Məhkəmə qərarları › İş №e-2-2(115)-76/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-76/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-76/2025 19.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq obyektinin geri qaytarılması və borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDU-özüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh2 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 23782 manat vaxtı keçmiş əsas lizinq borcu, 18484 manat vaxtı keçmiş faiz borcu, 36584 manat hesablanmış penya, cəmi 78850 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 400 manat mediasiya ödənişinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh2 ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də göstərilən və ümumi dəyəri 56000 manat olan 1 ədəd “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDUözüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək, Cavabdeh2 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh2 isə öz növbəsində 39200 manat məbləğində borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 lizinq müaviləsinə əlavə 2-də lizinq ödənişləri cədvəli üzrə 36 ay müddətinə illik 27% faiz olmaqla mütəmadi olaraq hər ay 1601 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Eyni zamanda lizinq borcunu da ödəmir. Lizinq verən İddiaçı MMC və lizinq alan Cavabdeh2 arasında 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə dair 09 fevral 2021-ci il tarixli razılaşmaya əsasən 19 dekabr 2019cu il tarixli 1901/0660 saylı lizinq müqaviləsinin 5.3. bəndinə dəyişiklik edilərək 36 ay müddətinə 1 illik faiz dərəcəsi 29% olmaqla lizinq məbləği 38620 manat müəyyən edilmişdir və müvafiq olaraq ödəniş cədvəli tərtib olunmuşdur. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixə iddiaçıya iddia qaldırılan günə 23782 manat vaxtı keçmiş əsas lizinq borcu, 18484 manat vaxtı keçmiş faiz borcu, 36584 manat hesablanmış penya, cəmi 78850 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək İddiaçı MMC-nin mülkiyyətində olan “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDU-özüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh2 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 20782 manat vaxtı keçmiş əsas lizinq borcu, 8484 manat vaxtı keçmiş faiz borcu, 36584 manat hesablanmış penya, həmçinin iddia qaldırılması üçün ödənilmiş 400 manat mediasiya ödənişinin, cəmi 66250 manat borcu müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddiaçı ilə müqavailə bağlayıb lizinqlə avtomobil götürmüşdüm. Daha sonra həmin avtomobillə qəza törədilmişdir. Avtomobili o idarə etməsə də günah onun üzərimdə qalmışdır. Avtomobilin sənədləri polis idarəsində qalmışdır. Avtomobilin saxlanıldığı yer barədə iddiaçıya şifahi qaydada məlumat vermişdir. Avtomobil ondan istəmədiklərinə görə aparıb təhvil verməmişdir. Qardaşı gecikmə olduqdan sonra iddiaçıya bir neçə dəfə ödəniş etmişdir. Ödənişlər əlbəəl verildiyi üçün çek təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən ödəniş edilmiş və onlar borcu azaltmışlar. Müqaviləyə əsasən ödənişlər ilk növbədə penyadan silinir. Lakin onlar köməklik göstərərək birinci faiz, sonra əsas borcdan silinmə aparmışlar. Nəqliyyat vasitəsi geri qaytarılmamışdır, lakin avtomobil 26 iyun 2023-cü ilədək istifadə olunmuşdur. Cavabdehdən həmin tarixə kimi olan borcu tələb edirlər. Həmin tarixdə nəqliyyat vasitəsi ilə hadisə törədildiyi üçün o yararsız vəziyyətə düşmüşdür. Onu aparıb Xırdalanda ot bazarı deyilən yerə qoyublar. Sonradan onlara bazarın sahibi zəng edərək məlumat vermişdir. Tələb etdikləri məbləğ də qeyd etdikləri tarixədək hesablanmış məbləğdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlmətləri 1 saylı əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim etməyi, lizinq obyekti qismində lizinq alana müəyyən edilmiş haqq müqavilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavinənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş müqaviləyə 1 saylı əlavədən görünür ki, lizinq verən ümumi dəyəri 56000 (əlli altı min) manat olan 1 ədəd “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDU-özüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materillarına əlavə edilmiş 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə dair 09 fevral 2021-ci il tarixli razılaşmadan görünür ki, 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı lizinq müqaviləsinin 5.3. bəndinə dəyişiklik edilərək 36 ay müddətinə 1(bir) illik faiz dərəcəsi 29% olmaqla lizinq məbləği 38620 manat müəyyən edilmiş və 1901/0660 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlində 09 fevral 2021-ci il tarixinə nəzərdə tutulmuş 38620 manat cari borca 36 ay müddətinə yeni ödəniş cədvəli tərtib edilmişdir. İş materillarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli 1901/0660/ZM-01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zamin durmuş və lizinq alanın lizinq verən qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir. İşin materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən İddiaçı MMC”-nin direktoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş cədvəlinə xx.xx.2021-ci il tarixinə nəzərdə tutulmuş ümumi cari borca yəni 38620 manata 36 ay müddətinə illik 29% olmaqla yeni ödəniş cədvəli tərtib edilməsini xahiş etmişdir. İşin materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən İddiaçı MMC”-nin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsinə dair 09 fevral 2021-ci il tarixli razılaşmaya əsasən aylıq 1619 manat ödəmək şərti ilə 36 ay müddətinə lizinq obyekti olan “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDU-özüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomobili istifadəyə götürmüşdür. Həmin müqavilə üzrə maliyyə çətinliyi olduğu üçün 10 sentyabr 2021-ci il tarixdən lizinq ödənişlərini ödəməmişdir. Lizinq obyekti Cavabdeh1 saxlancındadır. 13 yanvar 2023-cü il tarixə qrafikə düşməyən borcu 47600 manat, tam borcun bağlanması üçün borcu isə 65000 manat təşkil edir. Maliyyə çətinliyinin nəzərə alınmasını xahiş etmiş, xx.xx.2023-cü il tarixədək borcunu ödəyəcəyini və lizinq obyektinin istismara yararlı vəziyyətdə mülkiyyətçiyə verəcəyini bildirmişdir. İşin materiallarına əlavə edilmiş 26 iyul 2023-cü il tarixə hesablanmış lizinq borcu haqqında maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsi üzrə əsas lizinq məbləğin borcu 34090 manat, vaxtı keçmiş əsas lizinq məbləğinin borcu 23782 manat, vaxtı keçmiş faiz borcunun məbləği 18484 manat, lizinq müqviləsi üzrə hesablanmış penya(cərimə) məbləği 36584 manat təşkil edir. İşin materiallarına əlavə edilmiş 27 dekabr 2024-cü il tarixə hesablanmış lizinq borcu haqqında maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsi üzrə əsas lizinq məbləğin borcu 31090 manat, vaxtı keçmiş əsas lizinq məbləğinin borcu 20782 manat, vaxtı keçmiş faiz borcunun məbləği 8484 manat, lizinq müqviləsi üzrə hesablanmış penya(cərimə) məbləği 36584 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il, xx.xx.2024-cü tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/10-00699 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 400 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 19 dekabr 2019-cu il tarixdə lizinq müqaviləsi bağlanmış, lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlmətləri 1 saylı əlavədə göstərilən nəqliyyat vasitəsini təqdim etməyi, lizinq obyekti qismində lizinq alana müəyyən edilmiş haqq müqavilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini müqavinənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Lizinq verən ümumi dəyəri 56000 manat olan 1 ədəd “MAN TGA 18440 yük yəhərli dartıcı” markalı **-JZ-*** qeydiyyat nömrəli və “ALTİNORDU-özüboşaldan” modelli **-ZC-*** qeydiyyat nömrəli avtomobili Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Göründüyü kimi lizinq verən müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lizinq alan isə öhdəliklərini yerinə yetirməmiş, nəqliyyat vasitələrindən istifadə etdiyi müddətə onun lizinq verənə 20782 manat əsas və 8484 manat faiz borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış əsas borc və faiz borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq verən lizinq obyektini lizinq verənin sahiblik və istifadəsinə verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc, faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 36584 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən lizinq ödənişlərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada tam deyil, cavabdehin həmin nəqliyyat vasitəsindən istifadəni dayandırdığı vaxtadək tələb etdiyindən cavabdehin sahiblik və istifadəsinə verilmiş lizinq obyektlərinin də iddiaçıya qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımağı öz üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Zaminliklə təmin edilmiş öhdəliyi icra edilmədiyindən Cavabdeh1 Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin mülkiyyətində olan MAN TGA 18.440 yük yəhərli dartıcı markalı **-JZ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi və ALTİNORDU özüboşaldan modelli **-ZC-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh2 alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalı, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 20782 manat əsas borc, 8484 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla cəmi 30266 manat borc, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Bakı 10 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 400 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180,80 manat dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan MAN TGA 18.440 yük yəhərli dartıcı markalı **-JZ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi və ALTİNORDU özüboşaldan modelli **-ZC-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh2 alınaraq mülkiyyətçi İddiaçınə qaytarılsın. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli 1901/0660 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 20782 manat əsas borc, 8484 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla cəmi 30266 (otuz min iki yüz altmış altı) manat borc, ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçınə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 180 (bir yüz səksən) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar