Məhkəmə qərarları › İş №e-2-2(115)-762/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-762/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-762/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10510 manat əsas borcun, 4500 manat cərimənin, 525 manat 50 qəpik dəymiş ziyanın (əldən çıxmış faydanın), ödənilmiş 139 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 320 manat xidmət haqqının, cəmi 15994 manat 50 qəpik manat pulun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2022-ci il tarixli, 14 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu Müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2ci maddəsinə görə alıcının” fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 10510 manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh yaranmış borc öhdəliyinin vaxtında icra etməməsi səbəbindən borc məbləğinin 1%-ə qədər, yəni 4500 manat cərimə və eləcə də əldən çıxmış fayda olaraq 525 manat 50 qəpik maddi ziyanı ödəməlidir. Tələb olunan vəsait 4500 manat cərimə cavabdehin sonuncu ödəniş tarixi olan xx.xx.2023-cü il tarixdən məhkəmədə iddia qaldırılanadək olan xx.xx.2024-cü il tarixədək müddətdə hər gecikdirilmiş günə görə 1 faiz olmaqla, 525 manat 50 qəpik isə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş beş faiz uçot dərəcəsi miqdarında hesablanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, 10510 manat əsas borcu qəbul edir. Əsas borcdan 2000 manatını hazırda ödəyə və əsas borcun qalan hissəsinin isə hissə-hissə ödənilməsi barədə şirkət rəhbərliyi ilə razılığa gəlmək istədiyini, 525 manat əldən çıxmış faydanı da ödəməyi qəbul etdiyini bildirmişdir. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh ilə "xxxx" MMC (hazırki adı İddiaçı MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 14 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin 2-ci maddəsində göstərilən və “mal” adlandırılan sement, beton və xidmət növünü alıcıya satmağı, alıcı isə malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EBBR 643409 nömrəli, xx.xx.2022-ci il tarixli EBBU 320631 nömrəli, xx.xx.2022-ci il tarixli EBBV 916703 nömrəli, xx.xx.2022-ci il tarixli EBBY 494117 nömrəli, xx.xx.2022-ci il tarixli EBCC 205797 nömrəli elektron qaimələrdən görünür ki, 14 440 manat dəyərində mal verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 459 №-li “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna 320 manat məbləğində vəkil haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-445.2-ci maddələrinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh İddiaçındən 14400 mal almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya 10510 məbləğində borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə alğı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10510 manat əsas borc, 200 manat cərimə borcu, 175 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 10885 manat 17 qəpik məbləğində borc və ödənilmiş 139 manat dövlət rüsumu, həmçinin vəkilə ödənilmiş 320 manat xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Gecikdirilmiş borcun illik beş faizi 525 manat 50 qəpik, dörd ayı isə 175 manat 17 qəpik təşkil edir. Sonuncu ödənişdən dörd ay keçdikdən sonra məhkəməyə müraciət olunduğundan həmin dörd ayın gecikməsinə görə 175 manat 17 qəpik məbləğində faiz borcu tutulmalı, qalan hissədə isə faiz borcu təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10510 manat əsas borc, 200 manat cərimə borcu, 175 manat 17 qəpik faiz borcu olmaqla, cəmi 10885 manat 17 qəpik məbləğində borc və ödənilmiş 139 manat dövlət rüsumu, həmçinin vəkilə ödənilmiş 320 manat xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar