Məhkəmə qərarları › İş №e-2-2(115)-837/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-837/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-837/2025 18.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı QSC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh SM/2022/321 saylı, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 7102,98 manat borcun, 356 manat illik beş faizin, 500 manat vəkil pulunun və 92 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında SM/2022/321 saylı, 14 yanvar 2022-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi Alıcıya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1.). Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.). Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 (iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3.). Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, ümumilikdə iddiaçı tərəfindən cavabdehə dəyəri 24408 manat olan sement təhvil verilmiş, lakin cavabdeh həmin malın yalnız 17305 manat olan hissəsini ödəniş etmişdir. Sonuncu dəfə cavabdehə xx.xx.2024cü il tarixdə təhvil verilmiş sement məhsulundan 20 gündən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh SM/2022/321 saylı, xx.xx.2022-ci il tarixli Alqı-Satqı müqaviləsi üzrə 7102,98 (yeddi min bir yüz iki, 98) manat borcu təşkil edir. İddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.

III. Tərəflərin mövqeyi

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

IV. Sübutların tədqiqi

5. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli, SM/2022/321 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür (1.1).

6. Sement satışı qaimələrindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 696,81 manat ƏDV daxil olmaqla ümumilikdə 4568 manat, xx.xx.2024-cü il tarixdə 752,95 manat ƏDV daxil olmaqla ümumilikdə 4936 manat, xx.xx.2022-ci il tarixdə 768,81 manat ƏDV daxil olmaqla ümumilikdə 5040 manat, xx.xx.2022-ci il tarixdə 768,81 manat ƏDV daxil olmaqla ümumilikdə 5040 manat, xx.xx.2022-ci il tarixdə 735,86 manat ƏDV daxil olmaqla ümumilikdə 4824 manat məbləğində sement məhsulları satılmışdır.

7. 05 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 yanvar 2022-ci il tarixli, SM/2022/321 saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 7102,98 manat məbləğində borcu var.

8. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borcun (7102,98 manat) 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. V. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

10. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı

Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

VI. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli, SM/2022/321 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 7102,98 manat borcu qalmışdır.

14. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli SM/2022/321 saylı alqı-satqı müqaviləsi üzrə 7102,98 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

15. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

17. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

18. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

20. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) müqavilə üzrə faiz borcun ödənilməsi tələbi ilə bağlı

21. İddiaçı həmçinin gecikdirilmiş dövr üçün 356 manat məbləğində pulun da tutulmasını da xahiş etmiş və qeyd etmişdir ki, sonuncu dəfə cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş sement məhsulundan 20 gündən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehin SM/2022/321 saylı, xx.xx.2022-ci il Alqı-Satqı müqaviləsi üzrə xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək ödəməni gecikdirdiyi 1 (bir) il üçün 7102,98 manat borcun illik 5 faizi 356 manat təşkil edir.

22. İş materiallarından görünür ki, tərəflər arasında müqavilə xx.xx.2022-ci ildə bağlanmışdır. Borcun ödənilməsi ilə bağlı pretenziya məktubu xx.xx.2025-ci il tarixdə borcluya göndərilmiş və 5 gün müddətində borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq müqavilə üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi tarixdən 5 gün sonra müqavilə xitam edilmiş hesab edilməlidir.

23. İddiaçı hazırda xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək iliik 5%-lə hesablanmaqla 356 manat faiz borcunu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək faiz məbləği 365,81 manat ((7102,98 manat x 5)/100=355,14 manat (1 il üçün), 355,14 manat / 365=0,97 manat (1 gün üçün), 0,97 manat x 11 gün=10,67 manat, cəmi – 355,14 manat +10,67 manat=365,81 manat) təşkil edəcəkdir.

24. İddiaçı tələbində 356 manatın tutulmasını xahiş etdiyi üçün məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, 356 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

25. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

26. 1742289523 nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 92 manat, ********** nömrəli mədaxil qəbzi ilə isə 7 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,60 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 4,40 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilməlidir.

30. İddiaçı, həmçinin, 500 manat hüquqi xidmətin göstərilməsi üçün pul da tələb edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. İş materiallarına əlavə edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən Faiq Nağıyev və Partnyorları Vəkil Bürosuna vəkil xidmətlərinə görə 500 manat məbləğində vəkil haqqı ödənilmişdir.

33. Məhkəmə vəkilin göstərdiyi yardıma görə xərclərlə bağlı konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulması ağlabatandır. Belə ki, hazırki iş üzrə 3 məhkəmə iclası keçirilmiş və iddiaçının vəkili və nümayəndəsi həmin məhkəmə iclaslarından yalnız birində iştirak edərək, digər məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xidmət haqqı olaraq 300 manat məbləğində pulun tutulması daha ağlabatandır.

VII. Məhkəmənin gəldiyi nəticə

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli SM/2022/321 saylı “alğı-satqı müqaviləsi”nə əsasən 7102,98 manat əsas borc, alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 356 manat məbləğində borc olmaqla, cəmi 7458,98 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli SM/2022/321 saylı “alğı-satqı müqaviləsi”nə əsasən 7102,98 manat əsas borc, alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 356 manat məbləğində borc olmaqla, cəmi 7458,98 (yeddi min dörd yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94,60 (doxsan dörd manat altmış qəpik) manat və hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan 4,40 (dörd manat qırx qəpik) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar