Məhkəmə qərarları › İş №e-2-2(115)-82/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-82/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-82/2024 22.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3200 (üç min iki yüz) manat gecikdirilmiş borcu və hesablanmış 5821,92 (beş min səkkiz yüz iyirmi bir manat 92 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 9721,92 ( on doqquz min yeddi yüz iyirmi bir manat 92 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 fevral 2016-cı il tarixli, 203-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5 200 (beş min iki yüz) manat gecikdirilmiş borcu və hesablanmış 5 821,92 (beş min səkkiz yüz iyirmi bir manat 92 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərcinin, cəmi 11721,92 ( on bir min yeddi yüz iyirmi bir manat 92 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli müqavilə üzrə yaranmış 5 200 (beş min iki yüz) manat gecikdirilmiş borcu və hesablanmış 5 821,92 (beş min səkkiz yüz iyirmi bir manat 92 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3200 (üç min iki yüz) manat gecikdirilmiş borcu və hesablanmış 5821,92 (beş min səkkiz yüz iyirmi bir manat 92 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz ) manat və 200 ( iki yüz) manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 9721,92 ( on doqquz min yeddi yüz iyirmi bir manat 92 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, əvvəl səhhəti ilə bağlı problemləri olub, sonra isə müharibə və pandemiya dövrü olduğundan ödənişləri gecikdirmişdir. O, Mediasiya idarəsindən çağırış gələn gün 1000 manat və daha sonra 500 manat ödəniş etmişdir. Onun borcunu ödəməkdən yayınmaq fikri yoxdur. Sadəcə müharibə və pandemiya dövründə olan çətinliklərdən və eyni zamanda işçinin səhlənkarlığından borcunun ödənilməsində gecikmələr yaranmışdır. Sonuncu dəfə də 500 manat ödəmişdir. İmkanı olduqca mütəmadi ödənişləri edəcəyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: lizinq müqaviləsi, ödəniş qrafiki, akt, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış, 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 9700 manat olan 1 ədəd “Belarus- 892” markalı tarktoru lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan texnikanın təhvil qəbulu barədə aktlardan görünür ki, 1 ədəd “Belarus-892” markalı tarktor Cavabdeh təhvil verilmişdir. İş materillarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 03 fevral 2016-cı il tarixli 203- GL/16 nömrəli müqavilə üzrə cərimə daxil olmaqla 11021 manat 92 qəpik məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən ümumi dəyəri 9700 manat olan kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 faizinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və ödəniş qrafikinə əsasən ödənilməli məbləği vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 03 fevral 2016-cı il tarixli 203-GL/16 nömrəli müqavilə üzrə yaranmış 3200 manat gecikdirilmiş əsas borcun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilən Cavabdeh məxsus şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, cavabdeh tərəfindən 10 yanvar 2024-cü il tarixində 500 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin ödənilməmiş 2700 manat əsas borcu qalmışdır. Bu səbəbdən həmin əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 5821,92 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.1.5-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərini pozduqda, o cümlədən qrafik üzrə ödənişi bir dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci bəndi isə müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, gecikdirilmiş günlər üçün cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin bir dəfə aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən müqavilə üzrə 100 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 000İPX********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, Xırdalan Şəhər Vəkil Bürosuna hüquqi yardıma görə 500 manat məbləğində vəkil haqqı ödənilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə araşdırması müddətində iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, yalnız işə onların iştirakı olmadan baxılma ərizələri təqdim etmişdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 150 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və ödəniş tapşırığından göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 48 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2700 manat əsas borc, 100 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 150 manat və 200 manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 3150 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməli, Cavabdeh 48 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 manat əsas borc, 100 manat cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 150 manat və 200 manat çəkilmiş mediasiya xərci olmaqla, cəmi 3150 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh 48 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar