Məhkəmə qərarları › İş №e-2-2(115)-799/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-799/2025

17.03.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-799/2025 17.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq,legitim məqsəd, mütənasiblik) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “X1” MMC), "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) dövlət büdcəsinə olan ümumilikdə 49910,79 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5,6 manat, İşsizlikdən sığorta fonduna olan 2,48 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbuledilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,6 manat, "xxxx" ASC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,08 manat, dövlət büdcəsinə 49910,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 43721,03 manat, faizlər üzrə 6189,76 manat) olmaqla, ümumilikdə 49918,87 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********321300, xx.xx.2019-cu il tarixli **********561200 xx.xx.2022-ci il tarixli **********164500, xx.xx.2023cü il tarixli **********601400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Ərizəçinin nümayəndəsi ərizə əlavə edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

5. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi təqdim edərək, ərizənin əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən halların maraqlı şəxs ilə hər hansı hüquqi əlaqəsinin olması əsassızdır. Belə ki, maraqlı şəxs "xxxx" ASC-yə 01 iyul 2022-ci il tarixdə icraçı direktor vəzifəsinə işə götürülmüş, daha sonra səhmdarların ümumi yığıncağının qərarı ilə qanuni təmsilçi təyin edilmişdir. 01 mart 2023-cü il tarixində isə onun bu şirkətdə əmək fəaliyyətinə xitam verilmiş və o başqa bir hüquqi şəxs tərkibində əmək fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi, maraqlı şəxsin adıçəkilən hüquqi şəxsin vergi borcları ilə hər hansı bağlılığı mövcud deyil və onun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hüquqi əsaslar yoxdur. İnzibati Orqan məsələyə düzgün hüquqi qiymət vermədən əsassız ərizə təqdim etmişdir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" ASC arasında sözügedən vergi borcu ilə bağlı iş hal-hazırda Bakı İnzibati Məhkəməsində icraatdadır. İnzibati Orqan ilkin iddia ərizəsində şirkətin 70622.35 manat vergi borcunun olduğunu göstərmiş, bu səbəbdən şirkətin balansında olan 74500 manat dəyərində əmlak siyahıya alınmış və bununla bağlı xx.xx.2024-cü il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Məhkəmə icraatı çərçivəsində uzunmüddətli danışıqlar aparılmış və geniş müzakirələr həyata keçirilmişdir. Sözügedən müzakirələrin nəticəsi olaraq İnzibati Orqan vergi borcunun azaldılması barədə qərar qəbul etmiş, İnzibati Orqanının 3-2İ-2-3/2-İ-xx-xx/2025 nömrəli, 07 yanvar 2025-ci il tarixli məktubuna əsasən, əlavə hesablanmış vergi məbləğinin 36537,45 manat hissəsi azaldılmış və şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər aparılmışdır. Lakin qalan borc üzrə mübahisə hələ də davam edir və İnzibati Orqanın 3-21 -2-3/2-194647/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli məktubuna əsasən, həmin tarixə "xxxx" ASC-nin qərar üzrə 29068.62 manat borcu mövcuddur. Eyni zamanda uzun sürən məhkəmə icraatı ərzində İnzibati Orqan adekvat mövqe sərgiləməmiş, heç bir məhkəmə iclasında iştirak etməmiş və müvafiq vergi araşdırmalarının uzadılması ilə bağlı ardıcıl şəkildə məktublar göndərmişdir. Göründüyü kimi, İnzibati Orqan məhkəmə icraatının obyektiv və operativ aparılmasını təmin etmək əvəzinə, prosesi əsassız olaraq uzatmış, son olaraq isə icraatın müddətinin yenidən uzadılması barədə qərar qəbul etmişdir ki, bu da vergi orqanının rəsmi məktubu ilə təsdiq olunur. Bütün hüquqi və faktiki hallardan aydın olur ki, İnzibati Orqanın ərizəsi hüquqi cəhətdən əsassızdır və mütənasiblik prinsipinə uyğun gəlmir. Belə ki, iş materiallarından açıq şəkildə göründüyü kimi, Maraqlı şəxs "xxxx" ASC-nin əməkdaşı və ya onun fəaliyyətinə cavabdeh olan şəxs deyil. Bu səbəbdən, şirkətin vergi borclarına görə sırf Maraqlı şəxs ölkədən çıxış hüququnun məhdudlaşdırılması barədə tələb hüquqi baxımdan əsassız olmaqla yanaşı, heç bir hüquqi və faktiki əsasla təsdiqlənmir. Bundan əlavə, İnzibati Orqanın icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılınası barədə ərizəsi mütənasiblik prinsipinə və Azərbaycan Respublikasının Konstitutsiyası ilə müəyyən olunmuş insan və vətəndaş hüquq və azadlıqlarına ziddir. İşə baxan məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Hazırkı işin faktiki halları nəzərə alındıqda, Maraqlı şəxs "xxxx" ASC-də əmək fəaliyyətinə xitam verilməsi, mübahisələndirilən vergi borcu üzrə azalma barədə qərarın mövcudluğu. İnzibati Orqan tərəfindən məhkəmə prosesinin əsassız şəkildə uzadılması və məhkəmə iclaslarında iştirak etməməsinə baxmayaraq onun ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbinin irəli sürülməsi, inzibati orqanın fəaliyyətində mütənasiblik prinsipinin pozulmasına dəlalət edir. Belə ki, tətbiq edilən məhdudiyyət, borcun yaranmasında heç bir hüquqi məsuliyyət daşımayan və şirkətin fəaliyyətinə cavabdeh olmayan şəxsin fundamental hüquqlarının məhdııdlaşdırılmasına yönəlmiş və mütənasiblik prinsipi baxımından əsaslandırılmamışdır.

III. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

8. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanunu

Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

9. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokol

Maddə 2. Hərəkət etmək azadlığı

2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.

3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017ci il tarixli Qərarı

Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

11. Azərbaycan Respublikası Vergi Məcəlləsi

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə. Maddə 77. Vergi öhdəliyi 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

2. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi

a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı

15. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

16. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

17. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “X1” MMC-nə xx.xx.2016-cı il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN: ********** verilmişdir.

18. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “X1” MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

19. "X1" MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcu 0 manat təşkil edir.

20. Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, "xxxx" ASC-nə xx.xx.2004-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN: ********** verilmişdir.

21. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" ASC-nin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

22. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcu 29661,39 manat təşkil edir.

23. Vergi orqanı tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərin və xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətlərindən görünür ki, “X1” MMC-dən, "xxxx" ASCdən borcun 5 gün müddətində ödənilməsitələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

24. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan aydın olur ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2023-cü il tarixli bildiriş və xx.xx.2023-cü il tarixli xəbərdarlıq vergi ödəyicisinin elektron kabinetinə yerləşdirilmişdir.

25. Maraqlı şəxs tərəfindən verilmiş etiraz ərizəsinə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Maraqlı şəxs "xxxx" ASC-dəki icraçı direktor vəzifəsinə xx.xx.2023-cü il tarixdə xitam verilib.

26. Etiraza əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli “müraciətə baxılması barədə” məktubundan görünür ki, kameral vergi yoxlaması ilə 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə əlavə hesablanmış 43844.94 manat vergi məbləğinin 36537.45 manat hissəsi azaldılaraq şəxsi hesab vərəqəsi üzrə müvafiq düzəlişlərin edilməsi vergi orqanı tərəfindən təmin edilmişdir.

27. Etiraza əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" ASC-yə ünvanladığı “araşdırma müddətinin uzadılması” barədə məktubundan görünür ki, xx.xx.2025-ci tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2025-ci tarixli, **********424100 nömrəli) Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılır. Müraciətlə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır. Müraciətinizə baxılmasının nəticəsi barədə Sizə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab veriləcəkdir.

28. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” X4” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri vəzifəsində işləyir.

29. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan “X1” MMC və "xxxx" ASC vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyiüçün onların dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir.Lakin qeyd olunan müddət ərzində “X1” MMC və "xxxx" ASC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs "xxxx" ASC-nin icraçı direktoru vəzifəsində əmək müqaviləsi əsasında işlədiyindən həmin vəzifənin icra edilməsi ilə bağlı maraqlı şəxs ilə "xxxx" ASC arasında münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənən əmək münasibətləri olmuşlar. Odur ki, maraqlı şəxs xx.xx.2023cü il tarixdə tutduğu direktor vəzifədən azad edilməklə sonuncular arasındakı əmək münasibətlərinə xitam verildiyindən hazırda maraqlı şəxsin "xxxx" ASC-nin icra orqanının rəhbəri olması istisna olunur. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Maraqlı şəxs “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” X4” Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri vəzifəsində işləyir.

31. Bundan əlavə məhkəmə qeyd edir ki, müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllə isə 83-cü maddəsinin 1-ci bəndində bu münasibətləri dəqiq tənzimləmiş, əmr, sərəncam və qərarı işçinin işdən azad edilməsinin rəsmiləşdirilməsinin mühüm qaydası kimi müəyyən etmişdir. Maraqlı şəxsin tutduğu vəzifədən azad olunması əmək qanunvericiliyində nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. Odur ki, vergi ödəyicisi olan şəxsin vergi və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini pozaraq reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxsin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir. Bu baxımdan maraqlı şəxsin "xxxx" ASC-nin işçisi, qanuni təmsilçisi, faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından "xxxx" ASC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə tutulmasının səmərəliliyini istisna etməklə, "xxxx" ASCnin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin isə hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən, Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxsin Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi digər şəxslərin üzərinə qoyula bilməz. Lakin maraqlı şəxs "xxxx" ASC-nin direktoru vəzifəsindən azad edilmişdir. Başqa sözlə, ərizəçinin qanuni təmsilçi kimi məsuliyyətə cəlb etmək istədiyi maraqlı şəxs rəhbəri olduğu irəli sürülən hüquqi şəxsin direktoru vəzifəsindən azad edildiyi üçün, hazırkı ərizənin təmin olunması üçün əsaslar mövcud deyildir.

33. Eyni zamanda, məhkəmə nəzərə alır ki, ərizəçi maraqlı şəxsin işdən azad olunduğu tarixdən sonra hüquqi şəxsə faktiki rəhbərlik etməsi barədə məlumat və bunu təsdiq edən sübutları təqdim etməmişdir.

34. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə həmin hissədə rədd edilməlidir.

35. Məhkəmə “X1” MMC-nin borcuna görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir.

36. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

37. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

38. Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

39. "X1" MMC-nin xx.xx.2025-ci il tarixə çap olunmuş şəxsi hesab vərəqəsinə əsasən həmin hüquqi şəxsin dövlət büdcəsinə olan borcu 0 manat, İşsizlikdən sığorta fonduna 2,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 5,6 manat təşkil etdiyindən, həmçinin qalıq borc məbləği cüzi həcmdə olduğundan məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

40. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə bu hissədə də rədd edilməlidir.

V. Nəticə

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi rədd edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə KommersiyaMəhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar