Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-841/2023 21.07.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 941,64 manat, cəriməyə görə 484,56 manat olmaqla, cəmi 1426,20 manat məbləğində pulun, ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2019-cu il tarixli 1476/**********- R/19 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) istehsal etdiyi süd və süd məhsullarını Cavabdeh Şöhrət qızına satmağı, Alıcı isə öz növbəsində həmin malları qəbul etməyi və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı MMC üzərinə götürdüyü öhdəliklər tamamilə icra etsə də, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq ödəməmiş və nəticədə 941,64 manat icra olunmamış borcu qalmışdır. Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 22 may 2023-cü il tarixinə olan cərimənin məbləği 484,56 manat təşkil edir. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixdə 1476/********** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında özünün istehsal etdiyi məhsulları alıcıya satır, alıcı isə öz növbəsində həmin malları qəbul edir və müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü maddəsindən görünür ki, mallların ödənişi alıcı tərəfindən təhvil alındığı gündən 14 (on dörd) təqvim günü ərzində həyata keçirilməlidir. Həmin müqavilənin 5.2-ci maddəsindən görünür ki, alıcı müqaviə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmek hüququ var. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Malların Təhvil- Qəbul aktlarından görünür ki, müxtəlif adlı və çeşidli mallar Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Malların Təhvil-Qəbul aktında son borcun 1058,72 manat, xx.xx.2021-ci il tarixli Malların Təhvil-Qəbul aktında son borcun 1888.09 manat, xx.xx.2022-ci il tarixli Malların Təhvil-Qəbul aktında isə son borcun 1411.64 manat olduğu görünür. İş materiallarında olan 181827, 342695, 784762 nömrəli qaimələrdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 455,5 manat, xx.xx.2021-ci il tarixində 572,07 manat, xx.xx.2022-ci il tarixində 123,55 manat məbləğində mal verilməsinə dair elektron qaimə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 281 nömrəli və xx.xx.2023-cü il tarixli 169 nömrəli pretenziya məktublarından görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Satıcı satdığı malları Alıcıya təhvil verməyi, Alıcı isə müqavilə əsasında malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Alıcı öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş, malların dəyərini tam olaraq ödəməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 941,64 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor malları satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 484,56 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı MMC-nin nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və onun tərəfindən 50 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumunu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 1476/**********-R/19 saylı alqı-satqı müqaviləsinə əsasən 941 manat 64 qəpik əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 971 (doqquz yüz yetmiş bir) manat 64 (altmış dörd) qəpik məbləğində pul və ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-841/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-841/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver