Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-77/2023 18.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCdən 713.63 manat xidmət haqqı borcu və 1710.84 manat cərimə pulu olmaqla, cəmi 2424.47 manat məbləğində pul vəsaitinin 110 manat hüquqi yardıma görə ödəniş və 60 manat mediasiya xərcinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4314/2022 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 26 aprel 2010-cı il tarixli, müddətsiz xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. xx.xx.2019-cu il tarixli 1098/19 saylı hesab-faktura ilə 2019-cu ilin avqust ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 319.13 manat, 06 dekabr 2019-cu il tarixli 1550/19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 158.60 manat, 06 mart 2020-ci il tarixli 298/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 235.91 manat, cəmi 713.63 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi şirkətə ödənilməmişdir. Nəticədə Şirkətə ziyan vurulmuşdur. Bununla bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə pretenziya təqdim edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Təqdim edilmiş xx.xx.2019-cu il tarixli 1098/19 saylı invoys üzrə xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 319.13x0.3%=0.96 manatx910 günə(2 ik 6 ay)=891.80 manat, təqdim edilmiş xx.xx.2019-cu il tarixli 1550/19 saylı invoys üzrə xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 158,60x0,3=0,47 manatx800 günə(2 iki 2 ay 25 gün)=376 manat, Təqdim edilmiş 06 dekabr 2020-ci il tarixli 298/20 saylı invoys üzrə xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövr üşün 235.91x0,3%=0.71 manatx624 günə(1 il 11 ay 24 gün)=443.04 manat,cəmi 1710.84 manat məbləğində ximət haqqı ödənişləri gecikdirməyə görə hesablanmış cərimə fazii ödənilməlidir. Nəticədə iddiaçıya 2424.47 manat məbləğində xeyli miqdarda ziyan vurulmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən belə görünür ki, DHL tərəfindən Detal üçün **********, **********, **********, və ********** nömrəli yol qaimələri və ya DHL awb (bundan sonra “Yol qaimələri”) üzrə poçt daşımaları həyata keçirilmişdir. Lakin, DHL tərəfindən çatdırılmasının həyata keçirildi iddia edilən dörd poçt göndərişindən yalnız ikisi üzrə çatdırılmanın həyata keçirildiyini təsdiqləyən yol qaiməsi (DHL awb) təqdim edilmişdir. Təqdim edilmiş iki yol qaiməsini (DHL awb) nəzərdən keçirərkən aydın olur ki, Detal tərəfindən yalnız ********** nömrəli yol qaiməsi üzrə poçt göndərişinin həyata keçirilməsi ilə bağlı müvafiq yol qaiməsinin Göndərənin razılığı başlıqlı 7-ci bəndinin imzalaması ilə razılıq ifadə edilmişdir. Təqdim edilmiş Yol qaimələrindən yalnız ********** nömrəli yol qaiməsi üzrə göndərişin həyata keçirilməsinə dair tərəflərindən müvafiq yol qaiməsi imzalanaraq yazılı razılıq ifadə edilmiş, digər yol qaimələri (**********, **********, ********** nömrəli yol qaimələri) üzrə daşınılma həyata keçirilməsi Detalın sifarişi əsasında baş tutmamışdır. **********, **********, ********** nömrəli yol qaimələrinin 7-ci bəndində poçt göndərişlərinin həyata keçirilməsi ilə bağlı Detalın razılığını ifadə edən imzanın olmaması qeyd edilənləri bir daha sübut edir. Bu baxımdan Detal-ın DHL-ə ödənilməmiş borcu yalnız tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş, daşınılması həyata keçirilmiş ********** nömrəli yol qaiməsi üzrə 106.33€ (avro) təşkil edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, ********** nömrəli yol qaiməsi üzrə tərəflərin razılaşdığı ödəniş məbləği 106.33€ (Avro) təşkil etmişdir. Nəzərə almaq lazımdır ki, tərəflərin razılaşması manat dəyərində deyil, avro dəyərində müəyyənləşdirilmişdir. Eyni zamanda cərimə məbləğinin hesablanması ilə bağlı Detal tərəfindən ********** nömrəli yol qaiməsi üzrə göndərilmiş mal üzrə cərimə hesablanması mümkündür. DHL tərəfindən iddia ərizəsinə əlavə edilmiş ********** nömrəli yol qaiməsi üzrə tərtib edilmiş invoysdan, qeyd edilən 298/20 nömrəli invoysun 06 mart 2020-ci il tarixində təqdim edildiyi aşkar olur. 298/20 nömrəli invoysun təqdim edilmə tarixindən (06 mart 2020-ci il) iddia ərizəsinin təqdim edilmə tarixinədək (15 iyul 2022-ci il) 830 gün keçmişdir. Bu baxımdan Müqavilənin 4.3-cü bəndinin tələblərini nəzərə alaraq ********** nömrəli yol qaiməsi və 298/20 nömrəli invoys üzrə hesablana biləcək cərimənin maksimal məbləği 265 avro ((106.33 avro * 0.3%)*830) təşkil edir. Hüquqi yardım göstərilməsinə görə ödəniş ödənilməsinə dair hissədə iddianın təmin edilməməsini və qeyd olunanları nəzərə alaraq Detal tərəfindən DHL-ə 106.33 avro məbləğində əsas borcun, 10 avro məbləğində dəbbə pulunun və 20 manat məbləğində hüquqi yardım haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Ləğv prosesində olan Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2010-cu il tarixli “Sənədlərin və bağlamaların daşınması üzrə xidmət müqaviləsi”-dən görünür ki, icraçı-İddiaçı MMC sifarişçiyə-“X1” MMC-yə sənədlərin və bağlamaların qəbulu, nəql edilməsi və çatdırılması xidmətlərini göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən sifarişçi icraçıya sənədlərin, bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda icraçının təqdim etdiyi müvafiq sənədə əsasən, yəni ivoys təqdim edildikdən sonra 30(otuz) gün ərzində bank köçürməsi yolu ilə həyata keçirilməli, əks təqdirdə hər keçən gün üçün invoys məbləğinin 0.3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən sifariçı icraçı qarşısında icraçının təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının ödənilməsi məsuliyyətini daşıyır. xx.xx.2019-cu il tarixli 1098/19 saylı hesab-faktura ilə 2019-cu ilin avqust ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 319.13 manat, 06 dekabr 2019-cu il tarixli 1550/19 saylı hesab-faktura ilə 2019-cu ilin noyabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 158.60 manat, 06 mart 2020-ci il tarixli 298/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 235.91 manat, cəmi 713.63 manat məbləğində xidmət haqqı borcu vardır. xx.xx.2019-cu il tarixli 185039 nömrəli elekton qaimədən görünür ki, 319.12 manat məbləğində, xx.xx.2019-cu il tarixli 423470 nömrəli qaiməyə əsasən 158.60 manat, xx.xx.2020-ci il tarixli, 245686 nömrəli qaiməyə əsasən 235.91 manat məbləğind xidmət göstərilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/5- 01486 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2010cu il tarixli “Sənədlərin və bağlamaların daşınması üzrə xidmət müqaviləsi”-dən görünür ki, icraçı-İddiaçı MMC sifarişçiyə-“X1” MMC-yə sənədlərin və bağlamaların qəbulu, nəql edilməsi və çatdırılması xidmətlərini göstərməyi, sifarişçi isə göstərilmiş xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, borc tam olaraq ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun qaytarılması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 9 iyun 2004-cü il tarixli “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalardır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal, sürətli, kuryer və s. poçt rabitəsi xidmətləri aiddir. Həmin qanunun 16.2-ci maddəsinə əsasən poçt rabitəsi operatorları müqavilə əsasında avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı vasitəsilə öz işçilərinin müşayiəti, yaxud nəqliyyat müəssisələrinin cavabdehliyinə verilməklə poçtun daşınmasını təşkil edir. 21.1.-ci maddəsinə əsasən Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir. 21.2.-ci maddəsinə əsasən oçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər. 21.3-cü madsəsinə əsasən İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir. 21.4-cü maddəsinə əsasən İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (AR MM-in 465.2-ci maddəsi). Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir: Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi, alternativ ödənilən dəbbə pulu, yəni borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü, müstəsna dəbbə pulu, yəni borclu zərərin əvəzini ödəmir, o, təkcə dəbbə pulunu verir. Həmin Məcəllənin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki iş üzrə dəbbə pulunun məhz bu növü tətbiq edilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin - faiz borcunun - həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinin mənasına görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə desək, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbinin cərimə (dəbbə pulu) ilə bağlı hissəsi qismən təmin edilməli, tərəflər arasında bağlanmış müqavilələrdə dəbbə pulu miqdarı müəyyən edildiyindən və razılaşdırıldığından, lakin həmin müqavilə üzrə hesablanmış dəbbə pulu mümkün zərərdən tənasübsüz şəkildə çox olduğundan dəbbə pulu azaldılmaqla, 70 (yetmiş) manat məbləğində tutulmalıdır. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülk Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 713.63 (yeddi yüz on üç manat altmış üç qəpik) manat xidmət haqqı və 70 (yetmiş) manat cərimə olmaqla, cəmi 783.63 (yeddi yüz səksən üç manat altmış üç qəpik) manat borc, hüquqi yardıma görə ödənilmiş 110 (bir yüz on manat) manat və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 713.63 (yeddi yüz on üç manat altmış üç qəpik) manat xidmət haqqı və 70 (yetmiş) manat cərimə olmaqla, cəmi 783.63 (yeddi yüz səksən üç manat altmış üç qəpik) manat borc, hüquqi yardıma görə ödənilmiş 110 (bir yüz on manat) manat və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Ləğv prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-77/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-77/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver