən pulun veriləcəyini bilməmişdir. Bildiyi qədər İddiaçı həmin tikililərdə istifadə olunması üçün Mahir müəllimin təkidi ilə materiallar vermiş, o nə qədər material verildiyini gözü ilə görməmişdir. Özü isə İddiaçı alınan materiallardan istifadə etməmiş, istifadə etdiyi malları özü təmin etmişdir. İddiaçı tərəfindən verilən materilların hamısının iddia ərizəsində qeyd edilən iki binanın tikintisində istifadə olunub-olunmadığını dəqiq bilməmişdir, çünki onun nəzarəti altında olmamışdır. Eləcə də İddiaçı materilları verməsini, pulunu isə özü verəcəyini deməmişdir. Ancaq İddiaçı Mahir müəllim onun pulunu verərsə o da İddiaçı pul verəcəyini demişdir. İddiaçı ondan pul tələb edən zaman İddiaçı Mahir müəllim ilə görüşdürmüş, Mahir müəllim də İddiaçı onun pulunu özü verəcəyini, Məhərrəm müəllimin bu məsələyə aidiyyəti olmadığını bildirmişdir. Bundan başqa X6 izahatında göstərdi ki, axırıncı dəfə Mahir müəllim həbs olunmamışdan qabaq İddiaçı Mahir müəllimin otağına aparmış, onlardan başqa yanlarında bir neçə şəxs olmuşdur. Mahir müəllim, o, İddiaçı, Mahir müəllimin bacısının yoldaşı da otaqda olmuşdur. Ondan əvvəl, Mahir müəllimin gəlməsini gözlədikləri vaxt İddiaçı onlara çay qonaqlığı verəcəyini bildirmiş, Mahir müəllim gələnə qədər gözləmək üçün İddiaçı otağına getmişlər. İddiaçı otağında Elşan, Natiq, o, Azərin özü və bir nəfər də adını xatırlamadığı şəxs olmuşdur. İddiaçı otağına danışmaq üçün Azərin təklifi ilə getmişlər. Danışıq zamanı 153000 və 156000 manatın mübahisəsi getmişdir. Ondan sonra Mahir müəllim gəlmiş, onlar Mahir müəllimin otağına getmişlər. Mahir müəllim İddiaçı demişdir ki, “Mən bu rayonun icra başçısıyam, əgər pulu mən Məhərrəm müəllimə versəm, ona deyəcəm sənin pulunu versin, yox əgər Məhərrəm müəllim çıxıb getsə sənin pulunu mən verəcəm”. Bu söhbətdən sonra İddiaçı ondan hər hansı tələbinin olub-olmamasını soruşmuş, İddiaçı isə ondan hər hansı tələbinin olmadığını bildirmişdir. İddiaçı olmasaydı, başqa şəxslərdən lazım olan materillar təmin olunacaqdı, çünki rayonda heç kəs Mahir müəllimin sözündən çıxa bilməzdi. Axırıncı dəfə İddiaçı Mahir müəllimin otağına aparanda İddiaçı bildirmişdir ki, əgər Mahir müəllim İddiaçı pulunu ona versə, o da İddiaçı pulunu verəcək. Daha sonra X6 izahatında göstərdi ki, hər iki binanın tikintisinin müəyyən hissəsini o öz üzərinə götürmüşdür. Belə ki, onun tikintidə gördüyü işlərin dəyəri ******* manat dəyərində idi. Qalan hissəsini isə Mahir müəllim özü tikdirmişdir. İki binanın öz dəyəri isə 2200***-******* manat dəyərindədir. O, öz üzərinə düşən hissənin tikintisini həyata keçirmiş, binaların çöl keromaqraniti vurdurmuş, daxildə olan mebelləri Turkiyə Cumhuriyyətindən gətizdirmiş, “Bayraq muzeyi”nin içindəki dekorasiyaları düzəltdirmiş, mərməri, laminatı da o vermişdir. O tikintini təhvil alanda binaların bünövrəsi hazır olmuşdur, binanın divarlarını isə Mahir müəllim özü tikdirmişdir. Tikinti başa çatandan sonra təhvil-təslim aktı tərtib olunmalı olmuş, lakin Mahir müəllim buna imza atmamışdır. Mahir müəllim ona ******* manat pul verməli olduğu halda 900000 manat pul vermişdir ki, hazırda qalan pulun alınması ilə bağlı mübahisəyə məhkəmədə baxılır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Cavabdeh MMC-nin işçisi, briqadiri kimi hər iki binanın tikintisində iştirak etmiş, Biləsuvar rayonunun icra başçısı tərəfindən ona kömək də verilmiş, onun kimi 4-5 nəfər başqa briqadir də işləmişdir. Belə ki, Mahir müəllim bir çox adam yığmışdı ki, binalar tez tikilib qutarsın. Binaları tamamilə, yəni axıra qədər Cavabdeh MMC tikmişdir. Binaların özünü də, içini də onlar tikmişdir. Komputer sistemini də onlar təmin etmişlər. Əvvəlcə nə lazim idisə materillar Bakı şəhərindən gəlmiş, materialları Mahir müəllim təşkil etmişdir. Çatışmayan təcili lazım olan materilları isə rayonun özündən göndərtdirmişdir. Adıgözəl müəllim, habelə Məhərrəm müəllimin özü zəng edib sifariş vermiş, materilları göndərilmişdir. Adətən malları İddiaçı göndərmişdir. İddiaçı taxta, armatur, kafel, metlak, aboy, kraska, emusya, şunur və digər materiallar göndərmişdir. Çöl fasadı, büst, içərinin aksesuarından başqa, təxminən tikintiyə gələn 20 vaqon sementi, tikintinin betonunun materiallarını İddiaçı verməmişdir. Əvvəlcə gətirilən malların qeydiyyatının aparılması Adıgözəl müəllimə tapşırılmışdı. 4-5 ay belə davam edəndən sonra, lazım olanda özü gedib malları götürüb gəlmişdir. İddiaçı sifarişi tək o deyil, digər işçilər də vermişdir. İddiaçı tikintiyə materialın verməsi tapşırığını kimin verdiyini bilməmişdir, yəginki icra başçısı tapşırıq vermişdir ki, İddiaçı də malları göndərmişdir. Malların dəyərinin kim tərəfindən ödəniləcəyi ilə bağlı isə məlumatı olmamışdı. Mahir müəllim onlara demişdi ki, “Nə lazım olsa İddiaçı zəng edin, o da göndərsin”. Onlar da zəng etdiyində İddiaçı malları göndərmişdi. Göndərilən materiallarla bağlı dəftər-kitab İddiaçı olmuş, bir dəfə İddiaçı götürüb 50-60 faizini o də yazmışdı. Özü bu barədə dəftər tutmamışdı. Daha sonra yazmamışdır, çünki İddiaçı Mahir müəllim tapşırıq vermişdi, İddiaçı nə göndərməsi, dəftərə nə yazması onları o qədər də əlaqədar etməmişdi. Malları o da, digər işçilər də təhvil almış, fermanın ölçüsünü isə İddiaçı özü və işçisi gəlib ölçüb getmişdi. Onda olan dəftərdə fəhlələrin adları, əmək haqları olmuş, İddiaçı dəftərinə və ya hər hansı sənədə qol çəkməmişdir. Materillar hər hansı sənəd əsasında təhvil verilməmişdir. Heç bir mədaxil-məxaric aparılmamışdır. Tikintidə 300 nəfərə yaxın işçi işləmiş, nə material gəlsə, dərhal istifadə olunmuşdur. O bina rayon üçün tikilmiş, Mahir müəllimin tapşırığı ilə həmin tikintilərə hər kəs köməklik göstərmişdi. Binaların tikintisində başqa şirkət işləməmiş, ancaq işçisi kimi çox adam işləmişdi. Əmək haqqlarını isə Məhərrəm Ömrümov vermişdi. İddiaçı göndərdiyi materillardan tikintidə işləyən hər kəs istifadə etmişdir. Binanın smetası olmamış, binalar tez bir zamanda təhvil veriləcəyindən tələsik, smetasız, sənədsiz tikinti aparılmışdı. Onlardan qabaq binaların fundamenti tikilmiş, hasar çəkilmiş, İddiaçı hasarın dəmirlərini onlardan qabaq göndərmişdi. Onlardan əvvəl iş görülsə də, işlər düzgün gürülmədiyindən yenidən fundament qazdırılmışdır. X4 ifadəsində göstərdi ki, əvvəlcə mallar gələndə bir kağızda nə qədər mal gəldiyi yazılmış, Adıgözəl müəllim həmin kağızları yığmışdı. Çünki İddiaçı mağazasından başqa yerlərə də material getmişdi. Onların hesabatını Adıgözəl müəllim aparmış, Adıgözəl müəllim 3-4 ay işlədikdən sonra yorulduğunu bildirmiş, ondan sonra onlar şifaris vermiş, lazım olanda özü İddiaçı mağazasına getmiş, nə lazim olsa sifariş vermişdir. İddiaçılə Məhərrəm müəllimin arasında malların alınması və pulunun verilməsi barədə hər hansı razılaşma olması barədə məlumatı olmamışdır. X19 İsayevə material göndər deməmiş, Mahir müəllim Adıgözələ tapşırmış, ona görə də materialları onlar ikisi, yəni o və Adıgözəl sifariş vermişlər. Bundan başqa X14 ifadəsində göstərdi ki, tikintiyə gələn malların sayı və qiyməti barədə hesablaşma o məqsədlə aparılmışdır ki, Mahir müəllim İddiaçı verdiyi malların pulunun nə qədər təşkil etdiyini soruşmuşdur. O da İddiaçı gələn malların qiymətinin nə qədər olmasını hesablamağı demişdir. Verilən malların qiymətini hasablamışlar, malların qiyməti 153000 manat çıxmışdır. İddiaçı də hesablamış, 156000 manat olduğunu bildirmişdir. İddiaçı hesabı ilə 156000 manat ona pul verilməli idi. O, İddiaçı Mahir müəllimdən pulunu alması üçün demişdir ki, İddiaçı bu qədər pul verilməlidir. Həmin pulu İddiaçı Mahir müəllim verməli idi. Ancaq o dəqiq bilmir ki, nə qədər mal gəlibdir. Onların arasında olmayan məsələlər idi bunlar. Çünki, mal başqa tikintilərə də göndərilirdi. Məsəl üçün elə olurdu 2 top şunur gəlib çıxmırdı, İddiaçı soruşduqda başqa yerə göndərildiyini bildirmişdir. Bundan əlavə X14 ifadəsində göstərdi ki, o, Mahir müəllimin otağında danışıq gedərkən orada olmuş, X18 müəllimdən İddiaçı pulunu kimin verəcəyini soruşmuş, Mahir müəllim də İddiaçı pulunu özü verəcəyini bildirmişdir. Mahir müəllim həmçinin onlara demişdir ki, əgər onların pulunu tam versə, onda İddiaçı pulunu onlar verəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, sürücü işləyir, nəqliyyat vasitəsi ilə Azər müəllimin mağazasının qabağında dayanır. Azər müəllimin tapşırığı əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə tikinti materialları, məsəl üçün, taxta, armatur, tavana vurulan materillardan və s. materillar aparıb “Gənclər evi”nə və “Bayraq muzeyi”nə boşaltmışdır. Materialların qiymətini, miqdarını bilməmişdir. Ona nə malları təhvil alanda, nə də təhvil verəndə təhvil-təslim aktı verilməmişdir. Sadəcə malları aparıb vermişdir. Apardığı materiallarla bağlı əlində qaimə olmuş, həmin qaimələri Azər müəllim yazmış, bir nüsxə olmuş, malı sayıb təhvil alana təqdim etmişdir, ona geri qaytarmaq üçün başqa sənəd verilməmişdir. Malları təhvil verdiyi şəxsləri isə tanımır. Ona maraqlı olan hər dəfə mal aparanda aldığı 12 manat olmuş, ona görə binanın kim tərəfindən tikilməsi, pulunun kim tərəfindən verilməsi ilə maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2018-2019cu illərdə onun iştirakı ilə tikinti malları mağazadan çıxarılıb tikinti gedən binalara göndərilmişdir. Malları o sayıb təhvil vermiş, mağazanın qabağındakı sürücülər aparmışdır. Malların binaların tikintisində istifadə edilməsi üçün göndərilməsi sifarişi Azər müəllimə verilmiş, Azər müəllim də ona tapşırıq vermişdir. Elə də olmuşdur ki, malları Elşan müəllim mağazaya gəlib Azər müəllimə sifariş vermişdir. Almatur, taxta, kraska, elektrik avadanlıqları və digər materillar göndərilmişdir. Gündə 2 dəfə, 3 dəfə material göndərilmişdir. Malların təhvil verilməsi ilə bağlı hər iki tərəfin dəftərləri olmuş, hər dəfə dəftərlərdə qeydiyyat aparılmışdır. Onların dəftərlərində Elşan müəllimin imzası olmamışdır. Malların qaiməsi 1 ədəd tərtib olunmuş, sürücüyə verilmiş, sürücü isə Elşan müəllimə vermişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd audio disk tədqiq edilmiş, audio yazının səslənməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı, X6 və X14 arasında müxtəlif növdə inşaat materiallarının sayı və qiyməti barədə müzakirələr gedir. X2 Azər Mirəzim oğlunun açotunun düz olmasını, ona olan borcun 156000 manat olmasını qeyd edir. X1 İddiaçı pulunu Mahir Quliyevdən almasını tövsiyə edir, Mahir Quliyevin özü bilər, özü verməsini bildirir. İş materiallarında olan 18 dekabr 2017-ci il tarixli KM.BM20/12/17/01 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalınma müqaviləsindən görünür ki, sifarişçi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı X15 ilə icraçı Cavabdeh MMC-nin direktoru X6 arasında Biləsuvar rayonunda “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmış, icraçı inşaat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş, yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin satın alınması üçün icraçının təqdim etdiyi ******* qiymət təklifini qəbul etmişdir. İcraçı müavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan tender şərtlərində nəzərdə tutulmuş “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Biləsuvar RPŞ-nin İB-nin 22 avqust 2020-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmiş, şikayətçiyə izah edilmişdir ki, Biləsuvar şəhərində inşa edilmiş “Bayraq Muzeyi” və “Gənclər Evi” obyektlərinin tikintisi üçün nisyə verdiyi tikinti materiallarının pulunu tələb etməsi ilə bağlı X5 və digərilərinə qarşı pul tələbi mülki xarakterlidir və bununla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət edə bilər. İş materiallarında olan fərdi qaydada fəaliyyət göstərən mediator tərəfindən X3 ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, 18 dekabr 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı X15 ilə Cavabdeh MMC-nin direktoru X6 arasında Biləsuvar rayonunda “Gənclər evi” və “Bayraq muzeyi” nin inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmış, icraçı müavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan tender şərtlərində nəzərdə tutulmuş binaların inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürmüş, yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin ******* manat olması müəyyən edilmişdir. Hər iki bina, “Gənclər evi” və “Bayraq muzeyi” inşa edilərək avadanlıqlar quraşdırılmışdır. İş üzrə iddiaçı İsayev X9 rayonunda inşa edilmiş “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün 156000 manat dəyərində müxtəlif adda tikinti materiallarını Cavabdeh MMC-yə verdiyini, lakin sonuncu tərəfindən materialların pulu ödənilmədiyini və bununla bağlı ziyana düşdüyünü iddia etmişdir. Məhkəmə bildirir ki, iş üzrə mübahisələndirilən birinci məsələ İddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün tikinti materiallarının verilməsi ilə bağlıdır. Qeyd edilən halla bağlı Cavabdeh MMC-nin direktoru X2 Azər Mirəzim oğlundan hər hansı tikinti materialı almadığını, gördüyü işlərə sərf olunmuş materilları özü təmin etdiyini ilkin izahatında göstərsə də, inşa edilən “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün İddiaçı tərəfindən müxtəlif adda tikinti materiallarının göndərilməsi iddiaçının izahatı ilə yanaşı Məhərrəm Ömrümovun izahatı, habelə şahid ifadələri, xüsusilə də tikinti işlərini aparan Cavabdeh MMCnin işçisi olmuş şahid X10 ifadəsi ilə təsdiq olunur. Digər tərəfdən isə Məhərrəm Ömrümov həmin materialları özü təmin etdiyini izahatında göstərsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa mübahisləndirilən ikinci məsələ İddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün verilən tikinti materiallarının qiyməti ilə bağlıdır. Belə ki, iddiaçı 191000 manat dəyərində müxtəlif adda tikinti materialları verdiyini bildirmiş, istifadə olunmayan materiallar ona göndərildikdən və ümumi məbləğdən çıxıldıqdan sonra cəmi 156000 manat dəyərində tikinti materiallarının göndərildiyini iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X14 ifadəsində İddiaçı tərəfindən göndərilən materialların pulunu hesabladıqlarını, həmin məbləğin 153000 manat təşkil etdiyini, lakin İddiaçı həmin məbləğlə razı olmayaraq göndərdiyi materialların qiymətinin 156000 manat olmasını bildirdiyini qeyd etmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilən audio yazı ilə müəyyən edilir ki, göndərilən materialların sayı və qiyməti ilə bağlı müzakirələr aparılmış və tərəflər yekun olaraq materialların qiymətinin 156000 manat olması ilə bağlı razılaşırlar. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuzsübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, səs yazısı sübut kimi qəbul edilməlidir. Çünki həmin danışıqlar birbaşa əlaqədar tərəflər arasında olan danışıqlardır. Həmin danışıqlar əqdin tərəfləri üçün sirr deyildir. Həmçinin mübahisləndirilən üçüncü məsələ ondan ibarətdir ki, iddiaçı göndərdiyi materialların pulunun veriləcəyi ilə bağlı Cavabdeh MMC-nin direktoru X6 ilə razılaşdığını, sonuncu isə İddiaçılə bununla bağlı hər hansı müqavilə bağlamadığını, aralarında heç bir razılaşma olmadığını, İddiaçı tikintiyə materialları verməsini Biləsuvar rayonun keçmiş icra başçısı Mahir Quliyevin təkidi ilə verdiyini və həmin materialların pulunu da Mahir Quliyev özü ödəyəcəyinə dair razılaşdığını və İddiaçı pulunu ancaq Mahir Quliyevdən tələb etməli olmasını izahatında bildirmişdir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, sözügedən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərini müqavilə əsasında öz üzərinə götürmüş icraçı həmin tikintiyə sərf edilmiş inşaat materiallarının dəyərini satıcısına ödəməlidir. Materialların kimin göstərişi və ya xahişi ilə verilməsi isə qeyd edilən nəticəni dəyişdirmir. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericilikdə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün yalnız müqavilənin olması təsbit edilməmişdir. Mövcud hüquq münasibətləri nisyə alqı-satqı üzrə yaranmışdır və bu zaman müqavilənin yazılı qaydada bağlanmasına dair imperativ norma yoxdur. Nə qədər ki, iddiaçı tərəfindən nisyə olaraq tikinti materialları cavabdehin özünə təhvil verilmişdir, bu zaman həmin pulun dəyərinin ödənilməsinin başqa şəxs tərəfindən həyata keçirilməli olması sübuta yetirilməlidir. Cavabdeh isə bu sübutetmə öhdəliyi vəzifəsini yerinə yetirə bilməmişdir. Onun bu barədə dəlilləri özünün subyektiv mülahizələrinə söykənmişdir ki, bu da məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 106.1-ci maddəsində qeyd olunmuşdur ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, 156000 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, iddia tələbində iddiaçı verilən materialların pulu ona vaxtında qaytarılmadığı üçün ona 50000 manat maddi ziyan dəyidiyini qeyd etsə də, qeyd edilən tələbini ümümiyyətlə əsaslandırmamış, əldən çıxamış faydanın nədən ibarət olmasını və miqdarının hansı qaydada müəyyən etməsini izah edə bilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində xərc ödəmiş, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 106 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunu tam olaraq ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 340 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 156000 (bir yüz əlli altı min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 340 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar