Məhkəmə qərarları › İş №e-2-2(115)-795/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-795/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-795/2024 03.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 41750 manat manat məbləğində pulun, 216 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi bağlanmışdır. 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinin əlavəsində göstərilən avadanlıqların quraşdırılması Cavabdeh MMC tərəfindən öhdəlik götürülmüş və bunun ödənişi olaraq 87740 manat ödənilməli idi. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinin əlavəsində göstərilən sənaye tipli soyuducu avadanlıqların yerinə başqa adlı məişət təyinatlı soyuducu avadanlıqlar quraşdırılmışdır. Bu avadanlıqların quraşdırılması ilə əlaqədar "xxxx" MMC tərəfindən 41750 manat Cavabdeh MMC-yə ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh MMC müqavilə öhdəliklərini kobud şəkildə pozmuş və bununla da şirkətin maraqlarına zərər vurulmuşdur. Belə ki, sənaye tipli soyuducu avadanlıqların təyinatı, gücü ilə məişət tipli soyuducu avadanlıqların təyinatı, gücü arasında böyük fərq mövcuddur. Bu deməkdir ki, cavabdeh tərəfindən quraşdırılmış avadanlıq müqavilə üzrə uyğun deyil və bununla şirkətin fəaliyyətində ləngimələr yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh tərəfindən quraşdırılmış avadanlıqlar tərəflər arasında bağlanılmış Müqaviləyə və onun Əlavələrinə uyğun deyil. Həmin avadanlıqların quraşdırılması nəticəsində şirkətin fəaliyyətində ləngimələr yaranmışdır. Quraşdırılan soyuducu istənilən soyuqluğu vermir, bu səbəbdən də başqa şirkətlə razılaşaraq yeni avadanlıqlar quraşdırılmışdır. Avadanlıqları götürmək istəyirlərsə barışıq sazişinin şərtlərinə əlavə edərək götürsünlər. Təmsil etdiyi şirkətdən ona deyiblər ki, avadanlıq bir gün işləyərək soyudduqdan sonra lazımi dərəcəni saxlaya bilmir. amma anbar daimi soyuqluq saxlanılmalı olan yerdi. Hesab edirlər ki, müqavilə tələbləri cavabdeh tərəfindən doğru yerinə yetirilmədiyindən iddia təmin edilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, 15 mart 2023-cü il tarixli "xxxx" MMC ilə aramızda müqavilə bağlandıqdan sonra "xxxx" MMC tərəfindən müəssisəyə işlərə başlanılması üçün 30000 manat avans olaraq ödəniş edilmiş və Cavabdeh MMC üzərinə götürdüyü öhdəliklərin icrasına başlamışdır. Müqavilə predmetindən məlum olduğu kimi 2 ədəd pivə saxlama sahəsinə soyuducu qrupların yenidən yığılması işləri tərəflərin üzərinə götürdüyü öhdəliyin vaxtında yerinə yetirilməsi asılıdır. Burada diqqət yetirilməli məqam bağlanmış müqavilənin 3.2-ci bəndində qeyd edilən və razılaşdırılan məbləğin hissə-hissə ödənilməli olmasıdır. Ona görə ki, tərəflər müqavilədə öz əslini tapmasa belə razılaşıblar ki, işlər yerinə yetirildikcə görülmüş işllər və göstərilmiş xidmətlər müqabilində ödəniş yerinə yetiriləcəkdir. Amma sifarişçi işlərə başlamamazdan əvvəl 30000 manat ödəniş etmiş, icraçı isə bu məbləğin kifayət etdiyi həcmində üzərinə götürdüyü işləri yerinə yerinə yetirərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini yerinə yetirmiş və pivə saxlanılması üçün kiçik deponu safarişçiyə təhvil verildi. Sifarişçinin sahə üzrə mütəxəssisi texnoloqu tərəfimizdən təhvil verilən anbarın texniki xüsüsiyyətlərini keyfiyyət göstəricilərinə uyğun olduğunu bildirmişdir. 25 may 2023-cü ildə təhvil veriləndən sonra kiçik soyutma depo istifadəsinə başlanılmışdır. İşlər tam başa çatmadığından aralarında təhvil-təslim aktı tərtib edilməmişdir. Sonra isə işləri davamı üçün sifarişçiyə müqavilədə nəzərdə tutulan məbləğin qalan hissəsinin ödənilməsini tələb edilmişdir. Sifarişçi isə maaliyə vəziyyətinin pis olmağı səbəbi ilə ödəyə bilməyəcəyini, yalnız yay mövsümündən sonra ödənişin qalan hissəsini ödəyə biləcəyini bildirmişdir. Bu müddət ərzində sifarişçinin texniki şöbəsi ilə əlaqə saxlanmış və ilk quraşdırılıb təhvil verilmiş kiçik deponun fəaliyəti keyfiyətli olduğu dəfələrlə bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta əşya verməlidir. Hesab edirlər ki, onlar tərəfindən yüksək standartlara uyğun iş görülmüşdür. Şirkətin quraşdırdığı soyuducular sənayə tipli soyuduculardır. Bundan başqa sifarişçinin ikinci böyük soyutma deposunun quraşdırılma işlərinin də şirkətə tapşırmaq niyyətində olduğu ilk işlərinin keyfiyyətlə yerinə yetirməklərinin bariz nümunəsidir. Belə ki, birinci soyutma deposunda bir qüsur olsaydı sifarişçi ikinci soyutma deposunun da hazırlanıb quraşdırılmasını onlara həvalə etmək niyyətində olmazdı. 2023-cü ilin iyul ayının əvvəlində sifarişçi ikinci soyuducu deponun quraşdırılması üçün onlarla danışıqlar aparılmış və ümumi dəyəri 65000 manat olan razılaşma imzalanmışdır. xx.xx.2023-cü il tarixdə sifarişçi razılaşma üzrə ödəməli olduğu 65000 manatın 10000 manatını nağd şəkildə ödəmiş və həmin dəyərə uyğun işlər görülmüşdür. Sonradan qalan məbləğin köçürülməsini və işlərin davam etdirilməsi ilə bağlı müraciət olunmuşdur. Lakin iddiaçı tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, qarşı tərəfin ilk iddiası o olub ki, cavabdeh şirkətdən sənayə tipli avadanlıq istənilməsinə baxmayaraq iddiaçı şirkətə məxsus anbarları məişət tipli soyuducu qurğularla təmin etmişik. Lakin, müqavilədə ancaq soyuducu qruplarının quraşdırılması və soyuducuların güc və sərfiyyatı qeyd edilmişdir. Anbara quraşdırmış olduqları soyuducuları istehsal edən şirkət ümumiyyətlə məişət texnikası istehsal etmir, ancaq sənayə və ticarət tipli soyuducu istehsal edir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyildirlər. Belə ki, ekspert rəyi 404 qazı ilə, köhnə hesabatlar nəzərə alınaraq hesablama aparmışdır, lakin onlar quraşdırdıqları soyuducu qruplarında 410 qazından istifadə etmişlər. 410 qazında təzyiq daha çox olduğundan soyutma gücünü artırır. Təxminən nəticəni 30 faiz yüksək verir. Onların quraşdırdığı avadanlıq 0-2 dərəcə arasında soyuqluğu təmin edir. Çöl bloklar sökülüb kənara qoyulmuşdur. Çöl bloklarda narazılıq varsa onları götürüb ödənişləri edə bilərlər. 404 qazında təzyiq azdır. 404-lə hesablananda hesabat düzgündür. Lakin onlar 410 qazından istifadə ediblər. Şirkətə məxsus hesab dondurulmuş, bu səbəbdən köçürmə əməliyyatları da edə bilmirlər. Çöl blokların qiyməti 12000 manatdır. Ümumilikdə onlara 40000 manat ödəniş edilmişdir. 30000 manat bank köçürməsi vasitəsilə, 10 000 manat isə nağd vəsait şəkilində verilib. Lakin 1750 manat üçüncü şəxsə verilib və onlara aidiyyatı yoxdur. Avadanlığın işləməməsinə gəldikdə, əgər avadanlıq işləməsəydi onlar anbarı təhvil verdikdən sonra yay ayında 10000 manat vəsait verərək üçüncü razılaşma protokolu imzalanmazdı. Qarşı tərəfin qeyd etdiyi nasazlıq soyuducunun buzlama baş verməsin deyə kompressorlar “defrost” rejiminə keçdikdən sonra yenidən işə düşməməsi ilə bağlı olub. Onlara məlumat verildikdən sonra üç gün ərzində mütəxəssisləri təmir edib yenidən təhvil veriblər. O ki qaldı pivə məhsulunun xarab olmasına bu tamamilə əsassızdır. Onların quraşdırdığı avadanlıq 0+2 dərəcə arasında soyuqluq təmin edirdi. Onlardan öncə isə pivəni köhnə “sovet” amiak soyuducuları ilə beş dərəcəyə qədər soyudub satırdılar. Nasazlıq olan zaman isə temperatur qalxmışdır 2,6 dərəcəyə. Onlar avadanlığa 12 aylıq tam ödənişsiz zəmanət təqdim edirlər. Bir ildən artıq avadanlıq quraşdırılıb, ödəniş öhdəliyi götürülüb, lakin ödəniş edilməyib. Onlara ancaq material pulu ödənilib. Zəhmət haqqı və digər işlər ödənilməyib. Odur ki, iddia rədd edilməlidir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: quraşdırma servis müqaviləsi, müqaviləyə 1 və 2 saylı Əlavələr, ödəniş tapşırığı, kassa məxaric orderi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsinə əsasən icraçı sifarişçinin Xırdalan şəhərində yerləşən Abşeron pivə zavodda 2 ədəd pivə saxlama sahəsinə soyuducusu qrupların yenidən yığılması işlərini yerinə yetirməyi, sifarişçi isə yerinə yetirilən işləri müqavilənin şərtlərinə müvafiq formada ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, ümumi işlərin görülməsi üçün sifarişçinin icraçıya ödəməli oduğu məbləğ 87740 manat təşkil etmişdir. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, cavabdeh tərəf müqaviləyə əsasən iddiaçı tərəfindən müvafiq məbləğ köçürüldükdən sonra 45 gün ərzində pivə saxlama deposunda (0+2) dərəcəli soyuducu aqreqatları quraşdırılıb təhvil verilməsini öhdəlik olaraq götürmüşdür. İddiaçı tərəfindən 40000 manat pul vəsaiti cavabdehin hesabına köçürülmüş və bundan sonra cavabdeh avadanlıqları quraşdırmağa başlamışdır. İlk olaraq kiçik soyutma anbarında avadanlıqlar quraşdırılmış və xx.xx.2023-cü il tarixdə anbar təhvil verilmişdir. Müqavilə üzrə işlər tam başa çatdırılmadığından tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır. Bundan sonra tərəflər arasında quraşdırılmış avadanlıqlarla bağlı müəyyən mübahisələr başlamışdır. Belə ki, avadanlıqlar quraşdırıldıqdan bir neçə gün sonra anbarda lazımi dərəcəni əldə etmək mümkün olmamışdır. Bununla bağlı cavabdeh şirkətin nümayəndələrinə məlumat verilmişdir və göstərilən nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Eyni zamanda İddiaçının nümayəndəsi isə məhkəmə iclasında cavabdeh şirkət tərəfindən quraşdırılmış avadanlıqların müqaviləyə uyğun olmamasını, quraşdırılmış avadanlıqların pivə məhsulunun saxlanılması üçün lazımi dərəcənin əldə edə bilmədiyini və mövcud qüsurların aradan qaldırılması ilə bağlı şirkətə dəfələrlə müraciət olunduğunu bildirmişdir. Lakin cavabdeh şirkətin nümayəndələri tərəfindən hər dəfə müxtəlif bəhanələr gətirilərək göstərilən qüsurlar aradan qaldırılmamışdır. Cavabdeh şirkət tərəfindən quraşdırılmış avadanlıqların tərəflər arasında bağlanmış müqaviləyə və onun əlavələrinə uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/5018 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qruplar öz texniki xüsusiyyətlərinə, quruluşuna və göstəricilərinə görə sənaye təyinatlıdır, lakin həmin qurğuların gücü saxlama anbarının soyutma kamerasının həcminə uyğun deyil. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qruplar tərəflər arasında olan müqavilə və ona əlavələrə uyğun deyil. Cavabdeh MMC tərəfindən 15 mart 2023-cü il tarixli quraşdırma servis müqaviləsi əsasında "xxxx" MMC-nin pivə saxlama anbarında quraşdırılmış soyuducu qrupların daimi əsasla anbarda müqaviləyə əlavələrdə göstərilən (0- +2) dərəcəni əldə etmək gücünün olmadığı müəyyən edildi. Belə ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun olan işlər görülməmişdir. Cavabdeh tərəfindən quraşdırılmış avadanlıqlar müqaviləyə və onun əlavələrinə uyğun olmamışdır. Göründüyü kimi cavabdeh tərəfindən işlər lazımi keyfiyyətdə görülməmişdir. İddiaçı tərəfindən bununla bağlı müraciət olunsa da, həmin pozuntular cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Qanunvericiliyin tələbinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən quraşdırılmış avadanlıqlar müqaviləyə və onun əlavələrinə uyğun olmadığından, işlər qüsurlu yerinə yetirildiyindən və qüsur cavabdeh tərəfindən aradan qaldırılmadığından iddiaçı müqavilə ilə bağlı çəkdiyi xərclərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddiaçı tərəfindən cavabdehə ödənilmiş 40000 manat məbləğində pul cavabdehdən iddiaçın xeyrinə tutulmalıdır. İddia tələbinin 1750 manat hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə 1750 manat pulun cavabdehin müvafiq hesabına köçürülməsi və hər hansı qaydada həmin pulun cavabdehə verilməsi öz təsdiqini tapmır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 210 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 6 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 40000 manat məbləğində pul və 210 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş 6 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 40000 manat məbləğində pul və 210 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 6 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar