Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-797/2022 08.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2021-ci il 16 may tarixli 01/00571 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2501,00 (iki min beş yüz bir) manat borcun və 60,00 (altmış) manat mediasiya xərcinin-cəmi 2561,00 (iki min beş yüz altmış bir) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə 30 iyun 2022-ci il tarixli, e-2-2(115)-797/2022 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 16 may tarixli 01/00571 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01/00571 nömrəli müqaviləyə əsasən 4000,00 (dörd min) manat öhdəlikdən 1499,00 (bir min dörd yüz doxsan doqquz) manat ödəniş edilmiş, 2501 (iki min beş yüz bir) manat borc qalmışdır. Cavabdeh Cəmiyyətə hazırda 2501 (iki min beş yüz bir) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş; xx.xx.2021-ci il tarixli, 01/00571 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılyığan kombayn Cavabdeh istifadəsinə verilmişdir. Texnika lizinqə götürənə verilərkən tərtib edilən xx.xx.2021-ci il tarixli 01/00571 nömrəli və xx.xx.2021-ci il tarixli 01/00571 nömrəli aktlardan görünür ki, texnika saz vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 01/00571 nömrəli müqavilə üzrə 2501 manat borcu vardır. 25 fevral 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borclu yaranmış borcla bağlı xəbərdar edilmişdir. Bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu aylıq ödəniş bu müqavilənin 1.4-cü bəndindəki həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən istifadəçi texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, icazəsiz konstruktiv dəyişiklik edilməməsini təmin edir. İş üzrə sənədlərdən göründüyü kimi Cavabdeh texnikanın təhvil verilən anda saz olması barədə akta imza etməklə onu saz vəziyyətdə qəbul etdiyini bildirmişdir. Bundan başqa imzalanmış müqaviləyə əsasən texnikanın saz vəziyyətdə saxlanmasını,vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, həmçinin imza etmiş olduğu iltizama əsasən istismar zamanı yaranmış nasazlığı müqavilə müddəti ərzində öz hesabına aradan qaldırmağı, müqavilə müddəti bitməmişdən əvvəl təhvil verməməyindən, texnikanın istismar zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətrilməsinə çəkilən xərcdən asılı olmayaraq, razılaşmada nəzərdə tutulan məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Belə olan vəziyyətdə texnikada yaranmış nasazlıq səbəbindən borcun ödəmək öhdəliyindən azad olmur. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin borc vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına borc vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh iddiaçıya 2501 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, borclunun üzərinə müqavilə ilə müəyyən edilmiş borcu ödəmək vəzifəsi qoyulduğundan və o, borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli, 2501 manat borc borcludan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 16 may 2021-ci il tarixli, 01/00571 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2501 (iki min beş yüz bir) manat əsas borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 2561 (iki min beş yüz altmış bir) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-797/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-797/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver