Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-713/2025 26.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 8198,51 manat məbləğində borcun və 100,00 manat ödənilmiş mediasiya xərcinin və 2 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qətnamə qəbul etməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 200 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Qərvənd kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 3322,84 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında; 128.00 manat məbləğində çöp doğrama, 311.60 manat məbləğində 1-ci şum, 119.00 manat məbləğində mala çəkmə, 60.00 manat məbləğində sahədaxili kanal çəkilişi, 56.00 manat məbləğində çiyid səpini, 576.00 mamat məbləğində kultivasiya, 67.60 manat məbləğində dərman səpini, 750.00 manat məbləğində maşınla 1-ci üz pambıq yığımı, 134.60 manat məbləğində pecdisit, 200.00 manat məbləğində çiyid toxumu, 920.00 manat avans olaraq becərmə, arat pulu, cəmi: 3322,84 manat məbləğində avans verilmişdir. Lakin “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsum başa çatsa 1409.04 manat məbləğində 2012.92 kq xam-pambıq təhvil vermiş, ötən mövsumdan qalan 6284.71 manat borcu nəzərə almaqla İddiaçıya 8198.51 manat (3322,84- 1409.04=1913.80+ 6284.71= 8198.51manat) borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması hər iki tərəfinimzası ilə təsdislənən 2021-ci il üzrə üzləşmə aktı, qaimə, iş və xidmətlərin yerinə yetirilməsiaktı, ödəniş tapşırıqları olan bank sənədləri ilə təsdiq edilir.
III. Tərəflərin mövqeyi
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
IV. Sübutların tədqiqi
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli 200 nömrəli xam pambığın alğı-satqısına dair müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Ağdam rayonu, Qərvənd kəndində yerləşən 5.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur.
6. 28 yanvar 2021-ci il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.
7. Aktlardan görünür ki, xx.xx.2021-ci il tarixdə 3 ha, xx.xx.2021-ci il tarixdə 2.50 sot, xx.xx.2021-ci il tarixdə 20 sot, xx.xx.2021-ci il tarixdə 1,5 ha, xx.xx.2021-ci il tarixdə 3,50 ha, xx.xx.2021-ci il tarixdə 2 ha, xx.xx.2021-ci il tarixdə 1,50 ha, xx.xx.2021-ci il tarixdə 4.50 ha, xx.xx.2021-ci il tarixdə 1,50 ha, xx.xx.2021-ci il tarixdə 2.50 ha, xx.xx.2021-ci il tarixdə 2.50 ha, xx.xx.2021-ci il tarixdə 4 ha, xx.xx.2021-ci il tarixdə 5 ha, xx.xx.2021-ci il tarixdə 5 ha, xx.xx.2021-ci il tarixdə 8 ha, xx.xx.2021-ci il tarixdə 1,50 ha, xx.xx.2021-ci il tarixdə 2.50 ha, xx.xx.2021-ci il tarixdə 0,50 ha, xx.xx.2021-ci il tarixdə 0,50 sot, xx.xx.2021-ci il tarixdə 2.50 sot, xx.xx.2021-ci il tarixdə 4 ha, xx.xx.2021-ci il tarixdə 12 ha, xx.xx.2021-ci il tarixdə 4 ha, xx.xx.2021-ci il tarixdə 100 ha, xx.xx.2021-ci il tarixdə 4,50 ha, xx.xx.2021-ci il tarixdə 5 ha, xx.xx.2021-ci il tarixdə 8 ha torpaq sahəsində müxtəlif işlər görülməsi barədə İddiaçı MMC-nin əməkdaşları və fermer Cavabdeh tərəfindən akta imza edilməklə təsdiq edilmişdir.
8. 07 aprel 2021-ci il tarixli, PAM00003206 nömrəli ödəniş tapşırığı əsasən 100 manat, 09 iyul 2021-ci il tarixli, PAM00013335 nömrəli ödəniş tapşırığı əsasən 140 manat, 31 may 2021-ci il tarixli, PAM00007101 nömrəli ödəniş tapşırığı əsasən 280 manat, 27 aprel 2021-ci il tarixli, PAM00004576 nömrəli ödəniş tapşırığı əsasən 400 manat, İddiaçı MMC-nin bank hesabından Cavabdeh hesabına köçürülmüşdür.
9. 05.01.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 7397,30 manat dəyərində xərc çəkilmiş, həmin məbləğdən 1112,59 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 6284,71 manat borc yaranmışdır.
10. 02.02.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3322,84 manat dəyərində xərc çəkilmiş, həmin məbləğdən 1409,04 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və üzərinə ötən illərin borcu olan 6284,71 manat gəlməklə 8198,51 manat borc yaranmışdır.
11. 08.02.2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh 2021-ci il üçün tərtib olunmuş üzləşmə aktına imza etməkdən imtina etmişdir.
12. 25.07.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli 200 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Ağdam filialı tərəfindən Ağdam rayonu, Qərvənd kəndində yerləşən 5.00 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 8198,81 manat borcu yaranmışdır.
17. Hazırda iddiaçı 28 yanvar 2021-ci il tarixli 200 nömrəli xam-pambığın alğı-satqı müqaviləsi üzrə 1913,80 manat və ötən illərin borcu olan 6284,71 manat olmaqla 8198,81 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3322,84 manat dəyərində xərc çəkilmiş, həmin məbləğdən 1409,04 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və üzərinə ötən illərin borcu olan 6284,71 manat gəlməklə 8198,51 manat borcu yaranmışdır.
24. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
25. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
26. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
28. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
29. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı eləcə də ödənilmiş 100 (yüz) manat mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 2 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
31. Gəncə şəhəri 1 saylı Mediasiya təşkilatının arayışından və ********** nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 100 manat mediasiya xərci və 2 məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
33. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 100 manat mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 2 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VII. Məhkəmənin gəldiyi nəticə
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli 200 nömrəli “xam pambığın alğısatqı müqaviləsi”nə əsasən 1913,80 manat və ötən illərin borcu olan 6284,71 manat olmaqla, cəmi 8198,51 manat manat pul Cavabdeh tutularaq İddiaçı -yə ödənilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2021-ci il tarixli 200 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 1913,80 manat və ötən illərin borcu olan 6284,71 manat olmaqla, cəmi 8198,51 (səkkiz min bir yüz doxsan səkkiz manat əlli bir qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 100 (yüz) manat mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 2 (iki) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əbülfəz Məmmədli