Məhkəmə qərarları › İş №e-2-2(115)-771/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-771/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-771/2023 26.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 11750 manat borcun və ödənilmiş 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 aprel 2022-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı MMC arasında 010422/2 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, müvafiq mal və materialların sayına uyğun qəbulu və onun tam ödənişinin aparılması təmin edilməli idi. İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinə uyğun olaraq 10 komplekt subartezian quyuları üçün nəzərdə tutulmuş dəmir çərçivəli hasar (dəmir torlu və dayaqlı) 20650 manat (ƏDV daxil) verilmiş, eyni zamanda nəqliyyat xidməti kimi 236 manat (ƏDV daxil) göstərilmişdir. Cavabdeh tərəfindən bank vasitəsilə subhesaba xx.xx.2022-ci il tarixdə 5900 manat və 236 manat ödənilmişdir. 3000 manat isə nəğd şəkildə ödənilmişdir. Lakin qalan 11750 manat ödənilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh artıq 1 ilə yaxındır ki, müqavilə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək həmin məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2022-ci il tarixli 010422/2 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə müvafiq mal və materialları satmağı, Alıcı isə həmin mal və materialların sayına uyğun qəbul edib, tam ödənişinin aparılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndlərindən görünür ki, müqavilənin ümumi məbləği 1 komplektin qiyməti 1750 manat (ƏDV xaric) olmaqla faktiki götürülən komplektlərin sayına uyğun müəyyən edilir və malların qiyməti Satıcı və Alıcı arasında əvvəlcədən razılaşdırılır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüş elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixli 225757 nömrəli elektron qaiməyə əsasən 20650 manat dəyərində və xx.xx.2022-ci il tarixli 854529 nömrəli elektron qaiməyə əsasən 236 manat dəyərində malların göndərilməsinə dair elektron qaimə ötürülmüşdür. İş materiallarında olan İddiaçı MMC-yə məxsus xx.xx.2023-cü il tarixli bank hesablarından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat və 200 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC tərəfindən 900 manat və 36 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 aprel 2022-ci il tarixində alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən Satıcı müvafiq mal və materialları satmağı, Alıcı isə həmin mal və materialların sayına uyğun qəbul edib, tam ödənişinin aparılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 11750 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 11750 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 125 manat 25 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2022-ci il tarixli 010422/2 nömrəli alqısatqı müqaviləsi üzrə yaranmış 11750 (on bir min yeddi yüz əlli) manat məbləğində pul, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 125 (bir yüz iyirmi beş) manat 25 (iyirmi beş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar