Məhkəmə qərarları › İş №e-2-2(115)-688/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-688/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-688/2020 21.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 162347 manat 79 qəpik borcun və cavabdehin borcdan yayınması nəticəsində maddi və əldən çıxmış fayda kimi 20000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 01 saylı distribütorluq müqaviləsi bağlanmışdır. Müqavilə əsasında tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşdular. “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə-faktura ilə müəyyən edilmişdir. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq Cavabdehnə 162347 manat 79 qəpik borclu olduğu məbləği ödəməmişdir. Bundan sonra “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan X3 ilə iddiaçı arasında xx xxxxxx 2020-ci il tarixdə 162347manat 79 qəpik məbləğində “Borc Müqaviləsi” bağlanmışdır. Bu barədə borc müqaviləsinin tərkib hissəsi olan 01 saylı əlavədə borc pulun verilməsi barədə təhvil təslim aktı tərtib olunmuş və tərəflər təhvil təslim aktını imzalamışdılar. Bundan sonra “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan X3 ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə “Tələb hüquqlarının güzəşti haqqında” müqavilə imzalanmışdır. Eyni zamanda “Tələb hüquqlarının güzəşti haqqında” müqavilə tərtib olunandan sonra xx.xx.2020-ci il tarixdə "xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olan X3 tərəfindən tələb etmək hüququnun iddiaçıya ötürülməsi barədə Cavabdeh MMC-yə bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən borcun qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Odur ki, həmin “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə əsasən 162347 manat 79 qəpik borc pul məbləği cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, əldən çıxmış faydanın hesablanması ilə bağlı hansısa bir sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş diler “xxxxxxx” MMC ilə distribütor Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 01 nömrəli distribütorluq müqaviləsindən görünür ki, diler ona məxsus olan məhsulları distribütorun yazılı sifarişi əsasında distribütora çatdırmağı, distribütor isə bunun qarşılığında məhsulların dəyərini dilerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş elektron vergi hesab-fakturalardan görünür ki, Cavabdeh MMC “xxxxxxx” MMC-dən satmaq üçün mal götürmüş, nəticədə 170779 manat 19 qəpik borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı 162347 manat 79 qəpik məbləğində pulu borc alan X2 borc vermiş, borc alan isə aldığı borcu 18 ay müdətinə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli tələb hüquqlarının güzəşti haqqında müqavilədən görünür ki, tələb sahibi “xxxxxxx” MMC Cavabdeh MMC ilə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 01 saylı distribütorluq müqaviləsi əsasında bu müqavilə bağlanan tarixə Cavabdeh MMC-yə qarşı 162347 manat 79 qəpik məbləğində tələb hüququnu güzəşt edilən X2 ötürmüş, bunun müqabilində isə “xxxxxxx” MMC-nin X2 xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsi üzrə qalan 457424 manat 75 qəpik məbləğində borcunun 162347 manat 79 qəpik hissəsi qaytarılmış hesab olunmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli tələb hüquqlarının güzəşti haqqında müqavilədən görünür ki, tələb sahibi X3 “xxxxxxx” MMC ilə X3 arasında bağlanmış tələbin güzəşti haqqında xx xxxxxx 2020-ci il tarixli müqavilə əsasında özünün müqavilə bağlanan tarixə Cavabdeh MMC-yə qarşı 162347 manat 79 qəpik məbləğində tələb hüququnu güzəşt edilən İddiaçı ötürmüş, bunun müqabilində isə X1 İddiaçı olan 162347 manat 79 qəpik məbləğində borc öhdəliyinə xitam verilmişdir. İş materiallarında pretenziya məktubunun surətindən görünür ki, iddiaçı distribütorluq müqaviləsi əsasında yaranmış 162347 manat 79 qəpik məbləğində borcun tələb hüquqlarının güzəşti haqqında müqaviləyə əsasən ödənilməsini cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Mülki Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh MMC “xxxxxxx” MMC-dən satış üçün 162347 manat 79 qəpik məbləğində mal almış, verilmiş malın dəyərinin qaytarılmasını təmin etməsinə dair “xxxxxxx” MMC qarşısında öhdəlik götürmüş, lakin ödənişi tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Həmin tələb “xxxxxxx” MMC tərəfindən X2, sonuncu tərəfindən isə İddiaçı ötürülmüşdür. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 162347 manat 79 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı zərərin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilmədiyindən iddia bu hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 162347 manat 79 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar