Məhkəmə qərarları › İş №e-2-2(115)-741/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-741/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-741/2024 19.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26.213 ABŞ dolları ödənilmiş vəsait, 5% dəbbə pulu olan 1310 ABŞ dolları və 51.000 əldən çıxmış fayda, cəmi 78.523 ABŞ dolları məbləğində pulun, həmçinin vəkilə ödənilmiş 1000 manat, dövlət rüsumu olaraq 325.57 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qanunla müəyyən olunmuş forma və məzmununa əməl edilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi X3 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında olan xx.xx.2023-cü il tarixli 100/01-279 nömrəli etibarnamədən görünür ki, iddiaçı tərəfindən X2 etibarnamə verilmiş olsa da, etibarnamədə iddiaçının adından iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Bundan başqa, iş materiallarında olan “X1” MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022-07 nömrəli alğı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən tərəflər belə razılığa gəlmişlər ki, hazırkı müqavilə ilə bağlı baş verə biləcək və ya ondan irəli gələn bütün mübahisəli məsələləri qarşılıqlı anlaşma və danışıqlar yolu ilə mümkün qədər tez zamanda həll edilməyə çalışmalıdırlar. Əgər tərəflər razılığa gələ bilmirlərsə, o halda hazırkı müqavilə ilə bağlı baş verə biləcək bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən məhkəmələri tərəfindən baxılmaq üçün təqdim olunmalıdır. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, bu müqavilə və ya onunla bağlı olan istənilən mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunmasına çalışmalıdır. Əgər 60 gün ərzində həll olunmazsa, məhkəmə prosedur qaydalarına uyğun olaraq həll olunması üçün mübahisəyə cavabdehin yerləşdiyi yer üzrə müvafiq Arbitraj məhkəməsində baxılacaqdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il 16 nömrəli Qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. İddia ərizəsi verilərkən qeyd edilən qaydalara riayət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 325.57 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar