Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-649/2022 08.07.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 noyabr 2021-ci il tarixində bağlanmış 24 nömrəli alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra ediməməsi nəticəsində 18001.20 manat olaraq əsas məbləğin, bank köçürməsi ödənişinə görə 12.60 manat bank komissiyası məbləğinin, dəymiş zərər şəklində 43500 manat məbləğinin, dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 200 manat məbləğinin, ümumilikdə 61713.80 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu günə kimi atdıqları hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışlar. İddiaçı MMC “KFC”, “Pizza Hut” və “Simit Sarayı” restoranlar şəbəkəsinin sahibidir və bu sahədə artıq illərdir ki, fəaliyyət göstərir. Bu illər ərzində Cəmiyyət Azərbaycan Respublikasının qarşıya qoyduğu qanun və qaydalara uyğun olaraq fəaliyyət göstərmiş və heç bir zaman buna zidd hərəkətə yol verməmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 29 Noyabr 2021-ci il tarixində 24 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC müqaviləyə əlavələr ilə müəyyənləşdirilən malları İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə malları qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilə ilə eyni gündə ona 1 saylı əlavə də imzalanmışdır. Həmin əlavə ilə altı adda mal və xidmətin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə təqdim olunması razılaşdırılmışdır. Qeyd olunan mallar və xidmətlər Cəmiyyətin anbarı üçün rəflərin və bu rəflərin müvafiq qaydada qurulmasından ibarət olmuşdur. Qeyd edilən mal və xidmətlərin ümumi dəyəri isə 45 000 manat olaraq müəyyən edilmişdir. 45 000 manat olaraq müəyyənləşdirilən ümumi qiymətin 40%-i, yəni 18 001,20 manat (əlavə olaraq ödənişə görə 12,60 manat məbləğində bank komissiya haqqı) 2021-ci il 03 Dekabr tarixində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə avans şəklində ödənilmişdir. Avans ödənişin Cavabdeh MMC-yə 3 Dekabr 2021-ci il tarixində ödənilməsindən sonra 2 ay (faktiki olaraq 3 aydan çox) müddət keçsə də Cavabdeh MMC tərəfindən nə razılaşdırılmış malların verilməsi, nə də ödənilmiş avans vəsaitinin geri qaytarılması istiqamətində heç bir addım atılmamışdır. Bu 3 ay müddəti ərzində isə Cavabdeh MMC-nin direktoru ilə mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. O, sifariş verilən malların çatdırılaraq quraşdırılacağı ilə bağlı vədlər vermişdir. Daha sonra isə ödənilən məbləğin qısa müddətdə geri qaytarılacağını bildirmişdir. Lakin, qeyd edilənlərdən heç biri baş verməmişdir. Cavabdeh MMC-nin öz öhdəliklərini icra etməməsi səbəbi ilə İddiaçı MMC-nin müqavilə marağı itmiş və İddiaçı MMC ödədiyiavans ödənişin geri qaytarılması istiqamətində hüquqi addım atmışdır. Bununla bağlı olaraq ilk öncə 28 Yanvar 2022-ci il tarixində İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda ödənilmiş 18 001,20 manat məbləğinin İddiaçı MMC-nin bank hesabına geri qaytarılması tələb edilmişdir. Pretenziya məktubu Cavabdeh MMC-nin məsul şəxsi tərəfindən təhvil alınsa da, onlardan bu tələbin icra edilməsi istiqamətində heç bir addım atılmamışdır. İddiaçı MMC Cavabdeh MMC-yə mediasiya ilə bağlı təklif göndərimiş və tərəflər arasında münasibətlərin məhkəməyə qədər nizamlama (pretenziya) qaydası ilə həll olunması üçün Mediasiya Şurasına mediatorun təyin olunması ilə bağlı müraciət etmişdir. Bu müraciətə uyğun olaraq Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X3 mediator təyin olunmuş və o tərəfləri ilkin mediasiya sessiyasında iştirak etmələri üçün 5 gün əvvəlcədən məlumatlandırmışdır. Təyin olunan ilkin mediasiya sessiyası tarixində, 11 Mart 2022-ci il saat 17:00-18:00 aralığında, İddiaçı MMC-nin nümayəndəsi sessiyanın keçirləcəyi məkanda olmuş, lakin Cavabdeh MMC tərəfindən heç bir nümayəndə gəlməmişdir. Lakin, mediator ilə telefon danışığı zamanı Cavabdeh MMC-nin direktoruna mediasiya sessiyasının vaxtı və məkanı barədə məlumat verilərkən o, qeyd olunan vaxtda mediasiya sessiyyasına gələcəyini bildirmişdir. Bununla bağlı mediator tərəfindən İddiaçı MMC-yə təsdiqedici sənəd qismində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Həmçinin İddiaçı MMC tərəfindən dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 200 manat məbləğində mediasiya təşkilatına ödəniş edilmişdir. Beləki İddiaçı MMC Cavabdeh MMC-yə sifariş verdiyi rəflərin anbara yığılması və malların anbarda yerləşdirilməsi üçün əlavə olaraq xx.xx.2021-ci il tarixdə fiziki şəxs X4 ilə anbarın icarə müqaviləsi bağlamışdır. Lakin icraçı tərəfindən icranın gecikməsi üzündən İddiaçı Şirkəti qeyd olunan anbardan hələdə rəflər olmadığından təyinatı üzrə istifadə edə bilmir və faktiki olaraq hər ay 14500 manat olmaqla dörd aydır ki icarə haqqı ödəyir. Bu baxımdan borclu Cavabdeh MMC-nin icranı gecikdirməsi nəticəsində İddiaçı MMC-yə 43500 (yanvar, fevral, mart icarə xərcləri nəzərə alınır, dekabr sifarişin təhvil verilmə ayıdır deyə nəzərə almırlar) manat məbləğində zərər dəymişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -29 noyabr 2021-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh malları alıcıya verməyi, alıcı İddiaçı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. -29 noyabr 2021-ci il tarixli noyabr 2021-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, altı adda mal və xidmətin Cavabdeh tərəfindən İddiaçınə təqdim olunması razılaşdırılmışdır. Mal və Xidmətlərin ümumi dəyəri 45000 manat olaraq müəyyən edilmişdir. -30 noyabr 2015-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X4 tərəfindən Abşeron rayonu, Xırdalan-Sumqayıt yolunun sağ tərəfində yerləşən 500 kv.m quru, 500 kv.m soyuducu anbar olmaqla, ümumilidə 1000(min) kv.m-lik anbar sahəsi İddiaçınə icarəyə verilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən icarəyə verilmiş anbar sahəsinin aylıq icarə haqqı quru anbar sahəsi üçün 1 kv.m 6.98 manatdan, soyuducu anbar sahəsi üçün 1 kv.m 22.02 manatdan hesablanmaqla, ümumilikdə vergilər daxil 14500(on dörd min beş yüz) manat müəyyən olunur. -Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan-Sumqayıt şossesinin sağ tərəfində mülkiyyətində olan 0.60 ha torpaq sahəsində yerləşən 4046.34 kv.nm ümumi, 3914.7 kv.m əsas, 131.64 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabın 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. -28 yanvar 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. -ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 mart 2022-ci il tarixli, MŞB/6-919 nömrəli arayışının surətindən görünür ki, ilkin mediasiya zamanı 200 manat xərc çəkilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh malları alıcıya verməyi, alıcı İddiaçı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq Cavabdeh MMC müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın ödənilməsi hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı ziyana məruz qalmasını onunla əsaslandırır ki, X4 ilə bağlanmış icarə müqaviləsinə əsasən anbar binasını icarəyə götürmüş və hər ay ona 14.500 manat icarə haqqı ödəmişdir. Lakin, Cavabdeh MMC malları təhvil vermədiyindən həmin binadan istifadə edə bilməmişdir. Ona görə də, 3 ay ödənilmiş icarə haqqı olan 43.500 manat vurulmuş ziyanın əvəzi kimi cavabdehdən tutulmalıdır. Göründüyü kimi iddiaçı müqavilə əsasında digər şəxsə ödəmiş olduğu icarə haqqının qaytarılmasını cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Tərəflər arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 24 nömrəli alqı-satqı müqaviləsinin məzmunundan göründüyü kimi, borclunun üzərinə belə bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Hazırkı mübahisə üzrə bu kimi hallar mövcud deyildir. Binanın icarəsi üzrə müqavilə şərtlərinə əməl edilməklə ödənilmiş vəsait, həmin binanı icarəyə götürənin ondan istifadə etməməsindən, fayda götürə bilməməsindən asılı olmayaraq başqa şəxs tərəfindən vurulmuş zərər hesab edilmir. Çünki bu xərc, pozulmuş hüququn bərpa edilməsi üçün üçün çəkilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 18001.20(on səkkiz min bir manat iyirmi qəpik) manat əsas borc, 12.60 manat bank komissiyası, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 18213.80(on səkkiz min iki yüz on üç manat səksən qəpik) manat tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 18001.20(on səkkiz min bir manat iyirmi qəpik) manat əsas borc, 12.60 manat bank komissiyası, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 18213.80(on səkkiz min iki yüz on üç manat səksən qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-649/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-649/2022
08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver