Məhkəmə qərarları › İş №e-2-2(115)-75/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-75/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-75/2022 17.01.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsinin X1 iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh "xxxx" MMC-yə qarşı borc tələbi üzrə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 8474,58 manat, ƏDV borcu qismində 1525.42 manat, əsas borcun gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 1050,84 manat məbləğində faiz, əsas borcun ödənilməsini gecikdirdiyinə görə 694,91 manat faiz və məhkəmədə iddia qaldırılması üçün mediasiya ilə bağlı ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı "xxxx" Kiçik Müəssisəsi arasında 04.11.2019-cu il tarixli, S-PL-260/19 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehə müqavilə üzrə razılaşdırılmış malları satmağı və təhvil verməyi, cavabdeh isə həmin malları almağı, qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla iddiaçı 20.12.2019-cu il tarixli ******* nömrəli qaimə-faktura üzrə cavabdehə 18 903,60 manat məbləğindəmallar satmış və təhvil verilmişdir, cavabdeh də həmin sənədlər əsasında malları almış və qəbul etmiş, lakin cavabdeh həmin məbləğdən 8474,58 manat olan hissəni hələ ödəməmişdir, bununla yanaşı cavabdeh 1525,42 manat dəyərində ƏDV borcu da ödəməmişdir, cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş hesab edilir. Cavabdehə şirkət tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə öhdəliyinin icrasını yerinə yetirərkən indiyədək boyun qaçırmış və müqavilə şərtlərini pozan halları aradan qaldırmaq üçün heç bir addım atmamışdır. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsinin X2 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 04.11.2019-cu il tarixli S-PL-260/19 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya müxtəlif çeşidli etiketlər satmağı, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0,1%-i həcmində cərimə ödəyəcəkdir. 0018441 nömrəli 20 sentyabr 2019-cu il tarixli qaimə fakturadan görünür ki, vahidin qiyməti 0,005 manat olan 100 000 ədəd etiket şaffa, 0,13 manat olan 58 000 ədəd white bear 1l, 0,06 manat olan 65 000 ədəd dəyərində white bear 0,25 l, 0,06 manat olan 68 000 ədəd white tiger 0,25 l toplam 18 903,60 manat dəyərində məhsul verilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, cavabdehə 18 903,60 manat dəyərində mallar iddiaçı tərəfindən təhvil verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 04.11.2019cu il tarixli S-PL-260/19 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya müxtəlif çeşidli etiketlər satmağı, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür,satıcı öhdəliyinə düşən hissəni yerinə yetirsə də alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh borcun mövcudluğunu istisna edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. İddia tələbinin qanunsuz saxlanılmaya görə hesablanmış 1050,84 manat faiz və əsas borcu gecikdirdiyinə görə hesablanmış 694,91 manat faiz hissəsinə hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, AR MM 445 və 449-cu maddələrinə əsaslanaraq cavabdehdən iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmağa görə Mərkəzi Bank tərəfindən 13.12.2019-cu il tarixi üçün müəyyənləşdirilmiş illik bank uçot faiz dərəcəsi 7,5% olduğunu nəzərə alaraq 8474,58 manat əsas borca münasibətdə hər ay üçün 0,62% olmaqla ümumilikdə 1050,84 manat hesablanmalı olduğu müəyyən olunmuşdur. Habelə, pul məbləğinin gecikdirilməsinə görə illik 5% olmaqla əsas borca münasibətdə bu əsasla hər ay üçün 0,41% olmaqla hesablandıqda 694,91 manat gecikdirmə faizi hesablanmalı olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Hazırki tələb üzrə dövriyyədə olan vəsaitin alğı-satqısı üzrə tərəflər arasında müqavilə bağlandığı üçün əlavə dəyər vergisi malı təhvil almış alıcı qismində iştirak edən cavabdehdən tutulmalıdır. Belə olan halda 1525,42 manat ƏDV-nin cavabdehdən tutulması hissəsi əsaslı hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mediasiya üzrə ödənilmiş 100 manat rüsumun özlüyündə işə baxılması ilə bağlı məsrəf hesab edilir və iddia əsaslı olduğundan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 8474,58 (səkkiz min dörd yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, ƏDV borcu qismində1525,42 (min beş yüz iyirmi beş manat qırx iki qəpik) manat, əsas borcun gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 1050,84 (min əlli manat səksən dörd qəpik) manat məbləğində faiz, əsas borcun ödənilməsini gecikdirdiyinə görə 694,91 (altı yüz doxsan dörd manat doxsan bir qəpik) manat faiz və məhkəmədə iddia qaldırılması üçün mediasiya ilə bağlı ödənilmiş 100 (yüz) manat mediasiya xərci, ümumilikdə 11 845,75 (on bir min səkkiz yüz qırx beş manat yetmiş beş qəpik) tutularaq "xxxx" kiçik müəssisəsinəödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehndən 8474,58 (səkkiz min dörd yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, ƏDV borcu qismində1525,42 (min beş yüz iyirmi beş manat qırx iki qəpik) manat, əsas borcun gecikdirilməsinə və qanunsuz saxlanılmasına görə 1050,84 (min əlli manat səksən dörd qəpik) manat məbləğində faiz, əsas borcun ödənilməsini gecikdirdiyinə görə 694,91 (altı yüz doxsan dörd manat doxsan bir qəpik) manat faiz və məhkəmədə iddia qaldırılması üçün mediasiya ilə bağlı ödənilmiş 100 (yüz) manat mediasiya xərci, ümumilikdə 11 845,75 (on bir min səkkiz yüz qırx beş manat yetmiş beş qəpik) tutularaq "xxxx" kiçik müəssisəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar