Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-72/2024 26.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul və avtomobilin texniki pasportunun geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2724,49 manat əsas borc, 279,90 manat faiz borcu, 843,79 manat cərimə borcu, avtomobilə vurduğu zərərə görə 1620 manat, ekspert rəyinin alınması üçün ödənilmiş 32.40 manat rüsum, lizinq müqaviləsinin 12,9 bəndinə əsasən 1000 manat cərimə borcu, ödənilmiş 50 manat mediasiya xərci, DYP tərəfindən avtomobil cavabdeh tərəfindən idarə edilən zaman tərtib edilmiş protokollara əsasən 596,60 manat cərimə borcu, ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 7147,18 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 iyun 2022-ci il tarixli AFLZ00-000026 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alana bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə Cavabdeh ilə lizinq müqaviləsi bağlanılmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 3900 manat təşkil etmiş, rəsmiləşdirmə və digər gözlənilməyən hallarla bağlı ortaya çıxacaq xərclər nisbətində dəyişdirilə biləcəyi nəzərdə tutulmuşdur. Lizinq obyekti sedan tipli, qara metallik rəngli ** AE *** dövlət qeydiyyat nömrə nişanlı VAZ-21150 markalı minik avtomobili olmuşdur. Müqaviləyə əsasən lizinq alan lizinq obyektinə müvəqqəti sahiblik və istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilmişdir. Lakin Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək müvafiq ödənişləri etməmiş, lizinq obyektinin yeri və vəziyyəti haqda məlumat verməmiş və lizinq alanın müqavilədə nəzərdə tutulmuş maliyyə vəziyyəti barədə hesabatı verməkdən qəsdən yayınmışdır. Yoxlamalar nəticəsində cavabdehin lizinq obyektinə (avtomobilə) əhəmiyyətli dərəcədə zərər vurduğu aşkar olunmuş və əmlak geri tələb olunmuşdur. Cavabdehin məsuliyyətsiz davranışı və yanaşması səbəbindən lizinq obyektinin geri alınması baş tutsa da vurulmuş zərər və ödənilməli olan cari ödənişlərin edilməsindən cavabdeh imtina etmişdir. Üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün cavabdehlə aparılmış danışıqlar heç bir nəticə verməmişdir. Hal-hazırda cavabdehin "xxxx" QSC-nə 2724,49 manat cari borc üzrə, 279,90 manat faiz borcu üzrə, 843,79 manat dəbbə borcu, avtomobilə vurduğu zərərə görə 1620 manat, ekspert rəyinin alınması rüsumu üzrə 32,40 manat, lizinq müqaviləsinin 12.9 bəndinə əsasən 1000 manat cərimə üzrə borcu, mediasiya xərci olaraq 50 manat borc, DYP tərəfindən avtomobil cavabdeh tərəfindən idarə edilən zaman tərtib edilmiş protokollara əsasən 596,60 manat olmaqla cəmi 7147,18 manat borcu yaranmışdır. İddiaçı "xxxx" QSC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 279,90 manat faiz borcu, 843,79 manat dəbbə borcu, avtomobilə vurduğu zərərə görə 1620 manat, ekspert rəyinin alınması 32,40 manat rüsum, ödənilmiş 50 manat mediasiya xərci, DYP tərəfindən avtomobil cavabdeh tərəfindən idarə edilən zaman tərtib edilmiş protokollara əsasən 596,60 manat cərimə, ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 3464,69 manat pulun və avtomobilin texniki pasportunun Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, cavabdehə iki dəfə güzəşt edilsə də ödənişlər vaxtlı-vaxtında edilməmişdir. Cavabdeh bir neçə dəfə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün avtomobil ondan alınmış, daha sonra ödəniş etdiyi üçün avtomobil ona qaytarılmışdır. Avtomobil hazırda Cəmiyyətin özündədir. Cavabdeh borcun bir hissəsini ödəmək istəyir, geri qalanını isə hissə-hissə ödəmək istəyir, onlar isə bununla razılaşmırlar. Dəfələrlə cavabdehlə danışıqlar aparılmış, lakin nəticəsi olmamışdır. Həmçinin cavabdeh avtomobilin texniki pasportunu könüllü olaraq təhvil vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, avtomobili bazardan almış, 3000 manat pulu çatmadığı üçün iddiaçıdan kredit götürmüşdür. İmkanı olmadığı üçün iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırda isə avtomobil iddiaçıdadır. İddiaçı ilə razılıq əldə etmək üçün 3-4 dəfə iddiaçının ofisinə getmiş, ilkin olaraq 1000 manat ödəyəcəyini, qalan hissəni isə aybaay ödəyə biləcəyini bildirmişdir. Lakin razılıq əldə edə bilməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2022-ci il tarixli AFLZ00-000026 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən "xxxx" QSC lizinq alan Cavabdeh sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmiçinin müqavilənin 1.5-ci bəndinə əsasən bu lizinq müqaviləsinin ümumi məbləği 3900 manat təşkil etmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd VAZ 21150 markalı, istehsal tarixi 2005-ci il, qara metallik rəngli, mühərriki 4118567, ban nömrəsi XTA**********4294, ** OH ***, lizinq məbləği isə 3900 manat təşkil edən avtomobil saz vəziyyətdə lizinqə verilmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, qəzəya uğramış VAZ 21150 markalı, qara metallik rəngli, ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilə 1620 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli və 26 oktyabr 2023-cü il tarixli qəbzlərdən görünür ki, VAZ 21150 markalı, qara metallik rəngli, ** AE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən hesablanmış cəmi 596,60 manat məbləğində inzibati cərimə iddiaçı "xxxx" QSC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli orderlərdən görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə "xxxx" QSC-nə ümumilkdə 2747,70 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh "xxxx" QSC-nə 2724.49 manat əsas borcu, 279,90 manat faiz borcu və 843,79 manat dəbbə borcu vardır. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh (VAZ 21150, ili 2005, rəngi qara metallik, mühərriki 4118567, ban nömrəsi, XTA**********4294), ** AE *** dövlət qeydiyyat nişanlı avtomobili təşkilata gətirərək, avtomobili təşkilatın ərazisində tərk etmiş, Cavabdeh təhvil-təslimlə aldığı avtomobili təhviltəslimlə verməkdən imtina etməklə yanaşı avtomobilin texniki şəhadətnaməsini də təşkilata təhvil verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ilə Cavabdeh arasında 06 iyun 2022-ci il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən lizinq verən "xxxx" QSC lizinq alan Cavabdeh 2005-ci il tarixli 1 ədəd VAZ 21150 markalı, lizinq məbləği isə 3900 manat təşkil edən avtomobili lizinqə vermişdir. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Həmiçinin lizinq obyektini lizinq verənə qaytarmışdır. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən təhvil alınarkən ekspertizadan keçirilmiş və ona dəyən ziyanın məbləği hesablanmışdır. İddiaçı ilk öncə iddia tələbində əsas borcun ödənilməsini xahiş etsə də sonradan nəqliyyat vasitəsi ona olduğundan əsas borcun ödənilməsi tələbindən imtina etmiş, müqavilə üzrə faiz borcun, cərimənin və digər xərclərin ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış faiz borc məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması Lizin verənin əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, Lizinq verən lizinq obyektini lizinqə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsi üzrə 843 manat 79 qəpik məbləğində, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, lizinq müqaviləsi üzrə cərimə azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Həmiçinin iş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, qəzaya uğramış avtomobilə 1620 manat məbləğində maddi zərər dəymişdir, qüsurun müəyyən edilməsi və akt tərtibi üçün 32 manat 40 qəpik xidmət haqqı hesablanmışdır. Bundan başqa iş materiallarında olan inzibati xəta haqqında protokollar və qəbzlərlə müəyyən edilir ki Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən hesablanmış 596,60 manat inzibati cərimə iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 279 manat 90 qəpik faiz borc, 50 manat cərimə borcu, 1620 manat məbləğində avtomobilə dəymiş zərər, DİN Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş protokollara əsasən hesablanmış 596 manat 60 qəpik məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan Gəncə "xxxx" Müəssisəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, qüsur aktının komissiya xidməti haqqı olaraq iddiaçı "xxxx" QSC tərəfindən 33 manat ödəniş edilmişdir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 42 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci, 32 manat 40 qəpik ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum və 42 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində avtomobilin texniki pasportunun cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etsə də, iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, cavabdeh məhkəmə baxışından bir gün qabaq, yəni 25 yanvar 2024-cü il tarixdə avtomobilin texniki pasportunu Cəmiyyətə geri qaytarmışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2022-ci il tarixli AFLZ00-000026 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 279 manat 90 qəpik faiz borc, 50 manat cərimə borcu, 1620 manat məbləğində avtomobilə dəymiş zərər, 32 manat 40 qəpik ekspertiza rəyinin alınması üçün ödənilmiş rüsum, 50 manat mediasiya xərci, DİN Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş protokollara əsasən hesablanmış 596 manat 60 qəpik cərimə və 42 manat dövlət rüsumu olmaqla, cəmi 2670 (iki min altı yüz yetmiş) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-72/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-72/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver