Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-75/2023 26.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875- GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3586 manat gecikdirilmiş borcun və hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 8304 manat gecikdirilmiş borcun və hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 21280,60 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli və xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 3586 manat gecikdirilmiş borcu və 3051,69 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 8304 manat gecikdirilmiş borcu və 5938,91 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişləri yerinə yetirməmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddianın həcminin azaldılmasına dair ərizə ilə 13 dekabr 2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7804 manat gecikdirilmiş borcun və hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 17194 manat 60 qəpik pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia həcminin azaldılmasına dair ərizə ilə 13 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1875-GL/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3051,69 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 1106-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 5938,91 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manatın, 100 manat mediasiyaya dair xərcin, cəmi 9390 manat 60 qəpik pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçıya olan əsas borc məbləğini ödədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan 14 may 2015-ci il tarixli 1875-GL/15 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 8150 manat olan və 1 nömrəli Əlavədə göstərilən traktor Belarus-892 texnikasını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 may 2017-ci il tarixli 1106-GL/17 nömrəli "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" ASC ümumi məbləği 13070 manat olan və 1 nömrəli Əlavədə göstərilən 4 gövdəli kotan AG- 14-4, traktor Belarus-892, taxılsəpən TS-24 kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verənin lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 may 2015-ci il tarixli 1875-GL/15 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh ödənişləri xx.xx.2015-ci il tarixdən 30 iyun 2022-ci il tarixdək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan 23 may 2017-ci il tarixli 1106-GL/17 nömrəli lizinq müqaviləsi üzrə ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh ödənişləri xx.xx.2017-ci il tarixdən 30 iyun 2023-ci il tarixdək hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 17014 nömrəli qəbzindən görünür ki, Cavabdeh həmin tarixdə "xxxx" ASC-nin hesabına 7804 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə Əsgəran rayonu Xanabad kəndində anadan olmuş, qeydiyyat yeri Ağdam rayonu Mərzili kəndi olmaqla məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 14 may 2015-ci il tarixdə və 23 may 2017-ci il tarixdə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmış, ümumi məbləği 8150 manat və 13070 manat olan kənd təsərrüfatı texnikaları ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kənd təsərrüfatı texnikalarını lizinq alana vermiş, lizinq alan isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişini tam olaraq ödəməmişdir. Lakin mübahisəyə məhkəmədə baxılarkən cavabdeh hər iki müqavilə üzrə borc məbləğini tamamilə ödəmişdir. İddiaçı da iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələr verərək cavabdeh tərəfindən əsas borc məbləğinin ödənildiyini bildirmişdir. Məhkəmə bildirir ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Cavabdeh isə 14 may 2015-ci il tarixli müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 8150 manat məbləğin yarıdan çox hissəsini, yəni 4564 manatını, 23 may 2017-ci il tarixli müqavilə üzrə ödənilməsi nəzərdə tutulan 13070 manat məbləğin isə xeyli hissəsini, yəni 3840 manatını məhkəmədə mübahisə ilə bağlı iddia qaldırılmazdan əvvəl müqavilə şərtlərinə uyğun ödəmiş, hər iki müqavilə üzrə qalan borc məbləğini isə məhkəmə gedişi zamanı tam olaraq ödəmişdir. Cavabdeh həmçinin məcburi köçkündür. Qeyd edilən halları nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, yəni lizinq ödənişlərini tam olaraq iddiaçıya ödədiyindən hər iki müqavilə üzrə cərimənin tətbiq edilməsi onun əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Ona görə də iddia təmin edilməməlidir. Bundan başqa iş materiallarında olan Gəncə şəhər 1 saylı mediasiya təşkilatı tərəfindən verilmiş arayışda tərəflərin mediasiya sessiyasında iştirak etdiyi və iddiaçı tərəfindən 200 manat mediasiya xərcinin ödənildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında 2556 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini əsasən QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-75/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-75/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver