Məhkəmə qərarları › İş №e-2-2(115)-692/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-692/2022

15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-692/2022 15.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın hərrac vasitəsi ilə satılması tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı siyahıya alınmış əmlakın hərrac vasitəsi ilə satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna ödənilməmiş 1395 manat 67 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının (2021-ci il buraxılışlı “LADA 21214” markalı, **-DO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi) satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəlikiərini yerinə yetirmədiyi üçün onun dövlət sosial müdafıə fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə yaranan 1395 manat 67 qəpik borcuna görə 15000 manat məbləğində əmlakı (1 ədəd 15000,0 manat dəyərində 2021-ci il buraxılışlı “LADA 21214” markalı, ** DO *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ) siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********9 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət sosial müdafıə fonduna 1395.67 manat (əsas borc üzrə 1251,57 manat, faiz borcu üzrə 143,92 manat) ödənilməmiş borcu qalmışdır. Sonuncu dəfə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə göndərərək, vergi ödəyicisi tərəfindən qismən ödəniş edildiyindən cavabdehin dövlət sosial müdafiə fonduna ödənilməmiş 128 manat 45 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının (2021-ci il buraxılışlı “LADA 21214” markalı, **-DO-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi) satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh borcundan ödəniş etdikdən azaldılma barədə ərizə məhkəməyə təqdim edilmişdir. Borc barədə cavabdehə bildirişlər göndərilsə də cavabdeh tərəfindən borcu tam ödənilməmişdir. Ona görə də, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmlakının siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********9 saylı protokoldan və “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi barədə xx.xx.2022--ci il tarixli aktdan görünür ki, vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisi olan Cavabdeh qiyməti 15000 manat olan “LADA 21214” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən vergi müfəttişi tərəfindən siyahıya alınmaqla borclu Cavabdeh məsul saxlancına verilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, dövlət sosial müdafiə fonduna yaranmış vergi borcunun ödənilməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə siyahıya alınmış əmlakların satılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə dövlət sosial müdafiə fonduna ödənilməmiş 128 manat 45 qəpik borcu vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi, ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından göründüyü kimi, vergi ödəyicisi olan Cavabdeh dövlət sosial müdafiə fonduna olan 128 manat 45 qəpik məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət sosial müdafiə fonduna ödənilməmiş 128 manat 45 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus qiyməti 15000 manat olan “LADA 21214” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərrac vasitəsilə satılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh qeyd olunan borcun ödənilməsini təmin etmək məqsədi ilə daha az dəyərə malik əmlakının olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı dövlət orqanı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dövlət sosial müdafiə fonduna ödənilməmiş 128 manat 45 qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ona məxsus dəyəri 15000 manat olan “LADA 21214” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hərrac vasitəsi ilə satılsın. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar