Məhkəmə qərarları › İş №e-2-2(115)-835/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-835/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-835/2021 19.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2495 manat 19 qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış 18.01.2018-ci il tarixli 146 saylı alqı-satqı müqaviləsinə əsasən Zərdab rayonu, “Sədri yatağı” ərazisində 15 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 9609 manat 08 qəpik məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 3200 manat məbləğində becərmə, 1920 manat məbləğində toxum, 450 manat məbləğində şum, 168 manat məbləğində mala, 180 manat məbləğində səpin, 344 manat məbləğində diskli mala, 216 manat məbləğində rotasion mala, 208 manat 20 qəpik məbləğində su daşınması, 429 manat məbləğində kultivasiya, 410 manat məbləğində dərman səpini, 483 manat 90 qəpik məbləğində gübrə, 1300 manat məbləğində pambığın maşınla yığımı, pambığın əl ilə yığımına 299 manat 98 qəpik, ümumilikdə, 9609 manat 08 qəpik dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Lakin, “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 7113 manat 89 qəpik məbləğində 11082,71 kq xam-pambıq təhvil vermiş, “İddiaçı”ya 2495 manat 19 qəpik məbləğində borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları və digər sənədlərlə təsdiq edilir. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı”ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi Azər Əlizadə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.01.2018-ci il tarixli 146 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh istehsalçı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan Zərdab rayonunun inzibati ərazisinə daxil olan X2 “Sədri yatağı” adlanan 2 nömrəli ərazisində 15 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, “X1” MMC tərəfindən Cavabdeh 9609 manat 08 qəpik məbləğində avans verilmiş, həmçinin iş və xidmətlər göstərilmişdir. Cavabdehin verdiyi xam pambığın 7113 manat 89 qəpik məbləğində dəyəri nəzərə alınmaqla qalıq borcu 2495 manat 19 qəpik təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yanaşı digər məhdud məsuliyyətli cəmiyyətlərinin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans olaraq 9609 manat 08 qəpik məbləğində iş və xidmətlər almış, lakin öhdəliklərini icra etməyərək, aldığı borcu tam qaytarmamışdır. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2495 manat 19 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2495 manat 19 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar