Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-81/2025 19.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin istifadədə olduğu müddətdə 127833,63 manat əsas, 8103,19 manat faiz borcu, 2728,7 manat dəbbə pulu olmaqla, ümumilikdə 138665,52 manat məbləğində pulun, 0,40 manat bank xidmət haqqının və ödənilmiş 429 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 256/20 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2014-ci il buraxılışlı, “Maserati Quattroporte GTS minik” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, ZAMRR56B001125059 ban nömrəli, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli LM-256-3/23 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən 25 fevral 2020-ci il tarixli LM 256-20 nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklər Cavabdeh2 verilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Lizinq ödənişləri cədvəlinə əsasən, lizinq alan illik 14% hesablanmaqla, 60 aylıq müddətə, hər ay 2933,40 manat sabit pul məbləği olmaqla, ümumilikdə 126068,69 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında 22 noyabr 2023-cü il tarixli LM-256-3/23 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış 22 noyabr 2023-cü il tarixli təhviltəslim aktına əsasən lizinq predmeti Cavabdeh2 tərəfindən təhvil alınmışdır. 11 iyun 2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 127833,63 manat əsas borc, 8103.19 manat faiz borcu, 2728,7 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehlərin 11 iyun 2024-cü il tarixinə ümumi borcu 138665.52 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, müqavilə bağlamış, Cavabdeh1 ona zamin olmuşdur. 22 noyabr 2023-cü ildə avtomobil götürmüşdür. Anarla o şərik olmuş, avtomobili Anardan almış, daha sonra avtomobilin motorunu 2 dəfə təmir etdirmişdir. Yanvar ayında Anara avtomobili götürüb satmasını, onun pulunu verməsini bildirmişdir. Mart ayının 19-da Anar avtomobili Kamal adlı şəxsə satmışdır, lakin avtomobili onun adından çıxartmamışdır. Kamal bankda ərizə yazmışdır ki, avtomobil ondadır. Hazırda Anar həbsdədir, avtomobil isə hazırda Kamal adlı şəxsdədir. Məhkəmə iclası bir dəfə təxirə salınarsa borcun Kamal tərəfindən ödənilməsini həll edəcək. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X2 arasında bağlanmış 25 fevral 2020-ci il tarixli 256/20 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, lizinqverən lizinqalan tərəfindən seçilmiş və bu müqaviləyə əlavə 2-də qeyd edilmiş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi, lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Əmlak lizinq alana lizinq verən tərəfindən 36 ay müddətinə verilmişdir. Qiymətin 23120 manat hissəsinin sənədləri alıcıya verdikdən sonra avans şəklində satıcıya ödənilməsi, qalan məbləği 92480 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzaladıqdan sonra alıcı tərəfindən ödənilir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli LM-256-3/23 nömrəli öhdəliyin verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh2 illik 14% 126068,69 manat məbləğdə 60 ay müddətinə daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün lizinq ödənişlərini tam ödədikdən sonra lizinq obyekti olan 1 ədəd ** PH *** nişanlı Maserati Quattroporte GTS minik markalı avtomobilinə mülkiyyət hüququ Cavabdeh2 keçəcəkdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli LM-256-3/23 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 lizinq verən qarşısında illik 14% 126068,69 manat məbləğdə 60 ay müddətinə daxili maliyyə lizinq müqavilsəi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli M-256-3/23 saylı təhvil-təslim aktından görünür ki, 1 ədəd ** PH *** nişanlı Maserati Quattroporte GTS minik markalı avtomobil Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh2 banka əsas borc məbləği 127833,63 manat, ümumi faiz borcu 8103,19 manat, dəbbə borcu 2728,7 manat, cəmi borc 138665,52 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə X2 arasında 25 fevarl 2020-ci il tarixli 256/20 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında 22 noyabr 2023-cü il tarixdə öhdəliyin verilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən 60 ay müddətinə illik 14%- olmaqla 126068,69 manat məbləğdə lizinq haqqının ödənilməsi ilə bağlı tərəflər razılaşmışlar. Cavabdeh1 lizinq alanın Cavabdeh2 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 1 ədəd ** PH *** nişanlı Maserati Quattroporte GTS minik markalı avtomobil Cavabdeh2 təhvil verilmişdir. Göründüyü kimi lizinq verən müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lizinq obyektini lizinq alana vermiş, lizinq alan isə ödənişləri vaxtlı-vaxtında icra etməmiş onun iddiaçıya borcu yaranmışdır. İddiaçı iddia tələbində cavabdehlərdən tutulmasını istədiyi əsas borc məbləğini 127833,63 manat qeyd etmişdir. Halbuki tərəflər arasında imzalanmış müqavilədən, cavabdehin adına tərtib edilmiş qrafikdən görünür ki, Cavabdeh2 müqavilə üzrə lizinq haqqı olaraq üzərinə 126068,69 manat məbləğin ödənilməsini götürmüşdür. İddiaçı həmin məbləğdən artıq olan bir məbləği, yəni 127833,63 manatı hansı səbəbdən tələb etməsini isə əsaslandırmamış və borc məbləğinin artmasına səbəb olan sübutu məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 126068,69 əsas borc məbləği, 8103,19 manat faiz borcu, 2728,7 manat dəbbə pulu olmaqla cəmi 136900,58 manat borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, o 22 noyabr 2023-cü il tarixli LM-256-3/23 nömrəli lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımağı öz üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Zaminliklə təmin edilmiş öhdəliyi icra edilmədiyindən Cavabdeh1 Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, tərəflər arasında bağlanmış öhdəliyin verilməsi haqqında müqavilə üzrə yaranmış 126068,69 əsas borc məbləği, 8103,19 manat faiz borcu, 2728,7 manat dəbbə pulu olmaqla cəmi 136900,58 manat borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 429 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə mütənasib olaraq 426,90 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2023cü il tarixli LM-256-3/23 saylı öhdəliklərin verilməsi haqqında müqavilə üzrə yaranmış 126068 manat 69 qəpik əsas borc, 8103 manat 19 qəpik faiz borcu, 2728 manat 70 qəpik cərimə olmaqla cəmi 136900 (bir yüz otuz altı min doqquz yüz) manat 58 (əlli səkkiz) qəpik borc, 426 (dörd yüz iyirmi altı) manat 90 (doxsan) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-81/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-81/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver