Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-694/2024 05.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin istehsal etdiyi malları alaraq ödəmədiyi 17208,20 manat məbləğində borcun və ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 dekabr 2022-ci il tarixli 8 saylı süd alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC istehsal etdiyi inək südü məhsulunu "xxxx" MMC-yə satmağı, alıcı isə öz növbəsində alınan malların dəyərini müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə qiymət razılaşma protokoluna uyğun ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 66182,20 manat (ƏDV daxil, qaytarma çıxılmaqla net məbləğ) olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 48974 manat (ƏDV daxil) hissəsi ödənilmiş, lakin ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq 17208,20 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən həftə ərzində alınan süd partiyasının ödənişi ən geci 3 iş günü ərzində həyata keçirilməli idi. Lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəflərindən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 8 saylı süd alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC istehsal etdiyi inək südü məhsulunu alıcı Cavabdeh MMC-nə satmağı, alıcı isə öz növbəsində alınan malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə qiymətin razılaşdırma protokoluna uyğun qiymətə əsasən satıcıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qiymətlərin razılaşdırma protokoluna əsasən inək südünün litirinin qiymətinin 0,90 manat təşkil etməsi müəyyən olunmuşdur. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə 940,50 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 804,60 manat, xx.xx.2023cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1389,60 manat, xx.xx.2023-cü il tarixdə 1368 manat, xx.xx.2023-cü il tarixdə 1286,90 manat, 1292 manat, xx.xx.2023-cü il tarixdə 1317,50 manat, 1317,50 manat, xx.xx.2023-cü il tarixdə 1370,70 manat, xx.xx.2023-cü il tarixdə 1292 manat, xx.xx.2023-cü il tarixdə 1317,50 manat, xx.xx.2023-cü il tarixdə 1309 manat, xx.xx.2023-cü il tarixdə 1320,90 manat dəyərində malların elektron qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüşdür. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 66182,20 manat dəyərində süd məhsulları təchiz edilmişdir. Eyni dövr ərzində Cavabdeh MMC tərəfindən ƏDV daxil İddiaçı MMC-yə 48974 manat ödəniş etmişdir. Nəticədə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17208,20 manat (ƏDV daxil) debitor borcu yaranmışdır. İş materiallarında olan hesabdan çıxarışda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 17208,20 manat borcu var. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 dekabr 2022-ci il tarixdə süd alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı MMC istehsal etdiyi inək südü məhsulunu alıcı Cavabdeh MMC-nə satmağı, alıcı isə öz növbəsində alınan malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı əlavədə qiymətin razılaşdırma protokoluna uyğun qiymətə əsasən satıcıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 17208,20 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 17208,20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 210 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də 141 manat 62 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 8 saylı süd alqısatqısı müqaviləsi üzrə 17208 (on yeddi min iki yüz səkkiz) manat 20 (iyirmi) qəpik pul, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 141 (bir yüz qırx bir) manat 62 (altmış iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-694/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-694/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver