Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-824/2024 04.09.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə və əlavə olunmuş ödəniş qrafikinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 aprel 2023-cü il tarixə olan 3761,24 manat əsas, 3020,72 manat faiz və 112,86 manat dəbbə pulu, cəmi 6894,82 manatın, avtomobildən istifadə zamanı vurduğu ziyana görə 123465,26 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manatın və ödənilmiş 321 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 06 mart 2020-ci il tarixli 263/20 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən X1 ilə İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH MİNİK” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 8432,46 manat, ümumilikdə isə 303568,16 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 303568,16 manat pulun 220800 manatı əsas borc təşkil edir. 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən Cavabdeh1 15282 manat ilkin ödəniş etdikdən sonra 263/20 saylı daxili lizinq müqaviləsi üzrə icrasını öz üzərinə götürdüyü öhdəliklərə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadəsinə götürmüşdür. Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 5488,34 manat, ümumilikdə isə 263440,24 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 263440,24 manat pulun 208413,95 manatı əsas məbləğ təşkil edir. Cavabdeh1 tərəfindən lizinq şirkətinə son ödəniş 21 fevral 2023-cü il tarixdə olmuşdur. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH MİNİK” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-yə təhvil verilmişdir. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh2 arasında 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin Cavabdeh1 həmin avtomobildən istifadəsi zamanı əldə edilmiş qüsur aktına əsasən 123465,26 manat ziyan dəymişdir. Buna dair "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli qüsur aktı alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, 07 iyun 2022-ci il tarixli sazişi özü bağlamış, həmin tarixli təhvil-təslim aktını özü imzalamışdır. Həmin vaxt ödənişlərlə bağlı ona da qrafik verilmişdir, lakin hazırda həmin qrafik onda yoxdur. Stabil olaraq 10-11 ay ödəniş etmişdir. İddiaçıya borcu qalmışdır, iddia ərizəsində qeyd edilən əsas və faiz məbləğləri ilə bağlı etirazı yoxdur. Avtomobillə əlaqədar tərtib edilmiş rəylə razı deyildir. Avtomobili o Türkiyədə olanda Cavabdeh2 "xxxx" ASC-yə təhvil vermişdir. Avtomobili təhvil verərkən onun heç bir qüsuru olmamışdır. Onların lizinq şirkəti müflis olmamışdan qabaq iddiaçı ilə 4 il ərizində qarşılıqlı fəaliyyət göstərmişlər, lakin təzə rəhbərlik gələndən sonra aralarında mübahisələr yaşanmışdır. Avtomobili o götürməmişdən qabaq, həmin avtomobillə qəza törədilmişdir. O avtomobili təhvil alanda avtomobil qəzalı vəziyyətdə olmuşdur. Onlar müqavilə bağlayanda avtomobil iddiaçının ustasında olmuşdur. Avtomobil yararsız vəziyyətdə olduğu üçün o avtomobilə ilkin ödəniş kimi az pul ödəmişdir. Avtomobili onun zamini təhvil verəndə avtomobil tam saz vəziyyətdə olmuşdur. Lakin bununla bağlı əlində təhvil-təslim aktı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 06 mart 2020-ci il tarixli 263/20 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən əmlak lizinqalana lizinqverən tərəfindən 36 ay müddətinə lizinqə verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 55200 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 220800 manat hissəsi, tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli LM-263-4/22 nömrəli öhdəliyin icrası ilə bağlı sazişdən görünür ki, Cavabdeh1 icrasını qəbul etdiyi, 06 mart 2020-ci il tarixli 263/20 saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən İddiaçı ASC-yə 07 iyun 2022-ci il tarixinə olan borcu 223695,95 manat təşkil etməsi, qeyd edilən məbləğdən 15282 manat ödədikdən sonra, M-263-4/22 müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 12% hesablanmaqla hər ay 5488,34 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ İddiaçı ASCyə məxsus olması, Cavabdeh1 lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdeh olması tərəflərin imzaları ilə təsdiq olunmuşdur. İş materiallarında olan 263-4/22 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 lizinq alanın Cavabdeh1 07 iyun 2022-ci il tarixli 263-4/22 saylı illik 12% 208413,95 manat məbləği, hər ay 5488,34 manat olmaqla 48 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan LM-263/20 saylı 06 mart 2020-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə dair təhvil-təslim aktından görünür ki, 07 iyun 2022-ci ildə 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, buraxılış ili 2015 olan avtomobil lizinq alana, yəni Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan qüsur aktı barədə rəydən görünür ki, qəzaya uğramış 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S 500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, 10JB009 dövlət qeydiyyat nişanlı, avtomobilə 123465,26 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 banka əsas borc məbləği 3761,24 manat, ümumi faiz borcu 3020,72 manat, dəbbə borcu 112,86 manat, cəmi borc 6894,82 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə X4 arasında 06 mart 2020-ci il tarixli 263/20 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə öhdəliyin icrası ilə bağlı saziş bağlanmış, lizinq alan 06 mart 2020-ci il tarixli 263/20 nömrəli lizinq müqaviləsinin icrasını qəbul etmiş, həmin sazişə əsasən 07 iyun 2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcun 223695,95 manat təşkil etməsi, qeyd edilən məbləğdən 15282 manat ödədikdən sonra, M-263-4/22 müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 12% hesablanmaqla hər ay 5488,34 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququnun İddiaçı ASC-yə məxsus olması barədə tərəflər razılaşmışlar. Cavabdeh2 lizinq alanın Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 07 iyun 2022-ci il tarixdə MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, qara metallik rəngli, buraxılış ili 2015-ci il olan avtomobil lizinq alana, yəni Cavabdeh1 təhvil verilmişdir. Göründüyü kimi lizinq verən saziş üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lizinq obyektini lizinq alana vermiş, lizinq alan isə ödənişləri vaxtlı-vaxtında icra etməmiş, həmçinin lizinq obyektinin texniki və kosmetik işlərinə görə avtomobilin tam sazlığına cavabdehliyi üzərinə götürsə də avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən maliyyə arayışı tərtib edilmiş, xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borc məbləği 3761,24 manat, faiz borcu 3020,72 manat, dəbbə borcu 112,86 manat, olmaqla borcun cəmi 6894,82 manat təşkil etməsi qeyd edilmişdir. Həmçinin "xxxx" MMC-nin qüsur aktı barədə rəydən görünür ki, 2015-ci il buraxılışlı, “MERCEDES BENZ S500 MAYBACH minik” markalı, WDD2229821A155963 ban nömrəli, 10JB009 dövlət qeydiyyat nişanlı avtomobilə 123465,26 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 3761,24 manat əsas, 3020,72 manat faiz borcu, 112,86 manat dəbbə borcu, olmaqla cəmi 6894,82 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh məhkəmə iclasında borcla bağlı hər hansı etirazının olmadığını bildirmişdir. Bundan başqa iddiaçı avtomobilə 123465,26 manat məbləğində ziyan dəydiyini bildirmiş, həmin məbləğin də cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 avtomobil iddiaçıya təhvil verilərkən heç bir qüsuru olmadığını, əslində isə avtomobili qüsurlu qəbul etdiyini göstərsə də məhkəməyə bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. 7 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır, tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. Ona görə də iddiaçı avtomobilə dəyən 123465,26 manat məbləğində ziyanı da tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, o 7 iyun 2022-ci il tarixli 263-4/22 saylı lizinq müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımağı öz üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 lizinq saizişi üzrə öhdəliyini yerinə yetirməmişdir. Zaminliklə təmin edilmiş öhdəliyi icra edilmədiyindən Hacıyev X2 Ramin Tofiq oğlu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli LM 263-4/22 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə 07 aprel 2023-cü il tarixə yaranmış 3761 manat 24 qəpik əsas borc, 3020 manat 72 qəpik faiz borcu, 112 manat 86 qəpik cərimə olmaqla cəmi 6894 manat 82 qəpik borc, dəymiş ziyana görə 123465 manat 26 qəpik pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün 321 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı 19 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci, 321 manat dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 99,36 manat dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli LM 263-4/22 saylı öhdəliyin icrası ilə bağlı saziş üzrə 07 aprel 2023-cü il tarixə yaranmış 3761 manat 24 qəpik əsas borc, 3020 manat 72 qəpik faiz borcu, 112 manat 86 qəpik cərimə olmaqla cəmi 6894 (altı min səkkiz yüz doxsan dörd) manat 82 (səksən iki) qəpik borc, dəymiş ziyana görə 123465 (bir yüz iyirmi üç min dörd yüz altmış beş) manat 26 (iyirmi altı) qəpik pul, 100 (bir yüz) manat mediasiya xərci və 321 (üç yüz iyirmi bir) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 99 (doxsan doqquz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-824/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-824/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver