Məhkəmə qərarları › İş №e-2-2(115)-65/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-65/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-65/2025 03.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 539,00 manat məbləğində borcun və 40,00 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Mahrızlı kəndi ərazisində 1,9 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 538,00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 28 manat məbləğində siyid səpini, 256 manat məbləğində çiyid toxumu, 255 manat məbləğində gübrə, cəmi 538,00 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa da xam-pambıq təhvil verməmiş, bu günə “İddiaçı”ya 538 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması maliyyə arayışı, qaimə və iş aktları və digər sənədlərlə təsdiq edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçının xeyrinə 539 manat məbləğində borcun və 40 manat ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Yağıntılı hava şəraiti ilə əlaqədar məhsuldarlığın aşağı olması əvvəlcədən aktda qeyd olunub. Bitişin alınmamasının səbəbi yağıntının olması olub. Onlar sadəcə fermerlərə tövsiyə edirlər ki, həmin sahəni sığortalasınlar. Cavabdeh məhkəmə iclasında izahatlarında bildirmişdir ki, o, yeri şumladıqdan sonra ona demişlər ki, çiyid toxumu yoxdur. Əgər yağıntı təsir etsəydi, digər torpaqlara da təsir edərdi. iddiaya etiraz edir. Belə ki, torpağı özüm şumlatmış, bütün işləri özü görmüş, lakin çiyidi onlar vermişlər. May ayında cücərmə olmadığını onlara demişdir. Ərizə yazmışdır ki, gəlib baxsınlar. 02 iyun 2022-ci il tarixdə şirkətin mütəxəssisləri gəlib baxmışlar və bu barədə akt tərtib etmişlər. Ərizədə qeyd olunan 50 kq toxum da səhv yazılıb, çünki 1,93 ha üçün 50 kq çiyid çoxdur. Malların fiziki şəxslərə təhvil-qəbul qəbzindəki imza da ona məxsus deyil. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, malların fiziki şəxslərə təhvil-qəbul qəbzi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 11 aprel 2022-ci il tarixli xampambığın alqı-satqısına dair müqavilələrin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2022-ci il tarixli müqaviləyə əsasən “alıcı” qismində İddiaçı Ağdam filialı “satıcı” qismində Cavabdeh məxsus Ağdam rayonu, Mehrəli kəndi ərazisində 1,90 hektar sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirməyi, “satıcı” yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “alıcı”ya təhvil verməyi, “alıcı” isə məhsulu qəbul etməyi və onun dəyərini “satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində fermer qrafasında olan imzanın onun tərəfindən imza edilmədiyini bildirmiş və bununla bağlı müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının 07 fevral 2025-ci il tarixli 3-16- 16/2-4/1917 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində Cavabdeh yazısının qarşısındakı imza Cavabdeh yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə 07 fevral 2025-ci il tarixli 3-16-16/2-4/1917 nömrəli ekspert rəyi ilə bağlı qiymətləndirmə apararaq qeyd edir ki, xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvilqəbul qəbzində olan imza Cavabdeh tərəfindən imzalanmadığından, 255 manat məbləğində gübrənin həqiqətən cavabdehə verilməsi hər hansı digər sübutlarla təsdiq edilmir. Çünki iddiaçı tərəfindən məhkəməyə sübut kimi yalnız həmin qəbz təqdim edilmişdir. Sözügedən xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində təhvil aldım qrafasında olan imza cavabdehə məxsus olmadığından 255 manat dəyərində gübrənin cavabdehə verilməsi sübuta yetirilə bilmir. Cavabdehin özü də məhkəmə iclaslarında izahatında bildirmişdir ki, iddiaçı tərəfindən həqiqətən ona məxsus olan sahəyə çiyid səpinin həyata keçirilmişdir. Lakin həmin vaxt o orada olmamışdır. Eyni zamanda hesab etmişdir ki, hər hektara ən yuxarısı 20 kq çiyid səpilməlidir. İddiaçı tərəfindən qeyd olunan 50 kq. çiyid həmin sahə üçün çoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzində olan imza Cavabdeh tərəfindən imzalanmasa belə cavabdeh özü də etiraf edir ki, onun sahəsinə iddiaçı tərəfindən çiyid səpilmişdir. Havalar yağıntılı keçdiyindən toxumlar çürümüş və sahədə bitiş zəif olmuşdur. Bununla bağlı iddiaçıya müraciət etmiş və iddiaçının nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Belə olan halda iddiaçı tərəfindən çiyidin verildiyi və əkinin həyata keçirildiyi işin mübahisəsiz halıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən cavabdehə məxsus sahəyə 256 manat məbləğində çiyid toxumu səpilmiş və 28 manat məbləğində çiyid səpini həyata keçirilmişdir. Ona görə də 284 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 40 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 40 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 40 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının 07 fevral 2025-ci il tarixli 3-16- 16/2-4/1917 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının ekspert rəyinin tədqiqat dəyəri 127 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 127 manat ekspertiza xərci iddiaçıdan tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 284 manat məbləğində borc, 40 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 127 manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar