Məhkəmə qərarları › İş №e-2-2(115)-66/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-66/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-66/2024 15.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 41990 manat 35 qəpik, gecikdirilmiş son tarix xx.xx.2021 olmaqla, xx.xx.2023 tarixinə qədər 752 gün üçün (365 gün = 5%, 752 = 10,3%), yəni 41990,35*10% = 4325 manat ödənilməsinə, 216 manat 40 qəpik dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 1640 manatın, ümumilikdə cavabdehdən 48171 manat 75 qəpik məbləğin tutulub İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ilin aprel-avqust ayları ərzində şirkətdən 129882 manat məbləğində baytarlıq preparatları, dezinfeksiya maddələri və s. 1 ay müddətində ödəniş etmək şərtilə alıb. Bu məbləğdən cavabdeh 71091 manat 65 qəpik dəyərində olan malları şirkətə geri qaytarıb, 16800 manat məbləğində pul vəsaitini isə şirkətin kassasına ödəmişdir. Qalan 41990 manat 35 qəpik məbləğində olan borcu isə bugünədək ödəməkdən yayınıb. Şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən yayınıb. xx.xx.2021 tarixdə Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinə müraciət edilib. Bərdə rayon polis şöbəsinin xx.xx.2021 tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında deyilir ki, cavabdeh borcu etiraf edir və qısa zaman ərzində qaytarmağı söz verir. Lakin, bugünədək cavabdeh tərəfindən heç bir müsbət hərəkət olmayıb. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə yeni ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi X1 30 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən müəyyən olunur və Cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatda göstərmişdir ki, İddiaçı MMC-dən nisyə baytarlıq dərmanları götürmüş, həmin dərman preparatlarını bütün rayonlardakı baytarlıq apteklərinə nisyə paylamışdır, dərmanları payladığı apteklərin siyahısını da şirkətə vermişdir. İcarəyə götürdüyü avtomobillə avtoqəza baş verdiyindən ödənişlər edə bilməmişdir, payladığı dərmanların pulunu isə şirkət özü yığmalıdır. Onun şirkətə şəxsən 6000 manat və dərmanların satışından 35881 manatlıq borcu var. Cavabdeh iddiaçı "xxxx" MMC-dən müxtəlif vaxtlarda nisyə baytarlıq dərmanları almışdır. Lakin aldığı malın dəyərini ödəməmiş və nəticədə 41990.35 manat borclu qalmışdır. Bərdə Rayon Polis şöbəsinin 30 noyabr 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında deyilir ki, cavabdeh borcu etiraf edir və qısa zamanda qaytarmağa söz verir. İddiaçının nümayəndəsi Vəkil məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsinin xx.xx.2021 tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından və Cavabdeh polisə verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-nin rəhbəri kimi tanıdığı Azər Süleymanovla həmin MMC-də işləyən X3 vasitəsi ilə tanış olmuş, ona həmin şirkətin həm tibbi, həm baytarlıq dərmanlarının satışı ilə məşğul olduğunu, həmin dərmanaların satışı üçün onlara kömək edilməsi deyilmişdir. O, Bakı şəhərinə gedib Azər müəllimlə görüşmüş və şirkətdən götürdüyü dərmanların satışının təşkil edilməsi, hər ay satılan malların pulunun verilməsi, qalan dərmanların hesabatının verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra şirkətdən ona 05 aprel 2021-ci il tarixində müxtəlif adda, ümumilikdə 74286 manat baytarlıq dərmanları, 06 aprel 2021-ci il tarixində yeni markalı dərmanlar gəldiyi üçün 2380 manat dəyərində müxtəlif adda baytarlıq dərmanları, daha sonra yeni çeşidli dərmanlar gəldiyi üçün 1475 manat dəyərində baytarlıq dərmanları, 10 may 2021-ci il tarixində 33198 manat dəyərində yeni çeşidli baytarlıq dərmanları, sonuncu dəfə isə 17 iyun 2021-ci il tarixində 18541 manat dəyərində yeni çeşidli baytarlıq dərmanları verilmişdir. Şirkətdən götürdüyü həmin dərman preparatlarını bütün rayonlarda yerləşən baytarlıq apteklərinə nisyə paylamış, apteklərlə belə razılaşmışdır ki, dərmanları aptekə paylayıb bir ayın axırında apteklərdən satılan dərmanların pulunu alıb, qalan dərmanların qeydiyyatını aparacaq. O, şirkətdən, ümumilikdə 129882 manat dəyərində müxtəlif çeşidli baytarlıq dərmanlarını götürüb Şamaxı, Ağstafa, İsmayıllı, Qəbələ, Göyçay, Ucar, Bərdə və digər rayonlarda yerləşən baytarlıq apteklərinə paylamışdır. Həmin dərmanlardan 22 iyun 2021-ci il tarixdə 13049 manat dəyərində vaxtı bitmiş dərmanları şirkətə qaytarmışdır. O, şirkətə, ümumilikdə 71091 manat dəyərdinə dərmanları qaytarmış, şirkətdən götürdüyü dərmanlara görə, ümumilikdə şirkətə 16800 manat pul ödəmiş, halhazırda şirkətə 41990 manat borcu vardır. Həmin 41990 manatdan 6000 manatı onun şəxsi borcudur. Qalan 35881 manat isə şirkətdən götürüb rayonlarda yerləşən baytarlıq apteklərinə nisyə verdiyi dərmanların məbləğidir. 3 ay müddətində şirkətə hesabat verməməyinin səbəbi isə ərazidə dərman preparatlarını paylayan 1 şəxsi və 1 icarəyə götürdüyü avtomobillərinin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ziyana düşməsi olmuşdur. Avtomobillər işləmədiyi üçün əraziyə çıxa bilməmişdir. O, 6000 manatı qısa müddət ərzində qaytaracağına söz verir, qalan 35881 manatlıq dərmanları hansı aptekə verməyi barədə sənədləri şirkətə təqdim etmişdir. Şirkət onu işdən çıxartdığı üçün həmin dərmanların pulunu şirkət yığmalıdır. Çünki o, hal-hazırda həmin şirkətdə işləmir. Onu da qeyd edir ki, ona verilən dərmanlarda qiymət baha yazılırdı, o işdən çıxdıqdan sonra isə şirkət həmin dərmanların qiymətini aşağı endirib apteklərə paylamışlar. Pretenziya məktubundan görünür ki, İddiaçı MMC cavabdehə 41990 manat 35 qəpik borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “LCG” Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 1954/23 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC tərəfindən “LCG” Vəkil Bürosuna xx.xx.2023-cü il tarixdə hüquqi yardım üçün 1640 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh iddiaçıdan nisyə qaydada mal almış, malın dəyərinin bir hissəsini ödəmiş, bir hissəsini iddiaçıya qaytarmış, qalan 41990 manat 35 qəpik məbləğində borcun qaytarılmasını etiraf etsə də, həmin məbləğdə borcunu ödəməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 41990 manat 35 qəpik məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 1640 manat və ödənilmiş 6 manat dövlət rüsumu olmaqla, cəmi 43636 manat 35 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilməli olan 209 manat 97 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. 10 oktyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçının nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 6 manat 40 qəpik dövlət rüsumu ödənilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərcinini və 6 manat 40 qəpik dövlət rüsumu ödədiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 209 manat 97 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin aldığı mallara görə bu günədək satış pulunun ödənilməsinə yönəlmiş heç bir icra hərəkətləri etmədiyi üçün və həmin vaxtdan ona veriləsi pul onlarda olduğuna görə, ən azından əsas borcun ildə 5% hesablanmış faiz dərəcəsi üzrə 4325 manat pul borcunun da ona ödənilməsinə dair tələb irəli sürərkən, tərəflərin arasında yazılı müqavilənin olmaması halını nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 41990 manat 35 qəpik məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 1640 manat və ödənilmiş 6 manat dövlət rüsumu olmaqla, cəmi 43636 manat 35 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməli olan 209 manat 97 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar