Məhkəmə qərarları › İş №e-2-2(115)-653/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-653/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-653/2022 20.05.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış məhsulların müsadirə edilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdim: İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 40 manat olan 14 qutu tütün məmulatının (4 qutu Marlboro, 2 qutu Parlament, 1 qutu Marlboro, 2 qutu Kend, 4 qutu Elegance, 1 qutu Milano markalı) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 11 aprel 2022-ci il tarixli, e-2-2(115)-653/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 12 saylı Ərazi Vergilər Baş İdarəsində 02.07.2007-ci il tarixdə uçota alınmış, əsas fəaliyyət növü ixtisaslaşmış mağazalarda sair yeni malların pərakəndə satışı olmaqla, həmin fəaliyyət üzrə AZ2018, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti göstərir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 03.02.2022-ci il tarixli **********5065 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən AZ2001, Gəncə şəhəri, H.Əliyev ev.34 ünvanında yerləşən, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) məxsus mağazada aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 40 manat, satış dəyəri 45,8 manat olan 14 qutu tütün məmulatı aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair” 03.02.2022-ci il tarixli DVX-№ 000642 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi haqqında” 03.02.2022-ci il tarixli DVX-№ 000601 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Cavabdeh məxsus obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, ümumi alış dəyəri 40 manat olan 14 qutu tütün məmulatlarının satış üçün saxlanması halı aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarında olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 03.02.2022-ci il tarixli **********5065 nömrəli qərardan görünür ki, Cavabdeh məxsus obyektdə aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi üzrə 03.02.2022-ci il tarixdən 03.03.2022-ci il tarixədək (03.03.2022 tarixi daxil olmaqla) operativ vergi nəzərəti kiçik vergi xidməti müşaviri X3, 3-cü dərəcəli müfəttiş X2 və 2-ci dərəcəli müfəttiş X1 həvalə olunmuş və onlar tərəfindən aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların vergi ödəyicisindən götürülməsi barədə DVX seriyalı 000601 nömrəli 03.02.2022-ci il tarixli müvafiq protokol tərtib olunmuşdur. Həmin protokol Cavabdeh iştirakı ilə tərtib edilmiş və cavabdeh tərəfindən şəxsən imza edilmişdir. İş materiallarında olan markalanmalı (nişanlanmalı) olan malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair 03.02.2022-ci il tarixli, DVX seriyalı, 000642 nömrəli aktdan görünür ki, aşkar edilmiş aksiz markaları ilə markalanmamış və ya saxta markalarla markalanmış ümumi alış dəyəri 40 manat olan 14 qutu tütün məmulatlarının siyahısı tərtib edilmiş və akta əlavə edilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə hazırkı tələblə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, ümumi alış dəyəri 40 manat olan 14 qutu tütün məmulatlarının müsadirə edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1, 90.1-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233, 252 və 253-cü maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh məxsus, aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış, ümumi alış dəyəri 40 manat olan 14 qutu tütün məmulatları müsadirə edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar