Məhkəmə qərarları › İş №e-2-2(115)-760/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-760/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-760/2024 22.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli FST-23-075 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş mallar üzrə 7830,29 manat əsas borc, 1404,45 manat ƏDV məbləği olmaqla, cəmi 9239,74 manat borcun, 239,14 manat məbləğində vurulmuş zərərin, ödənilmiş 110 manat mediasiya xərcinin və vəkil xidmətləri üçün ödənilmiş 300 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.02023-cü il tarixli FST-23-075 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı ona məxsus olan məhsulları alıcının sifarişi və hər iki tərəfdən təsdiq edilmiş qaimə əsasında alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib malın dəyərini müqavilədə razılaşdırılmış müddətdə satıcıya ödməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC xx.xx.2023cü il tarixdən başlayaraq İddiaçı MMC-dən birdəfəlik istifadə məhsullarını almış və həmin malların dəyərini ödəməmişdir. Cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixli EBBX 736872 saylı elektron qaiməyə əsasən 3241,43 manat əsas və 583,46 manat ƏDV məbləğində malları təhvil almışdır. xx.xx.2023-cü il tarixli EBDE 317473 saylı elektron qaimə ilə 5084,60 manat əsas və 915,23 manat ƏDV məbləğində mal almışdır. xx.xx.2023-cü il tarixli EBDK 838043 elektron qaiməyə əsasən 495,75 manat əsas, 89,23 manat ƏDV məbləğində mal geri alınmışdır. Ümumilikdə 9239,74 manat borc məbləği öənilməmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə üzləşmə aktı tərtib edilmiş, cavabdeh 7830,29 manat əsas borc, 1409,45 manat ƏDV borcunun olmasını təsdiq etmişdir. Müqavilənin 2.5-ci bəndində müəyyən edilmişdir ki, alıcı verilmiş mal-materialların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə vurulmuş maddi zərəri və çəkilmiş xərcləri ödəyəcəkdir. Cavabdeh ödəmədiyi borc məbləği üçün hesablanan zərər məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi ilə 239,14 manat, 110 manat mediasiya haqqı, vəkil xidmətinə görə 300 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərdi ki, tərəflərindən pretenziya məktubu göndərildikdən sonra cavabdeh tərəfindən 1003 manat ödəniş edilmişdir. Elektron qaimələrdən isə biri malın qaytarılması ilə bağlı qaimədir. Belə ki, 584,98 manatlıq malın qaiməsi cavabdehə göndərilsə də həmin mal geri alınmışdır. Bundan başqa 239 manat pulu dəymiş ziyan olaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən istəyirlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2023-cü il tarixli FST-23-075 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-nə e-qaimə vasitəsilə mal satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəməyi öhdəsinə götürmüşdür. İş materialllarında olan mal satışına dair qaimədən görünür ki, 19 aprel 2023-cü il tarixdə 5999,83 (ƏDV daxil) manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə təhvil verilmişdir. İş materialllarında olan xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 674,98 manat, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3824,89 manat, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 5999,83 manat, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 584,98 manat dəyərində malların qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. İş materialllarında olan xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 584,98 manat dəyərində malların qaiməsi Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göndərilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 31 oktyabr 2023-cü il tarixinə qalıq borcunun əsas borc üzrə 7830,29 manat, ƏDV üzrə 1409,45 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nə 1003 manat (850 manat əsas, 153 manat ƏDV məbləği) məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 11 aprel 2023-cü il tarixli FST-23-075 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-nə e-qaimə vasitəsilə mal satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və malların dəyərini Satıcıya ödəməmişdir. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ƏDV daxil 9239,74 manat əsas borcun cavabdehdən tutulmasını tələb etsə də, cavabdeh tərəfindən sonradan iddiaçıya 1003 manat məbləğində ödəniş edilmişdir. Ona görə də cavabdehdən 8236,74 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməliidr. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 239,14 manat məbləğində vurulmuş zərərin cavabdehdən tutulmasını tələb etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında borcun olması və məbləği ilə bağlı üzləşmə aktı xx.xx.2023-cü il tarixdə imzalanmış, cavabdeh tərəfindən 21 dekabr 2023-cü il tarixdə ödəniş edilmişdir. Həmin tarixdə borc məbləği 8236,74 manat təşkil etmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 27 mart 2023-cü il tarixdə müraciət etmişdir. Son ödəniş tarixindən iddia qaldırıldığı vaxtadək 3 ay müddət keçmişdir. 3 ay müddətinə borclu tərəfindən əsas borc məbləğinin kreditora ödənilməsi üçün gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğin illik beş faizi 102,96 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 8236,74 manat əsas borc və 102,96 manat faiz borcu olmaqla, cəmi 8339,70 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Qazax 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 110 manat məbləğində mediasiya xərcinin ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 103 manat 40 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində vəkil xidmətləri üçün ödənilmiş 300 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 aprel 2023-cü il tarixli FST-23-075 saylı alqı-satqı müqaviləsinə əsasən 8236 manat 74 qəpik əsas borc, 102 manat 96 qəpik faiz borcu olmaqla, cəmi 8339 (səkkiz min üç yüz otuz doqquz) manat 70 (yetmiş) qəpik pul, 110 (bir yüz on) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 103 (bir yüz üç) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar