Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-663/2023 03.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Məmmədova Türkan Dilavər qızının katibliyi ilə İddiaçı «X2 ve Ticaret» Anonim Şirkətinin cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X2 ve Ticaret» Anonim Şirketi cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 14 fevral 2018-ci il tarixli müqavilə üzrə 16800 ABŞ dolları məbləğində borcun, 210 manat məbləğində mediasiya xərcinin, hüquqi yardımla bağlı 300 manat vəkil xərcinin və ödənilmiş 179 manat dövlət rüsumunun cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X1 və Ticaret" A.Ş-i Şirkəti ilə "xxxx" MMC arasında ekspeditor xidmətlərinin göstərilməsinə dair 14 fevral 2018-ci il tarixdə nəqliyyatekspeditor xidmətləri müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən "X1 və Ticaret" A.Ş-i Şirkəti tərəfindən cavabdeh "xxxx" MMC-nin sifarişlərinə əsasən malların daşınması həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış “Yükdaşıma xidmətlərinə dair” müqavilənin şərtləri ilk daşıma zamanı vaxtında icra olunsa da, növbəti yükdaşımaları zamanı kobud şəkildə pozulmuşdur. İdiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən yayınmışdır. Cavabdeh şirkətə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunmasına baxmayaraq, qarşı tərəf bununla bağlı heç bir tədbir görməmiş və üzərilərinə düşən öhdəliklərini vaxtında icra etməmişdir. Nəticədə cavabdeh şirkətin iddiaçıya 14 fevral 2018-ci il tarixli müqavilə üzrə 16800 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “yerinə yetirilmiş işlərin təhvil verilməsi” haqqında 14 fevral və 28 dekabr 2018-ci il tarixli təhvil-təslim aktları ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə 15 mart 2022-ci il tarixində 16800 ABŞ dolları borc məbləğini tələb etmələri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili Vəkil isə məhkəməyə ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli “Nəqliyyat-Ekspeditor Xidmətləri” müqaviləsindən görünür ki, iddiaçı-«X2 ve Ticaret» Anonim Şirketi cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh- Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti isə xidmətləri qəbul edib bunun müqabilində iddiaçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən gözləmə vaxtı 48 saat, boşaltma üçün 48 saatdır. Bu müddətdlərdən sonra hər hansı gecikən gün üçün 100 USD ümumi qiymətə əlavə ediləcəkdir. xx.xx.2018-ci il tarixli “Yerinə yetirilmiş işlərin təhvil-təslim” aktından görünür ki, 5250 USD, xx.xx.20180-ci il tarixli akta əsasən isə 87550 USD məbləğində işlər görülmüşdür. 87550 USD borcdan 60650 USD ödəniş olunmuş, 26900 USD ödənilməmiş borc qalmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəqliyyat-Ekspeditor Xidmətləri” müqaviləsindən görünür ki, iddiaçı-«X2 ve Ticaret» Anonim Şirketi cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh- Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti isə xidmətləri qəbul edib bunun müqabilində iddiaçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, borc tam olaraq ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçı xarici hüquqi şəxs Bakı şəhəri Heydər Əliyev prospekti 152 ünvanında fəaliyyət göstərdiyi yer vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə uyğun qaydada iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 16800 ABŞ dollar borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 210 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 150 manat pul tutularaq iddiaçı “X2 ve Ticaret” Anonim Şirkətinə ödənilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi” haqqında Plenumun Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 16800 ABŞ dollar borc (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 210 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 150 manat pul tutularaq iddiaçı “X2 ve Ticaret” Anonim Şirkətinə ödənilsin. Cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 175,68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-663/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-663/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver