Məhkəmə qərarları › İş №e-2-2(115)-670/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-670/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-670/2023 19.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2022-ci il tarixli 329-İ/22 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 488,60 manat borcun, 40 manat dəbbə pulunun, 10 manat dövlət rüsumunun və ödənilmiş 20 manat mediasiya xərci olmaqla, cəmi 558,60 manat pul vəsaitinin cavabdeh X2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 01 iyun 2022-cu il tarixli 329-İ/22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə Satıcı özünün idxal etdiyi və ya rəsmi distribütoru olduğu sular, spirtli, spirtsiz içkilər və sair məhsullarını, Alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixdə elektron qaimədən görünür ki, cavabdeh X4 ilə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 488,60 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qarşı tərəf müqaviləni fiziki şəxs kimi bağlamışdır, cavabdehin VÖEN-i var, o sahibkarlq fəaliyyəti ilə əlaqədar malları onlardan almışdır. Onların şirkəti xaricdən spirtli və spirtsiz içkilər idxal edir. Cavabdeh müqavilə bağlayaraq onlardan spirtli içki almışdır. Belə ki, 688.60 manatlıq malı birinci dəfə almış, ikinci dəfə 727,60 manat dəyərində mal almışdır. Cavbadeh heç bir ödəniş etməmişdir. Cavbdeh 488,60 manat dəyərində malı satmış, lakin onun pulunu ödəməmişdir. Onlar qalan malı cavbadehdən geri götürmüşlər. Geri götürülən malın dəyərini ümumi məbləğdən çıxdıqdan sonra cavabdehin onlara 488,60 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlasalar da o, borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" Məhudud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh X4 isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 329-İ/22 saylı malların alqı-satqı qaydaları haqqında müqavilədən görünür ki, satıcı İddiaçı MMC rəsmi disrtibütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spritli, spritsiz içkiləri və sair məhsulları, alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcı X1, alıcı isə faktura təqdim olunan gündən etibarən, nağdsız qaydada 30 təqvim günü müddətində faktura üzrə göstərilən məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti 3 ildir. İş materialllarında olan xx.xx.2022-ci il tarixli 722868 nömrəli elekrton qaimədən görünür ki, İddiaçı MMC tərəfindən X3 488,60 manat dəyərində malların göndərilməsinə dair elektron qaimə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli O104-2496 saylı satış fakturasına əsasən 688,60 manat, xx.xx.2022-ci il tarixli O104-2817 saylı satış fakturasına əsasən isə 727,60 manat dəyərində mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 63 saylı pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə X4 arasında 01 iyun 2022-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Satıcı rəsmi disrtibütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spritli, spritsiz içkiləri və sair məhsulları qaimə-faktura əsasında Alıcıya satmağı, Alıcı isə malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya ödəməmişdir. Onun iddiaçıya 488,60 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 488,60 manat məbləğində pul cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Şəki şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 20 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan 23900 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X4 arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 329-İ/22 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh X2 488 (dörd yüz qırx səkkiz) manat 60 (altmış) qəpik əsas borc, 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X2 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar