Məhkəmə qərarları › İş №e-2-2(115)-696/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-696/2024

24.04.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-696/2024 24.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 10320,78 manat məbləğində (o cümlədən, vergilər üzrə 9792,01 manat, faizlər üzrə 528,77 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 16299,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 14916,72 manat, faizlər üzrə 1382,77 manat) olmaqla, ümumilikdə 26620,27 manat məbləğində borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 10320,78 manat məbləğində (o cümlədən, vergilər üzrə 9792,01 manat, faizlər üzrə 528,77 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 16299,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 14916,72 manat, faizlər üzrə 1382,77 manat) olmaqla, ümumilikdə 26620,27 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Orxan adlı bir şəxslə tanış olmuşdur. Bir müddət sonra o ona və bacısına evdən kompüter vasitəsilə işləməyi təklif etmişdir. Onlar ikisi də razı olmuşdur. Hər ikisi Asan imza aldıqdan sonra ona təhvil vermişlər və işə nə zaman başlayacaqlarını gözləməyə başlamışlar. Hər ayın axırında söz vermişdir ki, 600-700 manat maaş alacaqlar. Amma müəyyən qədər vaxt keçdikdən sonra onunla əlaqə saxlayanda onları yubatmağa başlamışlar. Daha sonra bacısı maraqlanmış və ona demişlər ki, onların Asan imzasından istifadə edərək vergi orqanında adlarına hüquqi şəxslər yaradıblar. O zaman o, vergi orqanına yaxınlaşaraq bu barədə məlumat almaq istəmişdir. Ona bildirmişlər ki, adlarına bir neçə hüquqi şəxs yaradılıb. Daha sonra bununla bağlı Baş Prokurorluğa şikayət etmişlər. Prokurorluqda isə ona izah etmişlər ki, Orxanın dostu vergi dələduzluğu ilə məşğuldur və onun istintaqı gedir. Demişlər ki, istintaq və sair mərhələlər başa çatdıqdan sonra onun borcu avtomatik silinəcək. Lakin o, bu il özünün və bacısının övladlarını Türkiyəyə həkim müayinəsinə aparmalıdır. Uşağın onurğa sütununda yaranmış problemə bağlı həkim müayinəsinə getmələri vacibdir. Qeyd olunan məhdudiyyətin qoyulması uşağın sağlamlığına təsir göstərəcəyindən həmin məhdudiyyətin qoyulmamasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs məhkəmə iclasına gəlmiş, ərizəçi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi tərəfindən elektron qaydada materiallar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara vergi ödəyicisi olan hüquqi şəxslərin şəxsi hesab vərəqələri, bildirişlər, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə maraqlı şəxsin izahatını dinləyib və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 10320,78 manat məbləğində (o cümlədən, vergilər üzrə 9792,01 manat, faizlər üzrə 528,77 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 16299,49 manat məbləğində (o cümlədən, vergilər üzrə 14916,72 manat, faizlər üzrə 1382,77 manat) olmaqla, ümumilikdə 26620,27 manat borcu vardır. Lakin, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilən ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Dilara Muratın hər iki bud çanaq oynağında dəyişikliklər vardır. Onurğada sağtərəfli skolioz və bud-çanaq oynaqlarının minimal bud başlarının assimmetriyası qeyd olunur. “Elektron məhkəmə” informasiya sistemindən qohumluq məlumatlarından görünür ki, X1 Muratın övladıdır. Məhkəmə belə vəziyyətdə maraqlı şəxsinin övladının sağlamlıq hüququnun, onun dövlət vergilərini ödəmək vəzifəsinin icrası baxımından ədalətli tarazlılığının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 27-ci maddəsinə görə hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsində qeyd edilmişdir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai arayışın maraqları naminə, ictimai qaydanı yaratmaq üçün cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Battista İtaliyaya qarşı” iş üzrə 2014-cü il 2 dekabr tarixli qərarında qeyd edilmişdir ki, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub olmadığını nəzərə almadan borcunu ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq edilməsi Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qoçev Bolqariyaya qarşı” iş üzrə 2009cu il 26 noyabr tarixli qərarında İHAM kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsi səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” iş üzrə 2008-ci il 24 aprel tarixli qərarda da təkrarlamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” iş üzrə qərarında məhkəmə qeyd edilmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasının zərurliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Məhkəmə belə vəziyyətdə maraqlı şəxsin övladının sağlamlığının qorunmasının hüququnun təminatı baxımından onun xəstəlikdən əziyyət çəkməsini nəzərə almaya bilməz. Düzdür dövlət büdcəsinə vergi və digər məcburi ödənişləri ödəmək hər bir şəxsin borcudur, bu vəzifə heç bir halda istisna edilə bilməz. Hazırkı vəziyyətdə isə maraqlı şəxsin Konstitusiyada göstərilən vəzifələrinin icrası üçün övladının sağlamlığının qorunması hüququnun təminatı daha zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, maraqlı şəxsin dövlət büdcəsinə olan vergi borcu və digər məcburi ödənişlər ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuni və ədalətli hesab edilmədiyindən bu barədə ərizə rədd edilməlidir. Maraqlı şəxsin övladının sağlamlığında ciddi problemlər vardır, onun ölkə xaricində müayinə və müalicəyə ehtiyacı vardır. Belə olduğu təqdirdə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması humanizm və ədalət prinsiplərinin pozulmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. xx.xx.2022-ci il tarixli 2-2(102)-159/2022 nömrəli ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs X2 qarşı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının qərarında qeyd olunmuşdur ki, ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırmalıdırlar. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Məhdudiyyətin mütənasib olub-olmaması mütləq məhkəmələr tərəfindən müəyyən edilməli, bu zaman vergi ödəyicisinin mübahisəyə qədərki davranışları, vergilərin vaxtıvaxtında ödənilməsi kimi hallar, bu məcburiyyət tədbiri tətbiq edilmədən vergilərin ödənilməsi imkanları və s. nəzərə alınmalıdır. Bu, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, məhkəmələr hakimiyyət və kreditorların borcun ödənməsi üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etməli, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasibliyi təmin etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır. Ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin vergi borcunu ödəməkdən yayınma məqsədilə ölkədən getmək ehtimalı olmalıdır. Şəxs müalicə məqsədi ilə və ya təcili işi ilə bağlı olaraq qısa müddətə xaricə getməlidirsə, bu onun borcdan yayınması mənasına gəlmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar