Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-799/2024 30.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə ödənilməmiş 33412,8 manat əsas borcun və 191 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01İS/23 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh ümumi dəyəri 39812,8 manat məbləğində olan mal satılmışdır. Həmin məbləğdən yalnız 6400 manat məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Qalan 33412,8 manat məbləğində vəsait bugünə kimi ödənilməmişdir. Cavabdehin VÖEN hesabına rəsmi qaydada pretenziya göndərilməsinə və pulun ödənilməsi üçün 3 gün müddət qoyulmasına baxmayaraq heç bir nəticə verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində tələb olunan məbləğ EBDB 896465, EBDE 933198 və EBDC 814058 nömrəli qaimələr üzrə satılan malların dəyərinin ödənilməsi ilə bağlıdır. EBDB 896465 nömrəli qaimə üzrə cavabdehə ƏDV daxil 14745.04 manat məbləğində mal satılmış və cavabdeh tərəfindən 3305,08 əsas və 594,9 manat məbləğində ƏDV ödənilmiş, EBDE 933198 nömrəli qaimə üzrə cavabdehə ƏDV daxil 12794,04 manat məbləğində mal satılmış və cavabdeh tərəfindən 1271,19 əsas və 228,8 manat məbləğində ƏDV ödənilmiş, EBDC 814058 nömrəli qaimə üzrə cavabdehə ƏDV daxil 12273,72 manat məbləğində mal satılmış və cavabeh tərəfindən 847,46 əsas və 152,5 manat məbləğində ƏDV ödənilmişdir. Ümumiyyətlə cavabdehə ƏDV daxil 39812,8 manat məbləğində mal satılmış və cavabdeh tərəfindən ƏDV daxil 6400 manat ödəniş edilmişdir. Qalıq borc ƏDV daxil 33412,8 manat təşkil edir. Cavabdeh tərəfindən ödənişlər iş materiallarına əlavə edilmiş XalqBankın şəxsi hesabdan çıxarışlarında kredit hissəsində ƏDV-siz olaraq görsənir. Təyinat hissəsində isə müqavilənin tarixi və qaimənin nömrəsi, qarşı tərəf hissəsində isə cavabdehin ad soyad ata adı qeyd edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianı təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdehə təxmini olaraq 59000 manatlıq mal verilmişdir. Cavabdeh bank vasitəsilə müəyyən məbləğdə ödəniş etmiş, lakin onun 33412,8 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, Qarabağ zonasında əmək müqaviləsi olmadan işləyir. Ona görə də məhkəmənin hazırlıq iclaslarında iştirak edə bilməmişdir. İş materiallarındakı müqaviləni özü bağlamışdır, lakin bu müqaviləni onu aldadaraq əmək müqaviləsi adı ilə bağladıblar. Belə ki, onun əsas işi spirtli içkiləri satıb onların pulunu şirkətə gətirib vermək olmuşdur. Mağazaları isə özləri tapmışlar, lakin mağazalarla hər hansı müqavilə bağlamamışlar. Ödənişi isə iddiaçıya spirtli içki sataraq etmişdir. Həmçinin malları təhvil alıb satdıqdan sonra pullarını gətirib iddiaçıya vermişdir. Müşətirlərdən yığdıqları pulu iddiaçıya əlbəəl vermişdir. Ondan tələb olunan pul onun satıb ödənişini ala bilmədiyi malların puludur. Nisyə verdiyi malların pulunu da o yığıb şirkətə verməli idi. Onu işdən çıxartdıqları üçün pulları yığıb verə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qaimələri o təsdiq etməmişdir, onun asan imzası ilə şirkət həmin qaimələri təsdiqləmişdir. O həmin qaimədəki malları qəbul etməmişdir. Hər hansı qaimədən xəbəri olmamışdır. Həmçinin o bank vasitəsi ilə hər hansı ödəniş etməmişdir. Qaimələrdən, bank ödənişindən xəbəri yoxdur. Bundan başqa Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfindən İsmayıllı rayon Polis idarəsinə onun barəsində şikayət verilmişdir, orda təqdim edilən elektron qaimələrdə ancaq spirtli içkiləri deyil, enerji içkiləri də qeyd edilmişdir. Lakin o enerji içkisi satmamışdır. Filial rəhbəri X2r, hal-hazırda da filial rəhbəri işləyir. X3 polis idarəsində araşdırma aparılarkən izahatında Cavabdeh 33000 manat borcu olmadığını, onun iddiaçıya təxminən 2700 manat borcunun olduğunu bildirmişdir, hansıki həmin məbləğ onun ərazisində olmuş depazit məbləğidir. Onun adına olan VÖEN-dən Nicat müəllim istifadə edərək pul köçürmüşdür. Həmiçinin o iddiaçı ilə əmək müqaviləsi üzrə işləmiş, lakin əmək müqaviləsinə onun razılığı olmadan xitam verilmişdir, həmin tarixdə də o asan imzanı filial rəhbərinə təhvil vermişdir. Bundan başqa ona bildirmişdir ki, get şirkətlə razılaş, 2700 manat borcunu ödə, lakin onun şirkətə heç bir borcu qalmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə həmçinin izahatında göstərdi ki, cavabdehin qeyd etdiyi hallar ancaq özünü müdafiə xarakteri daşıyır. Belə ki, o, Kəlbəcərdə olduğunu bildirərək dəfələrlə məhkəməyə gəlməmiş, baxış iclası təxirə salınsa belə yenə də məhkəməyə öz sübutlarını təqdim etməmişdir. Bundan başqa cavabdehin qeyd etdiyi filial müdirinin ifadəsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmalı idi, əgər cavabdehin sübutu var idisə onları bugünədək məhkəməyə təqdim edə bilərdi. Həmçinin cavabdeh bildirir ki, ödənişləri özü etməmişdir, ancaq VÖEN sahibinin adından ödənişləri başqa heç kəs edə bilməz. Bankdakı hesabdan pul köçürmək üçün asan imza olmalıdır, asan imzanı da ancaq şəxs istifadə edə bilər, qaimələri də şəxs asan imza ilə təsdiq etmişdir. Şəxs sadəcə borcdan yayınmağa çalışır. X1 bu işə heç bir aidiyyəti yoxdur, bu işdə "xxxx" MMC ilə Cavabdeh arasında olan alqı-satqı müqaviləsindən yaranan mübahisəyə baxılır. Cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsinin olub-olmaması barədə onun məlumat yoxdur, əmək müqaviləsi olsa belə sonradan şəxs öz xahişi ilə işdən azad olunub VÖEN açaraq ticarətlə məşğul ola bilər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli 01İS/23 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəkilində olan qaiməfakturalarda qeyd olunan malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materialllarında olan elektron qaimələrdən görünür ki, 16 mart 2023-cü il tarixdə 896465 nömrəli elektron qaiməyə əsasən 14745,04 manat, 04 aprel 2023-cü il tarixdə 814058 nömrəli elektron qaiməyə əsasən 12273,72 manat, 04 may 2023-cü il tarixdə 933198 nömrəli elektron qaiməyə əsasən 12794,04 manat, 26 may 2023-cü il tarixdə 527634 nömrəli elektron qaiməyə əsasən 20165,65 manat dəyərində malların elektron qaimələri İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir. İş materiallarında olan XalqBank tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli şəxsi hesabdan çıxarışlardan görünür ki, Cavabdeh 896465 nömrəli, 814058 nömrəli və 933198 nömrəli elektron qaiməyə əsasən ödənişlər həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh tərəfindən göndərilmiş sifarişlərə uyğun olaraq bu müqaviləyə əlavə şəkilində olan qaimə-fakturalarda qeyd olunan malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib dərhal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 33412.80 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 33412.80 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh izahatında iddiaçıya borcunun olmadığını, onun adından istifadə olunaraq qaimələrin qəbul edildiyini, bank vasitəsi ilə ödənişlər edildiyini bildirsə də, bununla bağlı olaraq məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 191,60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 191 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli 799 saylı alqı-satqı müqaviləsi üzrə 33412 (otuz üç min dörd yüz on iki) manat 80 (səksən) qəpik borc və 191 (bir yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-799/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-799/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver