Məhkəmə qərarları › İş №e-2-2(115)-750/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-750/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-750/2024 20.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən mənimsənilmiş 45360,76 manatın, əldən çıxmış faydaya görə 15000 manatın, 272 manat məhkəmə rüsumunun, cəmi 60632,76 manatın birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 2022-ci il ərzində müxtəlif çeşiddən olan mal dövriyyəsi (alqı-satqısı) olmuşdur. Malların alqı-satqısında pul mübadiləsi nağdsız həyata keçirilmişdir. 19 iyul 2023-cü il tarixinə borc qalığı 55360,76 manat müəyyən edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı tərtib edilmişdir. 09 oktyabr 2023-cü ildə cavabdeh bank köçürməsi ilə 10000 manat ödəniş etmiş, 45360,76 borcu qalmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək borcu ödəməmişdir. Borcun ödənilməsi müxtəlif vaxtlara təyin edilsə də hazırkı vaxtadək borc ödənilməmişdir. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən nəzərdə tutulmuş müddətdə malın dəyəri ödənilməzsə satıcının alıcıdan hər gecikdirilmiş gün üçün ödəməli olan məbləğin 1% dəyərində gecikmə pulu tələb etmək hüququ yaranır. Onların əldə olunan pul vəsaiti ilə fəaliyyətlərini davam etdirə bilirlər və belə gecikmələr onları mövcud qazancdan məhrum edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri X1 və Nümayəndə2 iddiaçı ilə düşərgə üçün müqavilə bağladıqlarını, iddiaçıya həqiqətən borclu olduqlarını, hesablarına vergi orqanı tərəfindən sərəncam qoyulduğundan ödənişləri gecikdirdiklərini, iddiaçının pulunu ödəyə bilmədiklərini, iyun ayından etibarən hər ayın sonunda 3000-5000 manat pul ödəyə biləcəklərini və ilin sonunadək borc məbləğini tam olaraq ödəyəcəklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2022ci il tarixli 0180 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı malları satır, alıcı isə müqavilənin tərkib hissəsi sayılan və müqaviləyə əlavə edilən qaimə fakturalarda göstərilən tərkibdə satıcıdan malı alır, müqavilədə nəzərdə tutulmuş məbləği ödəyir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli üzləşmə aktından görünür ki, borc məbləğinin 55360,76 manat olması tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2022ci il tarixli 0180 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 45360,76 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın əldən çıxmış fayda kimi cavabdehdən 15000 manatın alınıb ona ödənilməsi ilə bağlı hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən borcun gecikdirildiyi üçün onu hansı faydadan məhrum etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə vergi bəyannamələrini təqdim etsə də həmin sənədlərlə iddiaçının hansı məbləğdə gəlirdən məhrum olunması müəyyən edilmir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 45360,76 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 272 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 226,08 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2022-ci il tarixli 0180 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 45360 (qırx beş min üç yüz altmış) manat 76 (yetmiş altı) qəpik borc, 226 (iki yüz iyirmi altı) manat 08 (səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar